Ermənistan və KTMT: son nöqtəni Qriqoryan qoyur?

post-img

Lukaşenkonun çağırışı, İrəvanın inadı və Peskovun təəssüfü 

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina edib. O da məlumdur ki, erməni hökumət rəhbərinin imtina ilə bağlı qərarı onun Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı əsnasında açıqlanıb. Baş nazirin aparatının yaydığı məlumatda vurğulanıb ki, Nikol Lukaşenkoya KTMT-dəki həmkarlarının məsələni anlayışla qarşılayacağına ümid bəslədiyini deyib.

Bu fikirdə müəyyən qədər əl yeri var. Yəni, nəzəri də olsa, Ermənistanın qurumun növbəti toplantılarında təmsil olunacağını ehtimal etmək mümkündür. Ancaq ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın açıqlaması onu deməyə əsas verir ki, rəsmi İrəvan KTMT ilə yollarını tamamilə ayırıb, onun rəsmən təşkilatdan çıxması isə yalnız an məsələsidir.

Qeyd edək ki, N.Paşinyanın sözügedən imtina qərarı Ermənistanda kifayət qədər geniş müzakirə predmetinə çevrilməkdədir. Mövcud xüsusda müxtəlif fikir və mülahizələr gündəmə gəlməkdədir. Başlıca məqam isə odur ki, Nikolun Belarusun paytaxtına getməməsini Ermənistanın növbəti anti-Rusiya addımı, hətta demarşı kimi qiymətləndirənlər çoxdur. Əgər müxalif kəsim bu demarşın acınacaqlı nəticələr doğuracağını bildirirsə, iqtidar təmsilçiləri Nikolun addımından qürrələnir, məsələni cəsarət nümunəsi kimi tirajlayırlar... 

***

A.Qriqoryana gəldikdə, o, Ermənistanın KTMT ilə yollarını ayrımasının səbəblərini sadalayıb. Əlbəttə, bu sadalamanın özü də anti-Rusiya xəttinin elementləri ilə müşayiət olunmaqdadır. Məsələn, Qriqoryanın sözlərinə görə, 2020-ci il müharibəsindən sonra KTMT Dağlıq Qarabağın Ermənistanın suveren hissəsi olmadığını və təşkilatın bu məsələlərlə məşğul ola bilməyəcəyini bəyan etmişdi. Bu fikir Ermənistanın qurumun iclaslarında iştirakını dayandırması reallığını doğurmuşdu. Deməli, belə çıxır ki, təşkilat İrəvanın avantürist maraqlarını üstün tutub özünün nizamnamə tələblərini pozmalı imiş... 

A.Qriqoryan ağ yalan danışır. Çünki 44 günlük müharibədən iki il sonra, konkret desək, 2022-ci ilin noyabrında Ermənistan KTMT-nin sammitinə evsahibliyini gerçəkləşdirib. Həmin toplantıda Rusiya Prezidenti Vladimir Putin də iştirak edib. Əlbəttə, bu, başqa söhbətin mövzusudur ki, İrəvan tədbirdə istəyinə nail olmayıb və nəticə etibarilə Ermənistan–KTMT münasibətləri daha da qəlizləşib. 

Reallıq budur ki, qəlizləşmə 2020-ci ildən yox, məhz həmin vaxtdan, daha doğrusu, məlum İrəvan sammiti gedişində başlamışdı. Yəni, indi Qriqoryanın Qarabağa fokuslanmasında məntiq yoxdur. Ancaq KTMT ilə bağlı olmasa da, Ermənistanın, ümumən anti-Rusiya xəttində Qarabağ ritorikasının yer aldığı danılmaz faktdır və yalnız bu baxımdan Qriqoryanı, müəyyən qədər, haqlı saymaq mümkündür. Onu da yada salaq ki, bir müddət əvvəl ölkə parlamentinin spikeri Alen Simonyan Moskvanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Qarabağı Azərbaycana verməkdə günahlandırmışdı.

***

A.Qriqoryan onu da bildirib ki, 2021-ci ilin mayında Azərbaycan qoşunları, guya, Ermənistanın suveren ərazisini işğal edəndə KTMT ilə əlaqə saxlanılıb, amma qurum məsələyə etinasız yanaşıb. Eləcə də o, 2022-ci ilin sentyabr eskalasiyası zamanı da təşkilatın İrəvana kömək göstərmədiyini vurğulayıb. “Bizim KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak etməməyimiz bununla bağlıdır”, – deyən Qriqoryanın gətirdiyi arqumentlərə qarşılıq sual olunur: Hazırda nə ola bilər ki, Ermənistan yenidən KTMT ilə yaxınlaşsın və Paşinyan onun mötəbər tədbirlərinə qatılsın? Ümumiyyətlə, bu, ola bilərmi? Sual ritorikdir. Çünki cavabı bəllidir – İrəvandakı iqtidar heç bir halda KTMT-yə münasibətdə yaxınlaşma xətti götürməyəcək. Ona görə ki, Qərbin direktivləri baxımından məsələ yolverilməzdir. Deməli, istər Qriqoryanın, istərsə də digərlərinin təşkilat müstəvisində səsləndirdikləri əks fikirlər yalnız bəhanədir. 

