XQ Qərbi Azərbaycan İcmasının dünən yaydığı məlumatları təqdim edir:
İcma Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin qərəzli açıqlamasını qətiyyətlə rədd edir. C.Borel xüsusilə törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərksilah olunmasına, oyuncaq xunta rejiminin ləğvinə çağırmalı idi. Ancaq o, belə mövqe ilə Avropa İttifaqını Azərbaycan cəmiyyətində gözdən salır.
Qərbi Azərbaycan İcması Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Annalena Berbokun qərəzli açıqlamasını qətiyyətlə rədd edir.
Almaniya Xarici İşlər naziri bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərksilah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi: “Bundan əlavə, xatırladırıq ki, Almaniya Ermənistandan azərbaycanlıların total etnik təmizləməyə məruz qalmasına və Ermənistan hökumətinin onların geri qayıtmasına imkan verməməsinə hələ də münasibət bildirməyib. Nazir Berbokun məsələlərə dini və etnik təəssübkeşlik prizmasından baxması yanlışdır, davamlı sülhün və insan hüquqlarına hörmətin bərqərar edilməsinə əngəl törədir”.
***
Qərbi Azərbaycan İcması qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktını kəskin şəkildə pisləyib: “Hesab edirik ki, terror aktlarının törədilməsi üçün azad edilmiş ərazilərimizdə çəkilən yolların seçilməsi heç də təsadüfi deyildir. Bu, əvvəlcədən planlaşdırılmış, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin, keçmiş məcburi köçkünlərin qayıdışının qarşısının alınmasına, qorxu və ruh düşkünlüyünün yaradılmasına hesablanmış xain bir addımdır. Görünən odur ki, Ermənistan son aylar Azərbaycana qarşı başlatdığı diplomatik və informasiya müharibəsini artıq hərbi müstəviyə keçirir. Ermənistan nəinki bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla əlaqədar Qərbi Azərbaycan İcması ilə dialoq aparmaq niyyətindədir, əksinə Azərbaycana qarşı ərazi iddiasını “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq mexanizmin təsis olunması” adı altında davam etdirir”.
Qeyd olunub ki, terror aktlarının dünya liderlərinin iştirakı ilə BMT Baş Assambleyasının ümumi müzakirələrinin başlandığı gün törədilməsi Ermənistanın və onun Azərbaycanın suveren ərazilərində yaratdığı oyuncaq xunta rejiminin azğınlaşmasını, reallıq hissini tam itirdiyini göstərir: “Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bölgəni qana çalxalamaq niyyəti güdən bu təhlükəli siyasətdən çəkinmək üçün Ermənistana təzyiq göstərməyə çağırır”.
***
Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv olunmalıdır. Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Sənəddə qeyd olunub ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 2023-cü il sentyabrın 19-da erkən saatlarda Xocavənd rayonunda minalardan istifadə etməklə törətdiyi diversiya hücumları nəticəsində dördü polis, ikisi mülki şəxs olmaqla, altı nəfər azərbaycanlını qətlə yetirib. Erməni hərbi birləşmələrinin bundan əlavə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində iki hərbi qulluqçu yaralanıb. Bütün bunlar Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını tam çıxarmaq öhdəliyini yerinə yetirməkdən imtina etməsi, separatizmi dəstəkləməsi, Azərbaycanın reinteqrasiya səylərini sabotaj etməsi və Azərbaycana qarşı beynəlxalq miqyasda kütləvi qarayaxma kampaniyası aparması kontekstində baş verir.
“Biz beynəlxalq ictimaiyyəti Ermənistanın mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırırıq”, - deyə İcmanın bəyanatında vurğulanıb.