Fransanın Yay Olimpiya Oyunları ilə manipulyasiya cəhdi

post-img

Parisin anti-Azərbaycan xəttində növbəti trayektoriya və miskinliyin anatomiyası


Fransa hakimiyyəti dünya mediasında Azərbaycanla bağlı mənfi təbliğat aparmağa baş vurub. Özü də 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları müstəvisində. Sən demə, Fransada Dezinformasiya ilə mübarizə qrupu adlı bir təşkilat var imiş və həmin qurum, guya, müəyyənləşdirib ki, “X” sosial şəbəkəsinin bir azərbaycanlı istifadəçisi öz profilində ölkə polisinin etirazçılara qarşı şiddət tətbiqi ilə bağlı nə isə paylaşıb və iddia edib ki, insan hüquqlarının pozulduğu məmləkətdə Olimpiya oyunlarının keçirilməsi yolverilməzdir. Tanış mənzərə deyilmi? Tanışlıq nədədir? Onu yazının sonunda diqqətə çatdıracağıq. Hələlik isə...

Demək çətindir ki, “Paris-2024”ün təşkilinə qarşı çıxan azərbaycanlı var, yoxsa həmin şəxs uydurulmuş virtual Zorrodur. Amma onun iddia etdiyi bildirilən məsələ yanlış deyil. Bəlkə fransız polisi zorakılıq eləmir? Əlbəttə edir! Bəlkə Paris Avropanın ən çirkli şəhərləri sırasında yer almır? Alır! Yoxsa, Fransada insan hüquqlarına tam etinasız mühit hökm sürmür? Vəziyyət tam olaraq belədir! Ölkədə həyatın bütün sahələrində dəhşət yaşanır. Ümumən, son illər Fransanın daxili siyasətinin müşahidəsi orada istər insan hüquqlarının pozulması hallarının, istər polis zorakılığının, istərsə də rasizmin, islamofobiyanın yüksələn xətt üzrə inkişaf etdiyini göstərməkdədir. Ölkə cəmiyyətində ciddi qütbləşmə var. Miqrantlara, qaradərililərə qarşı nalayiq rəftar adi hal alıb. Dünyanın nüfuzlu və ciddi media orqanlarının yaydıqları materiallarda paytaxt Paris də daxil olmaqla, böyük şəhərlərdə antisanitariya probleminin artıq dözülməz həddə çatdığı göstərilir. Hələ başqa naqislikləri demirik. Yəni, sözümüz odur ki, təkcə bir azərbaycanlı yox, hadisə və prosesləri izləyən istənilən şəxs bunları görür. Deməli, kimlərinsə belə məsələləri qabardaraq, Fransanın dördilliyin ən nüfuzlu idman olayının təşkilinə layiq olmadığını vurğulamasında tutarlı məntiq var. Onların hansı xalqa və millətə mənsubluğunun önəmi yoxdur. Əvvəla, hər bir şəxsin sosial şəbəkədə öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ var. İkincisi, hazırkı qloballaşma dövründə sosial şəbəkələrdə xalq və millət deyil, fərd anlayışı, o cümlədən, istifadəçilərin öz düşüncə və baxışlarını yayması aktualdır. Əgər həmin baxışlarda qaydalara zidd cəhətlər varsa, bunun araşdırılması və müvafiq tədbir görülməsi sosial şəbəkələrin müstəsna hüququdur. 

***

Amma başlıca məqam heç bunda da deyil. Tutalım, bir azərbaycanlı öz sosial şəbəkə profilində Fransa əleyhinə nə isə yazır. Bu, o deməkdirmi ki, məsələni təşkil edən Azərbaycan dövlətidir? Belə yanaşma olar? O zaman qənaətə gəlirik ki, indiyədək fransız mediasında ölkəmizlə bağlı yazılan hər cür hədyanların sifarişçisi məhz Fransa dövlətidir. Bu dövlətin başbilənləri o qədər şərəfsiz ssenarilər qurub-quraşdırıblar ki, indi barələrində mənfi rəy yazılan kimi dərhal məsələnin ən yuxarı səviyyədə təşkil olunduğunu zənn edirlər. Axı, başqa cür düşünə bilmirlər. Təbiətlərinə dövlət ərkanının qaydalarına zidd olaraq hakim kəsilmiş nifrət, qisasçılıq hissi dözümlü davranmalarına imkan vermir. 

