Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə "Sirkulyar və yaşıl iqtisadiyyata keçid: dayanıqlı şəhərsalma çağırışları və imkanları" adlı tədbir keçirilib.
XQ xəbər verir ki, "WUF13 Urban Expo"da yerləşən QHT Agentliyinin pavilyonunda keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən BAMF-nin prezidenti Umud Mirzəyev əvvəlcə QHT Agentliyinə təşəkkür edib.
"İlk növbədə, WUF13 çərçivəsində tədbirin təşkilində göstərilən dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm. Bu gün burada müzakirə etdiyimiz mövzu - yaşıl və sirkulyar iqtisadiyyata keçid olduqca aktual və strateji əhəmiyyət daşıyır. Əslində, bu iki istiqamət gələcəyin şəhərlərinin yeni fəlsəfəsidir. Azərbaycan da bu sahədə mühüm addımlar atır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, yaşıl enerji zonalarının yaradılması dayanıqlı inkişaf modelinin real nümunəsidir", – Umud Mirzəyev bildirib.
Ardınca Böyük Metropolislərin Dünya Assosiasiyasının Baş katibliyinin siyasət üzrə məsul əməkdaşı Oskar Nunyez "Günəş enerjisi və yaşıl enerji həllərinin şəhər inkişafına töhfəsi", Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini Zahid Fərrux Məmmədov "Beton iqtisadiyyatı"ndan yaşıl urbanizasiya modelinə", Xəzər Universitetinin Dünya iqtisadiyyatı üzrə doktorantı, araşdırmaçı-yazıçı Nik Nvolisa "Neftdən asılılıqdan sirkulyar dayanıqlılığa: Azərbaycanın dayanıqlı şəhər inkişafı üçün yaşıl iqtisadiyyat yolu", Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli isə "Şəhərsalma və insan sağlamlığı" mövzusunda çıxış ediblər.
Tədbirin sonunda spikerlər və iştirakçılar arasında interaktiv sual-cavab sessiyası keçirilib.
Sessiya zamanı yaşıl və sirkulyar iqtisadiyyata keçidin şəhərsalma siyasətinə təsiri, bərpa olunan enerji mənbələrinin urbanizasiya prosesində rolu, həmçinin dayanıqlı şəhər inkişafı üçün yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.








