İrəvanın güvəndiyi dağlar deyil, onların maketidir

post-img

Qərbin Cənubi Qafqazda, MDB məkanında “dəstək” verdiklərinin aqibəti nə tez unuduldu?

Yaxın Şərqdə yüzlərlə azyaşlının öldürülməsi ilə müşayiət olunan qırğına haqq qazandıran Avropa gücləri, Ağ Ev Qarabağı könüllü və burunları qanamadan tərk etmiş ermənilərin hüquqlarının qorunmasını Bakıdan israrla tələb etməyə girişiblər. Bir milyon insanın bomba yağışının altında, açıq təcavüzlə torpağından qovulması və əslində, sayı qırx-əlli mindən çox olmayan erməninin rahat şəkildə Ermənistana köçməsi. 

Bu müqayisəni Qərbin iki fakt-hadisəyə açıq-aşkar ikili standartla və xristian təəssübkeşliyi ilə yanaşmasının əyani sübutu kimi aparırıq. Məsələnin digər tərəfinə gəldikdə isə Bakı Qarabağ ermənilərinin başına bomba tökmədi, əksinə, imkansızlara yardım göstərdi, suyunu, çörəyini verdi, nəqliyyatla təmin etdi. Üstəlik, geri qayıtmağı arzulayanların müraciət etmələri üçün Xankəndidə miqrasiya xidmətinin şöbəsini qurdu, rahatlıq üçün onlara onlayn qeydiyyatdan keçmək imkanı yaratdı. Məgər Azərbaycanın müvafiq qurumlarının təmsilçiləri köçənlərin geriyə – Qarabağa qayıtmaları üçün onların ayağına, yerləşdikləri İrəvan ətrafındakı ünvanlara getməlidirlər?

* * *

“Dağlıq Qarabağı (?) tərk etmiş insanlar öz evlərinə qayıtmaq hüququna malikdirlər. Biz əvvəlki kimi hesab edirik ki, əgər Dağlıq Qarabağdan (?) çıxmış ermənilər arzu edərlərsə, geri qayıda bilərlər və onların bu hüququna riayət olunmalıdır”. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bu sözləri media təmsilçiləri üçün keçirdiyi ənənəvi brifinqdə səsləndirib. Eyni siyasi ritorika, artıq Ermənistandan xaricə köçməyə başlamış Qarabağ ermənilərinin hüquqlarının qorunması ilə bağlı Bakıya ünvanlanan “məsləhət və tövsiyələr”. Son vaxtlar anti-Azərbaycan koalisiyasının fəal aktorlarından birinə çevrilmiş ABŞ Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməsi bir tərəfə, Konqresdə, Senatda ölkəmizin ünvanına ultimatumlar səsləndirir, sanksiyalarla hədələyir. “Demokratiyanın beşiyi” sayılan supergüc Ermənistanla sülh danışıqlarının Brüssel, Vaşinqton platformalarına meyil göstərməyən Bakını məhz bu üsullarla cəzalandırmağa çalışır. Əlbəttə, Avropada Fransa, Almaniya kimi müttəfiqləri ilə “vahid cəbhədən” çıxış etmək şərti ilə. Öz ölkələrində irqi, dini, etnik ayrı-seçkiliyin tüğyan etdiyini görməzdən gələn bu supergüclər ağıllarından Cənubi Qafqazın ən sivil, tolerant cəmiyyətinə sahib Azərbaycana insan hüquqlarından dərs deməyi keçirir. Hələ biz həmin ermənipərəst dairələrin zorakılıq və zülm hesabına Asiyanın, Afrikanın məzlum xalqlarını yüzillərlə əsarətdə saxladıqları ilə bağlı tarixi həqiqətləri xırdalamırıq.

“ATƏT rəsmiləri Azərbaycan tərəfinin etnik ermənilərin geri qaytarılmasına kömək göstərilməsi ilə bağlı təşəbbüsünü alqışlayırlar”. Bu münasibət ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın (Finlandiya) və qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksenin (Norveç) Azərbaycana səfəri ilə bağlı təşkilat tərəfindən yayılmış bəyanatda əksini tapıb. Görünür, Skandinaviya əsilli rəhbərlər ədalət hissini və soyuq məntiqi hələ itirməyiblər.