***

Digər tərəfdən, lap tutalım bir azərbaycanlı Fransa əleyhinə mənfi fikir paylaşıb və iddia edib ki, ölkədə Olimpiya oyunları kimi mötəbər idman tədbirinin keçirilməsi düzgün deyil. Burada nə var ki? Həmin adamın yanlış rəyə gəlməsi də mümkündür. Hətta belə olduğu təqdirdə də, məsələni Azərbaycan dövlətinin əks-təbliğatı müstəvisinə gətirmək nə dərəcədə doğrudur? Əlbəttə, doğru deyil. Nəinki doğru deyil, eyni zamanda bu cür iddianı tirajlamaq acizlikdir ki, onu da Fransanın Dezinformasiya ilə mübarizə qrupu adlanan təşkilat edib. O təşkilat ki, Prezident Emmanuel Makronun administrasiyasının təmsilçiləri tərəfindən ortaya atıldığı qətiyyən şübhə doğurmur. Öz aləmlərində, guya, Azərbaycanı aşağılayacaq ağıllı plan qurublar...

***

Maraqlıdır ki, sözügedən qrup azərbaycanlı sosial şəbəkə istifadəçisinin hərəkətini Azərbaycan hakimiyyəti ilə əlaqələndirə də bilməyib. Lakin kampaniyanın Fransanın nüfuzuna xələl gətirmək məqsədi daşıdığını vurğulayıb. Bu, kifayət qədər məkrli şəkildə ölkəmizi hədəfə almaqdır. Necə ola bilər ki, indiyədək varlığı ilə yoxluğu məchul olan təşkilatın yaydığı informasiya “Reuters” kimi media qurumunda yayımlanır? Hələ digər tanınmış kütləvi informasiya vasitələrindəki tirajlanmaları bir kənara qoyuruq. Deməli, hər şey aydındır.

***

Bəli, Fransa dövləti diqqəti daxili problemlərdən yayındırmaq üçün yaramaz gedişlərə baş vurmaqdadır. Ölkənin özündən çox uzaq regionda – Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək planları da bundan irəli gəlməkdədir. Makron administrasiyası Ermənistanı maliyyələşdirir, silahlandırır, ölkədə Avropa İttifaqının hərbiləşmiş missiyasını yerləşdirir və onun daha da genişləndirilməsinə cəhd göstərir. Beləliklə, regionda münaqişə ocağının saxlanılmasına çalışır. Fransa Prezidenti öz aləmində qlobal siyasət aparır. Psixoloji baxımdan yanaşsaq, bu “siyasət” üçün hədəf qondarmaq şərtdir. Makron yaxşı bilir ki, Yay Olimpiya Oyunları böyük hadisədir və şübhəsiz hər bir Fransa vətəndaşı onun ölkəsində təşkilini toy-bayram kimi qiymətləndirir. Belədə buna qarşı çıxan tərəf uydurulmaqla, həm diqqət daxili problemlərdən yayındırılır, həm də sözügedən “qlobal siyasət” üçün müqavimət formalaşdırılır. Makronun başbilənləri bir azdan Azərbaycanın Yay Olimpiya Oyunlarının Parisdə keçirilməsinə etiraz məntiqlərində Rusiya izi tapmağa girişsələr, qətiyyən təəccüblənmərik. Nəzərə alaq ki, Fransa hakimiyyəti üçün “düşmən” axtarışı şərtdir. Özünü demokratiyanın beşiyi hesab edən ölkənin bu sayaq davranışı, həqiqətən, miskin mənzərə doğurur. 

***

Fransanın qatı anti-Azərbaycan mövqeyi xüsusunda növbəti məqama diqqət yetirək. Bir daha vurğulayaq ki, Yay Olimpiya Oyunları dördilliyin ən mötəbər idman tədbiridir. Ölkənin Dezinformasiya ilə mübarizə qrupu adlandırılan qondarma təşkilatının Azərbaycana fokuslanması onu deməyə əsas verir ki, Yelisey sarayı məhz mövcud müstəvidə də ölkəmizə qarşı cəbhə açmaqdadır. Təxminən belə: Azərbaycan Olimpiya oyunlarına qarşı çıxır, ölkə idmanı siyasət müstəvisinə gətirir, bütün mütərəqqi dəyərlərdən uzaqdır və s. Sözügedən qrupun saxta bilgilərinin Avropanın və dünyanın aparıcı media orqanlarında yayımlanması məhz haqqında söz açdığımız təəssüratın formalaşdırılmasına xidmətdən başqa bir şey deyil. Ancaq Fransa hökuməti nəzərə almır ki, belə gedişlərlə bütövlükdə Yay Olimpiya Oyunlarına zərbə vurur. Daha doğrusu, oyunları özünün siyasi kampaniyasında alətə çevirir. 

***

Ancaq rəsmi Parisin davranışının bumeranq effekti yaratma ehtimalı böyükdür. Məsələ burasındadır ki, dünyanın müxtəlif ölkələrində Fransanın neokolonializm siyasətinə qarşı müqavimət artır, insanlar azadlıq tələb edir, öz dillərində danışmaq hüququna, dini etiqad azadlığına hörmətlə yanaşılmasını istəyirlər, müqəddəratlarını təyin etmək  hüququndan yararlanmaq niyyətlərini açıq şəkildə ifadə edir, bu dəyərlər uğrunda mübarizə aparırlar. Belə bir durumda Parisin Yay Olimpiya Oyunlarına evsahibliyini gerçəkləşdirməsi əleyhinə kampaniyaların başlaması və genişlənməsi artıq reallıqdır. Əlbəttə, bu cür mənfur siyasi xətt yürüdən ölkənin böyük idman olayından dividend götürməsi yolverilməzdir. Çünki həmin dividendi özünün istər daxildəki, istərsə də xaricdəki yarıtmazlıq kursunun davamı üçün sipərə çevirəcək. Məsələyə mövcud anlamda yanaşsaq, təbii ki, sülhün rəmzi sayılan Yay Olimpiya Oyunlarına evsahibliyinin Fransadan alınıb başqa dövlətə verilməsi nəinki şərtdir, həm də tələbatdır. Bir ölkənin iqtidarı ki, öz vətəndaşının normal yaşam haqlarına laqeyd yanaşır, üstəlik, loru dildə desək, xaricdə özünə aid olmayan məsələlərə burun soxur, belə bir hakimiyyət nə üçün nüfuzlu idman tədbirinin təşkili ilə üstünlük qazanmalı, mövqeyini möhkəmləndirməlidir? Hesab edirik ki, məsələyə beynəlxalq miqyasda baxılmasına ciddi ehtiyac var.

*** 

Sonda haqqında söz açacağımızı bildirdiyimiz bir məqama da diqqət yetirməyi vacib sayırıq. Birmənalı şəkildə vurğulaya bilərik ki, hazırda Azərbaycana münasibətdə qərəzli və çirkin kampaniya aparan Fransa mediasının davamlı və ardıcıl xarakter daşıyan xəttinin təkanverici qüvvəsi rəsmi Parisdir və Qərbin bir sıra nüfuzlu media orqanları da təlimatlarını Yelisey sarayından aldıqlarını gizlətmirlər. Dezinformasiya ilə mübarizə qrupu deyilən təşkilatın da Makronun köməkçilərinin direktivləri ilə “təhlil apardığı” şübhəsizdir. 

Oxşar hallar indiyədək də yaşanıb. İstər fransız mediası, istərsə də Qərbin bəzi kütləvi informasiya vasitələri ölkəmizi ləkələməkdən çəkinməyiblər və bunu idman və mədəniyyət müstəvisində də ediblər. Fikrimizin təsdiqi üçün 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları öncəsi duruma nəzər salaq. Həmin vaxt Azərbaycanla bağlı qarayaxma təbliğatının hədəfi oyunların ölkəmizdə təşkilini əngəlləmək idi. 2012-ci ildə nüfuzlu “Avroviziya” mahnı yarışmasının paytaxtımızda keçirilməsi zamanı da oxşar xoşagəlməz durum müşahidə olunurdu. Bu mənada da bumeranq effektindən söz aça bilərik. Vaxtilə Fransa başda olmaqla, ermənipərəstlərin qurduqları mənfur ssenarilər hazırda özlərinə qarşı işləyir ki, bu gedişatda ilahi ədalət və qanunauyğunluq var. 

Əvəz CAHANGİROĞLU 
XQ

 

Siyasət