“Ağıllı kənd” yeni həyat tərzidir

post-img

Buradakı rahatlıq doğma yurda qayıdanlara 30 illik əzabları unutdurur

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Layihə çərçivəsində ən önəmli komponentlərdən biri də “ağıllı kənd” və “ağıllı şəhər”lərin tikintisidir. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq. Bu isə məskunlaşmanın özünəməxsus yeni modelini təşkil edəcək.

 Artıq məlumdur ki, ilk belə kənd Zəngilan rayonunun Ağalı kəndində salınıb, sakinlərin istifadəsinə verilib və orada 133 ailə (649 nəfər) yaşayır. Növbəti belə bir kənd Azərbaycan dövlətinin öz maliyyəsi hesabına Füzuli rayonunun Dövlətyarlı kəndində tikiləcək. Kənddə bir ay ərzində torpaq işlərinə başlanılacaq. 

Bu barədə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabi XQ-ya müsahibəsində bildirdi:

– İşğaldan azad edilmiş Füzuli rayonunun Dövlətyarlı kəndi yenidən qurulacaq. Kənddə layihələndirmə işləri yekunlaşmaq mərhələsindədir. Bir ay ərzində torpaq işlərinə başlanılacaq. Dövlət satınalmaları proseduru artıq işə başlayıb. Kənd ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunacaq.  Onun ərazisi əhalinin perspektiv inkişafı nəzərə alınmaqla yalnız mövcud olan Dövlətyarlı kəndinin əvvəlki ərazisində deyil, bir qədər şimala doğru genişləndirilib. Ümumilikdə, “Ağıllı kənd”in ərazisi 323 hektar sahəni əhatə edir. Birinci növbədə 450 evin yerləşdiyi ərazinin layihələşdirilməsi nəzərdə tutulub. Bu ərazi isə 137,1 hektar təşkil edir.

Həmin ərazidə ilkin olaraq xeyli sayda istismara yararsız müxtəlif təyinatlı dağılmış tikililərin sökülərək yerində müasir tələblərə cavab verən, izolyasiyalı müasir tikinti materiallarından istifadə olunmaqla 1 və 2 mərtəbəli fərdi yaşayış evləri, 1 və 2 mərtəbəli sosial-məişət və digər xidmət müəssisələrinin yerləşdirilməsi üçün qeyri-yaşayış binalarının, uşaq bağcalarının və məktəb binalarının tikinisi nəzərdə tutulub.

– Yuxarıda qeyd edildiyi kimi, ilkin olaraq köçürüləcək ailələrin mənzillə təmin edilməsi üçün 450 fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulur. Sonrakı mərhələdə neçə ev tikiləcək? Həyətyanı torpaq sahəsi nəzərdə tutulurmu?

– Kəndə ilkin olaraq köçürüləcək ailələrin mənzillə təmin edilməsi üçün 150 ədəd 2 otaqlı, 150 ədəd 3 otaqlı, 100 ədəd 4 otaqlı, 50 ədəd 5 otaqlı olmaqla 450 ədəd fərdi yaşayış evləri tikiləcək. Bu evlərin hər biri üçün sahəsi 0,12 hektar olan həyətyanı torpaq sahəsi nəzərdə tutulub. Bundan başqa, ev quşlarının və təsərrüfat alətlərinin saxlanılması üçün hər evin həyətində sahəsi 16 kv.metr olan təsərrüfat tikilisi (anbar və hin) sakinlərin ixtiyarına veriləcək.

Birinci mərhələ başa çatdıqdan sonra əlavə 300 ev tikiləcək. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu evlərdə yaşayanlar yüksəksürətli internetdən istifadə edəcəklər. "Ağıllı kənd"də İKT geniş istifadə olunduğundan məlumatların təhlükəsizliyi və gizliliyinə xüsusi diqqət yetiriləcək, sakinlərə İKT avadanlıqlarından istifadə mütəmadi olaraq öyrədiləcək. Onlar kəndin idarəedilməsində də yaxından iştirak edəcəklər.

– Tikiləcək digər binalar barədə də məlumat verərdiniz?