Yeri gəlmişkən, ATƏT Parlament Assambleyasının payız sessiyasının noyabrın 18-20-də İrəvanda keçirilməsi Qərbin Bakıya siyasi təzyiq kampaniyasının komponenti kimi başa düşülməlidir. Cari ilin fevralında Səmərqənd variantı alınmayanda Ermənistanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Sarkis Xandanyan sessiyanı İrəvanda keçirməyi təklif etmişdi. Rəsmi məlumata görə, toplantıya 50-yə yaxın ölkədən 300 nümayəndə gələcək. İqtidar bu tədbirin Ermənistanın ciddi uğuru kimi qələmə verməyə çalışsa da, çoxluq belə düşünmür. Yerli media yazır ki, ATƏT PA təmsilçi bir qurumdur, qərarlarının hüququ kəsəri yoxdur və əməli baxımdan heç nəyi həll etmir. Müxalifət isə hesab edir ki, sessiyanın İrəvanda keçirilməsi anti-Rusiya mövqeyini gücləndirən Paşinyan hakimiyyətinə avropalı tərəfdaşlarının “mükafat və iltifatıdır”. 

Avropanın ali qurumu bununla beynəlxalq ictimaiyyətin nəzərini Cənubi Qafqaza yönəltməyə çalışır. Məqsəd isə Ermənistanın məzlum obrazını canlandırmaq, onun Cənubi Qafqazda, guya, demokratiya qalası olduğunu nümayiş etdirməkdir. Yəni, əgər dünya Ermənistanı dəstəkləməsə, bu “qala” yad qüvvələr tərəfindən uçurulacaq. Bu sessiya oyunu həm də İrəvanın anti-Rusiya siyasətinin yeni təzahür formasıdır.

* * * 

Tamamilə aydındır ki, Ermənistan hakimiyyəti bütün bu addımları, guya, Kremlə göz dağı göstərməkdən ötrü edir. Fəqət Nikol Paşinyan bunun hansı fəsadlar doğuracağını təsəvvürünə gətirə bilmir. O, hələlik Makrona, Mişelə, okeanın o tayındakı Coliyə, əlbəttə ki, Baydenə sidq-ürəkdən inanır. İntəhası, son iyirmi ildə onlara güvənən bəzilərinin acınacaqlı aqibətləri hər kəsə yaxşı məlumdur. Bunun üçün uzağa getməyə ehtiyac yoxdur. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin düşdüyü vəziyyəti, Ukraynanın iki ilə yaxındır müharibə alovundan qurtula bilməməsini xatırlatmaq kifayətdir. Deməli, indi İrəvanın etdiyi kimi, onların da vaxtilə inanıb güvəndikləri, arxalandıqları həqiqi və sağlam dağlar deyil, sadəcə “maketlər” imiş.    

Hazırda İrəvan rəhbərliyindəkilər papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşsinlər. Həm də son iki yüz ildə onlara “qucaq açan”, yağlı vədlər verən, sonra isə arxasından çəkilən güclərin əsl niyyətlərini unutmadan düşünsünlər. Əgər haylar növbəti dəfə də həmin güclərin əlində alət olmağı özlərinə rəva görürlərsə, onda son aqibətlərinə görə özgələrini günahlandırmasınlar.  

Tofiq ABBASOV, 
siyasi şərhçi

Kollektiv Qərb Azərbaycanın müharibədəki qələbəsi ilə hələ də barışa bilmir. İstəkləri bölgəyə yenidən qarşıdurma gətirmək, müharibə şəraitini formalaşdırmaqdır. Düzdür, Ermənistanın Azərbaycana qarşı hansısa cəbhədə uğur əldə edə biləcəyinə inanmırlar. Amma məsələ burasındadır ki, onlar Azərbaycana təzyiqi artırıblar. Cənubi Qafqazda gərginlik ocağının itməməsi Qərbin marağındadır. Bundan dividend əldə edirlər. Birincisi, Rusiyanı bölgədən sıxışdırmaq, ikincisi, İranın sərhədlərinə yaxınlaşmaq, üçüncüsü, Türkiyəyə təzyiq məqsədi güdürlər. Yəni, Ermənistan platformasında möhkəmlənmək son dərəcə vacibdir.                                               

