Qır o zəncirləri, Paşinyan!

post-img

Deyəsən, ermənipərəst dairələr sülh müqaviləsinin özündən də dividend götürməyə çalışır

İrəvan özü də etiraf edirdi ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması yolunda əsas maneələrdən biri Xankəndidəki separatçı daşnak rejimi idi. Ona görə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələbinə uyğun şəkildə ərazimizi tərk etməyə tələsməyən Ermənistan ordusunun tör-töküntüsü və yerli silahlı quldur dəstələri davamlı olaraq təxribatlar törətməklə qarşılıqlı etimad mühitinin yaranmasını əngəlləyir, sülh danışıqlarını məntiqi sonluğa daşıyacaq sağlam məcraya yönəlməsinin qarşısını alırdılar. Nəhayət, səbri tükənən Azərbaycan bir sutka ərzində həyata keçirdiyi lokal antiterror tədbirləri ilə separatçı xunta rejiminə son qoydu. Bundan sonra sülhün perspektivi daha aydın və yaxında görünür. Çünki məhz rəsmi Bakı İrəvanın boynuna götürdüyü öhdəliyi özü icra etməklə, səddi aradan qaldırdı.

* * * 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb ki, Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır gecikdirir. Prezidentin köməkçisi qeyd edib ki, 2023-cü il sentyabrın 11-də Azərbaycan Ermənistanın cavabının yaxın vaxtlarda təqdim olunacağına ümid edərək ikitərəfli kanallarla sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahatlarla birlikdə qarşı tərəfə təqdim edib: “Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olduqları barədə ictimaiyyətin bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantının təqdim olunmasını iki aydan artıq gecikdirir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi bu, tarixi fürsətdir. Xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur”.

H.Hacıyev paylaşımında daha sonra qeyd edib ki, sülh müqaviləsinin mətni nüvə fizikası deyil: “Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha əvvəl bağlana bilər. Top Ermənistanın meydanındadır!”.  

Bəli, ötürmə var və indi növbə İrəvanındır. Amma masaya əyləşib sülh sazişini imzalamasından ötrü Ermənistanın baş naziri Nikol Paşinyandan siyasi iradə tələb olunur. Zarafat deyil, hazırda o, iki milyon doqquz yüz min erməninin deyil, dünyaya səpələnmiş on milyona yaxın soydaşının tam diqqət mərkəzindədir. Bu prizmadan yanaşdıqda, fikrimizcə, 45 yaşlı Paşinyanın vəziyyətinə siz də qibtə etməzsiniz. Amma ortada Azərbaycanın yaratdığı reallıq və ədalət var. Hayastan lideri, nə qədər çətin olsa da, bu reallığın qarşısında daxildən və xaricdən boynundan sallanmış zəncirlərdən mütləq azad olmalıdır. O, təkcə, lobbili, diasporlu zəngin hayların deyil, həm də onu alətə çevirməyə çalışan Qərbin təsirindən yaxasını qurtarmalıdır. Onu da anlamalı və qəbul etməlidir ki, qarşıdakı sülh müqaviləsi Qərbin siyasi oyunları və saxta “dəstəkçi” səyləri nəticəsində deyil, Bakının hərbi və diplomatik addımları, İrəvanın isə komplekslərdən uzaq siyasi iradəsi nəticəsində mümkün olacaq.