– Ərazidə əhaliyə sosial-məişət və digər xidmət müəssisələrinin yerləşdirilməsi üçün 16 ədəd 1 mərtəbəli, 4 ədəd 2 mərtəbəli qeyri-yaşayış (ictimai) binası tikiləcək. Bu binaların 1-ci mərtəbəsində ərzaq və qeyri-ərzaq məhsullarının satışı üçün sahələr, çayxana, poçt, sahə inspektoru, elektron və sosial xidmətlər üçün sahələr, aptek, idman-sağlamlıq mərkəzi, 2-ci mərtəbəsində isə müxtəlif özəl və dövlət qurumlarının xidmət göstərməsi üçün otaqlar olacaq. Yol və meydançalar asfaltla, səkilər isə tavalarla örtüləcək. Kəndin yaşıllaşdırılması da nəzərdə tutulub.

Ümumtəhsil müəssisəsinə olan tələbatı ödəmək məqsədilə 360  şagird yerlik orta məktəb,  məktəbəqədər təhsil müəssisələrinə olan tələbatı ödəmək üçün  isə 120 yerlik uşaq bağçası tikilərək istifadəyə veriləcək. Yeni köçürülmüş əhali üçün bütün infrastruktur şərait: – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcud olacaq. 

– Kənd sakinlərinin məşğulluğu necə təmin olunacaq?

– Kəndin ətrafında “Ağıllı kənd” təsərrüfatı sahəsi yaradılacaq. Təsərrüfatda müasir informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə olunacaq. Bu, fermerlərin daha düzgün qərarlar qəbul etməsinə, dəqiq idarəçilik, resursların qənaətli istifadəsinə imkan verəcək.

Qeyd edim ki, bu gün bütün dünyada kənd təsərrüfatında artıq əl əməyindən istifadə minimuma enib, aqrar sektorda daha çox yeni texnologiyalardan istifadə olunur. Sahələrin dərmanlanması dronlar vasitəsilə həyata keçirilir, məhsul yığımı kompüterləşdirilmiş texnikalar vasitəsilə aparılır, su resurslarından qənaətlə istifadə üçün müasir suvarma sistemlərindən istifadə olunur. Təsərrüfat sahələrinin bütün kritik nöqtələrində quraşdırılmış sensorlar torpaq şəraiti, hava və s. haqqında məlumat toplayır və ötürür. Toplanan məlumatlar sistem tərəfindən təhlil edilir və izlənilən obyektin və ya prosesin vəziyyəti barədə nəticələr çıxarılır. Ən əsası bütün bu proseslər bir mərkəzdən idarə edilir. Dövlətyarlıda da belə olacaq. 

Texnoloji yeniliklər əsasında “Ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması  isə mövcud əkinçilik sistemlərinin struktur zəifliklərini aradan qaldırmağa, məhsuldarlığı artırmağa, xərcləri optimallaşdırmağa, rəqabətçi və davamlı nəticələr əldə etməyə imkan verəcək. Bu da gələcəkdə ölkəmizdə ərzaq təhlükəsizliyinin inkişafına böyük töhfədir.

Ümumiyyətlə, “Ağıllı kənd” layihəsi kəndə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edəcək. Sakinlər üçün kifayət qədər iş yerləri olacaq. Sakinlərin bir hissəsi kənddəki özəl və dövlət qurumlarında çalışacaq.

Kəndin yerləşmə coğrafiyası və təbii üstünlükləri nəzərə alınmaqla bir neçə sektor üzrə müəssisələrin yaradılması da nəzərdə tutulub. Belə ki, kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq. Eyni zamanda, Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. İstehsal olunacaq balıq məhsullarının ixrac ediləcəyi gözlənilir. Kənddə quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq.

Kəndin iqlimi və relyef üstünlükləri nəzərə alınaraq turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulub.

– Enerji təminatı hansı mənbələr hesabına ödəniləcək

– Kənddə xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Burada 20 daimi iş yeri yaradılacaq. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin ediləcək. 

Pünhan Əfəndiyev 
XQ

 



Müsahibə