Qarşılarına qoyduqları başlıca məqsəd Qərbin hərbi kontingentini bölgəyə gətirməkdir. Həm Ermənistanda, həm də Azərbaycanda Rusiyanın hərbi kontingentinin olmasına baxmayaraq, Cənubi Qafqaza yerləşməyə çalışırlar. Digər tərəfdən, ortada Rusiya, Türkiyə, İran amilləri var. ­Tehranda “3+3” formatlı görüşdə tərəflər bölgənin problemlərinin kənar qüvvələrin iştirakı olmadan həlli variantını dəstəklədi və bununla bağlı vahid mövqe bildirdilər.

Azərbaycanın Türkiyə və Rusiya ilə müttəfiqliyi var, İranla da münasibətlərimiz normallaşmağa doğru gedir. Qərb regiondakı mövcudluğunu məhz bütün bunları nəzərə alaraq təmin etmək istəyir. Xatırladım ki, həmin “3+3” formatına ilk etiraz edən ABŞ oldu. Ağ Ev Gürcüstana təzyiq göstərdi. Ümumən, Qərb yenə öz mənfur rolunu oynayır, Ermənistanı qızışdırır, o biri tərəfdən də Azərbaycana təzyiqini artırır. Əgər Ağ Evin rəsmisi ermənilərin Qarabağa qayıtmalarının vacibliyini bəyan edirsə, niyə üç yüz minə yaxın azərbaycanlının Qərbi Zəngəzura qayıdışını gündəmə gətirmir? Bu, ikili standartdır. Ermənistan yenə alətdir və bu, Bakıya yaxşı məlumdur.    

Elxan ŞAHİNOĞLU, 
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik

Azərbaycan bu ilin 19 sentyabrında ərazisində separatizmə son qoyandan sonra Qarabağ ermənilərinə seçim imkanı verdi. Ya qalın yaşayın və bizim ölkənin vətəndaşlığını qəbul edin, ya da yolunuz açıq olsun. İkinci variantı seçdilər və çıxıb getdilər. Onlara qarşı Azərbaycan tərəfindən heç bir təzyiq edilmədi. Bizi zor tətbiqində ittiham edənlər Qəzzanın bombalanmasını dəstəkləyirlər. Halbuki, Azərbaycan heç bir mülki obyekti bombalamadı, əksinə, bölgəni tərk edənlərin hər cür ehtiyaclarını ödədi ki, narazılıqları qalmasın. Bir erməninin belə burnu qanamadı. Üstündən iki ay keçəndən sonra sanki Bakıya təzyiq etməyə çalışırlar: ermənilər geri qayıtmalıdır! Axı, biz onların qayıtmasının əleyhinə deyilik. Şərtimiz əvvəldən bəllidir. Qayıtmaq istəyənlər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. İndi onların hamısının cibində Ermənistan pasportu var, amma bizim ölkədə ikili vətəndaşlıq haqqında qanun yoxdur. Yəni, gəlib bizim qanunlarımıza uyğun şəkildə yaşamalıdırlar. Bunu qəbul etməyənin geri qayıtması mümkün deyil. Bunu həmin Amerikanın özü də qəbul etməz. ABŞ-a köçən birisi desə ki, mən Amerika qanunları ilə yaşamaq istəmirəm, buna imkan verərlərmi? Yaxud, o adam Fransada yaşaya bilərmi? İndi Ağ Ev Azərbaycan əleyhinə müəyyən müddəalar səsləndirsə də, ABŞ-ın milli və təhlükəsizlik maraqları ikitərəfli əməkdaşlığı diktə edir. Heç kim Azərbaycana təzyiq edə bilməz. Bu, əks nəticə verə bilər. Konkret indiki halda isə təzyiq dilində danışmaq Amerikanın maraqlarına da qətiyyən cavab vermir.

 

İmran BƏDİRXANLI 
XQ

 





Siyasət