* * * 

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı olmayan qüvvələrin əsl niyyətləri barədə yazmışdıq. Qısaca onu xatırladaq ki, həmin güclərin məqsədi bölgəyə sabitliyi və inkişafı gətirəcək sülh deyil, qarşıdurmanın, münaqişənin yenidən alovlanması və nəticədə buraya geosiyasi və hərbi nüfuzunu yeritməkdir. Bu mənada, həmin qaraguruha qarşılıq verən Azərbaycan həm də sabitliyə hamıdan çox ehtyac duyan Ermənistanın mənafeyinə xidmət etmiş olur. Bundan ötrü Bakı həmin Qərbin sağlam institutları ilə əməkdaşlıqdan imtina eləmir. Elə ATƏT-in Parlament Assambleyasının Prezidenti Pia Kaumanın (Finlandiya) və qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksenin (Norveç) ölkəmizə səfərinə də bu kontekstdə yanaşmaq mümkündür. ATƏT nümayəndələri səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşlərdə Bakının bu qurumda fəal iştirakının regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət əlamət olduğunu qeyd ediblər.  Bildirilib ki, indi Azərbaycan və Ermənistan arasında tam nizamlanmaya nail olmaq üçün sürət qazanmağın vaxtıdır. Rəsmi Bakının hazırda davamlı sülhün bərqərar olması naminə əsl liderlik nümayiş etdirmək imkanına malik olduğu deyilən açıqlamada ATƏT rəsmiləri Azərbaycan tərəfinin etnik ermənilərin geri qaytarılmasına kömək göstərilməsi ilə bağlı təşəbbüsünü alqışladıqlarını vurğulayıblar. Nümayəndə heyətinin üzvləri, həmçinin, ərazilərin mina təhlükəsizliyini təmin etmək, yenidənqurma və reinteqrasiya sahəsində irəliləmək üçün əhəmiyyətli səyləri yüksək qiymətləndiriblər.

Sonda sülhə tərəddüd edən rəsmi İrəvanın diqqətinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısındakı çıxışından bir sitatı çatdırmağı münasib sayırıq: “Ermənistan illərlə Türkiyənin torpaqları ilə bağlı xəyallar qurub, İkinci Qarabağ müharibəsində dərsini alıb, yerində oturub”.

Hesab edirik ki, Türkiyə Prezidentinin bu fikirlərindən nəinki İrəvan, eyni zamanda, onu  yerində dinc oturmağa qoymayanlar da nəticə çıxarmalıdırlar. 

Toğrul İSMAYIL, 
siyasi elmlər üzrə fəlsəfə doktoru, professor 

Azərbaycan–Ermənistan münasibətləri məsələsində yenə də köhnə düşüncə və mövqe özünü büruzə verir. Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra dünyanın ən önəmli təşkilatı BMT-nin iki dəfə bölgəyə göndərdiyi missiyasının gəlib heç bir zorakılıq faktı tapmamasına və bununla bağlı hazırlanmış  hesabatı heçə sayan Avropa Parlamentinin əleyhimizə qətnamə qəbul etməsi də eyni zehniyyətin təzahürüdür. Açıq şəkildə bildirmək lazımdır ki, beynəlxalq hüquqa  görə, Ermənistan torpaqlarımızı işğal etdiyi zaman bütün razılaşmaların üzərindən xətt çəkib. Əgər Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasına razı olmasa, sülh müqaviləsini imzalamasa, Azərbaycanın istənilən qədər irəliləmək və əraziləri nəzarətə götürmək haqqı var. Çünki bütün razılaşmaları pozan biz yox, onlardır. Avropa İttifaqı da bunu çox yaxşı bilir. Qurumun təmsilçiləri sülh müqaviləsinin imzalanmayacağı təqdirdə bölgədə nələrin baş verə biləcəyini yaxşı dərk edirlər.  Ona görə Jozef Borrell, habelə 
Aİ-nin başqa rəsmiləri belə açıqlamalar verirlər. Həmin Aİ-dən otuz ilə yaxın davam edən işğal dövründə niyə Ermənistana qarşı bu formada kəskin mövqe sərgiləmədiyini soruşmaq lazımdır. Fransanın forpostuna çevrilmiş Aİ-nin baş diplomatı Borrelin son təhrikedici açıqlaması da sülh prosesinə, münasibətlərin normallaşmasına ciddi şəkildə zərbə vurur. Eyni zamanda, beynəlxalq hüququn təməl fəlsəfəsini birbaşa pozur. 

 

İ.HƏSƏNQALA
XQ

 



Siyasət