***

Digər tərəfdən, hazırda Ermənistanla Azərbaycan arasında sərhədlər qeyri-müəyyəndir. Belə olan halda, Paşinyanın komandasındakı şəxslər necə iddia edə bilərlər ki, Azərbaycan Ermənistan ərazisini işğal edib? Yeri gəlmişkən, ölkəsinin düzəməlli ərazisinin, sərhəd zolağının olmadığını Nikol özü də diqqətə çatdırıb. Bir müddət əvvəlki məlum “kupça” qalmaqalını yada salaq. Paşinyan Ermənistan üçün ərazi şəhadətnaməsi almaqdan söz açmışdı. Bu faktın özü də təsdiqləyir ki, hazırda ölkənin qərarlaşdığı torpaqlar köklü şəkildə ona məxsus deyil. Yəni, bunu təsdiqləyən əsaslı sənəd yoxdur və erməni baş nazirin təbirincə desək, indiki ərazilərin gələcək nəsillərə miras qalması üçün iş aparılmalıdır. Deməli, bu halda da İrəvanın KTMT-ni nədəsə günahlandırması, yumşaq desək, düzgün deyil. 

***

Başqa bir məqama diqqət yetirək. Bir daha vurğulayaq ki, Qarabağ məsələsi, bilavasitə olmasa da, dolayısı ilə Ermənistanın anti-KTMT köklənişində başlıca halqanı təşkil etməkdədir. N.Paşinyan Azərbaycanın bu il sentyabrın 19-20-də Qarabağda keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirlərindən sonra Rusiya əleyhinə təbliğata güc verəndə, KTMT-nin ölkəsinin təhlükəsizlik maraqlarını təmin etmək baxımından zəif alət olduğunu vurğulamışdı. Ümumən, diqqət yetirsək, görərik ki, Nikol Azərbaycanla hər silahlı qarşıdurmadan sonra anti-Rusiya xəttini və onun tərkib hissəsi olan anti-KTMT ritorikasını bir qədər də zənginləşdirib. Bu arada Rusiya dəfələrlə Ermənistan–Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazır olduğunu bəyan edib və göndərişin vaxtının Ermənistandan asılı olduğunu önə çəkib. Moskvada bildirildiyi kimi, “top İrəvanın meydançasındadır”. 

Ancaq məlumdur ki, İrəvan, necə deyərlər, Qərbin topu ilə oynamağa üstünlük verməkdədir. Hazırda Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində Avropa İttifaqının pensiyada olan alman polislərindən və fransız jandramlarından ibarət mülki müşahidə missiyasının üzvləri əllərində uzaqgörən durbinlərlə “ölkənin təhlükəsizliyini göz bəbəkləri kimi qoruyurlar”. Deməli, Paşinyan administrasiyasının Rusiyanın hakim rol oynadığı təşkilatın missiyasına ehtiyac duyması mümkünsüzdür. Hərçənd, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın ölkənin sözügedən missiyadan əl çəkmədiyini və onun yerləşdirilməsi istiqamətində işin davam etdiyini bildirən açıqlamasının olduğunu da xatırlamaq mümkündür. Amma bu, çoxdanın söhbətidir. Böyük ehtimalla, erməni XİN rəhbəri vaxtilə söylədiklərini “xatırlamaz”. 

***

Mətləbdən uzaqlaşmadan bildirək ki, KTMT-dən ayrılma kursu götürmüş Ermənistan iqtidarının davranışlarına münasibətdə Moskva, kifayət qədər, təmkinlidir. Əslində, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun mövcud xüsusda söylədikləri, müəyyən mənada, Belarus lideri A.Lukaşenkonun Paşinyana bildirdiklərinin davamıdır. Qeyd edək ki, Lukaşenko Nikolla telefon danışığı zamanı onu tələsik qərarlar verməməyə, “parçalanma” kursunu davam etdirməzdən əvvəl hər şeyi diqqətlə düşünməyə çağırıb. Peskov isə Ermənistan liderinin “saatları sinxronlaşdırmaq” imkanının olmayacağından təəssüfləndiyini vurğulayıb. Çox güman, onun subliminal mesajı aydındır. 

***

Sonda İrəvanın KTMT əleyhinə ritorikası və Qarabağ mövzusunda ikincinin birinciyə dəstək gözləntisi ilə bağlı bir məqamın üzərində də dayanaq və bu zaman nəzərə alaq ki, Qarabağ Azərbaycanın suveren torpağıdır. Ermənistan başqa dövlətin suveren ərazisində qərarlaşmaq üçün KTMT-nin dəstəyinə ümid bəsləyirdisə, o zaman məntiqlə özü də üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Sual olunur: İrəvan nə vaxtsa Moskvanın tərəfində vuruşubmu? Yaxud ən azından Rusiyanın xeyrinə siyasi qiymət veribmi? Görəsən, Ermənistanda niyə elə düşünürlər ki, Moskva ilə İrəvan arasında qarşılıqlı yardım müqaviləsi təkcə birincinin üzərinə öhdəlik qoyur? 

Təbii ki, Rusiyanın Ermənistandan Ukrayna ilə müharibə kontekstində heç bir gözləntisi yoxdur. Əslində, Kreml KTMT-yə üzv digər dövlətlərin də Kiyevə qarşı çıxmalarını istəmir. Ümumən, Moskva hazırkı məqamda açıq-aşkar qeyri-mümkün şeylər tələb etmir. Onun üçün əsas olan Qərblə mübarizədə neytrallıqdır. İrəvan isə davranışları ilə məhz həmin neytrallığı pozmaqdadır. Özünü Qərbin tərəfində göstərməkdə, Roma papasından daha artıq katolikliyə can atmaqdadır. Ermənistan üçün ən acınacaqlı durum vəd edən də elə budur. 

 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət