Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"2026-cı il Türkiyə baxımından yalnız intensiv diplomatik təmasların yaşandığı bir dövr deyil, eyni zamanda Türkiyənin qlobal sistem daxilindəki çəkisinin, strateji əhəmiyyətinin və beynəlxalq balans qurucu potensialının yenidən təsdiqləndiyi tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir".
Bunu XQ-yə açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karalılıç deyib.
O, bildirib ki, iyulda Ankarada keçiriləcək NATO Liderlər Zirvəsi və noyabrda Antalyada təşkil olunacaq COP31 İqlim Zirvəsi, Türkiyənin eyni il ərzində həm qlobal təhlükəsizlik arxitekturasının, həm də qlobal iqlim diplomatiyasının mərkəzinə yerləşməsi deməkdir: "Bu vəziyyət Türkiyənin artıq yalnız regional güc deyil, böhran anlarında beynəlxalq sistemin yön aldığı, masaların qurulduğu və qərarların formalaşdığı mərkəz dövlətlərdən birinə çevrildiyini göstərir. Bu nöqtədə Türkiyənin son illərdə izlədiyi çoxşaxəli, balanslı və etibarlı xarici siyasət xəttinin beynəlxalq aləmdə yaratdığı təsiri ayrıca qeyd etmək lazımdır. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın böhran idarəçiliyində nümayiş etdirdiyi siyasi refleks, fərqli güc mərkəzləri ilə eyni anda münasibət qura bilən strateji yanaşması və geosiyasi baxışı Türkiyəni qlobal sistemdə xüsusi mövqeyə yüksəldib.
Bu gün Ankara Vaşinqtonla danışa bilən, Moskva ilə dialoq kanallarını açıq saxlayan, Avropa ilə strateji əlaqələrini davam etdirən, Türk dünyasında inteqrasiyanı gücləndirən, Yaxın Şərqdə aktiv rol oynayan və eyni zamanda Afrikadan Asiyaya qədər geniş diplomatik şəbəkə quran nadir paytaxtlardan biridir. Bu çoxvektorlu diplomatiya təsadüf nəticəsində formalaşmayıb. Türkiyənin xüsusilə son on ildə qarşılaşdığı regional böhranlar, müharibələr, enerji gərginlikləri, miqrasiya dalğaları və qlobal güc rəqabəti nəzərə alındıqda, Ankaranın balanslı siyasət yürütmə qabiliyyəti beynəlxalq dairələrdə diqqətlə izlənilir.
Prezident Rəcəb Tayyib Ərdoğanın bəzən hərbi-strateji vasitələri, bəzən diplomatik danışıqları, bəzən isə iqtisadi və humanitar alətləri birlikdə istifadə edə bilən yanaşması Türkiyəyə “proqnozlaşdırıla bilən, amma müstəqil hərəkət edə bilən güc” kimliyi qazandırıb.
NATO ilə münasibətləri qoruyarkən Rusiya ilə dialoqu davam etdirmək, Ukrayna ilə strateji əlaqələri saxlayarkən vasitəçilik missiyası yürütmək, Qərb ittifaqı daxilində qalarkən eyni zamanda çoxqütblü dünyaya hazırlıq aparmaq müasir diplomatiyada olduqca çətin balans siyasətidir.
Ankarada keçiriləcək 2026 NATO Zirvəsi də məhz buna görə adi toplantı deyil. NATO bu gün tarixinin ən kritik dönüş mərhələlərindən birini yaşayır. Rusiya-Ukrayna müharibəsi, Qara dəniz təhlükəsizliyi, Avropanın müdafiə arxitekturası, enerji təhlükəsizliyi, kiber təhdidlər, Çinin yüksəlişi və Yaxın Şərqdəki qeyri-sabitlik kimi başlıqlar alyansı yenidən formalaşdırır. Belə bir dövrdə zirvənin Türkiyədə keçirilməsi Ankaranın yalnız coğrafi mövqeyindən deyil, etibarlı müttəfiq kimliyindən, hərbi potensialından və böhran idarəetmə bacarığından qaynaqlanır.
Türkiyə bu gün NATO daxilində sadəcə üzv dövlət deyil, Qara dənizdən Şərqi Aralıq dənizinə, Balkanlardan Qafqaza qədər uzanan geniş geosiyasi xəttin əsas aktorudur. Türk boğazları üzərindəki strateji nəzarət, enerji xətləri üzərindəki müəyyənedici rol, müdafiə sənayesindəki yüksəliş və regional böhranlardakı aktiv diplomatiya Türkiyəni alyans üçün əvəzolunmaz hala gətirib.
Lakin Ankara Zirvəsinin əsas əhəmiyyəti burada qəbul ediləcək qərarların yalnız bu günü deyil, qarşıdakı onillikləri formalaşdıracaq olmasıdır.
Bu zirvədə NATO-nun yeni müdafiə konsepsiyaları, strateji təhlükəsizlik yanaşmaları, müdafiə istehsal gücü, texnologiya paylaşımı, hibrid müharibələrə qarşı ortaq reflekslər və enerji təhlükəsizliyi siyasətləri kimi mövzuların müzakirə olunacağı gözlənilir. Ankarada ortaya çıxacaq yeni strateji yanaşmanın NATO-nun gələcək onilliklərdəki çəkisinə və qlobal təsir gücünə birbaşa təsir edəcəyi ehtimal olunur.
Daha da önəmlisi, Ankara Zirvəsində qəbul ediləcək qərarlar yalnız NATO ölkələrinin deyil, dünyanın böyük güclərinin siyasi və hərbi strategiyalarını yenidən formalaşdıra biləcək mahiyyət daşıyır. Çünki bu gün təhlükəsizlik anlayışı artıq klassik sərhəd müdafiəsindən çox uzağa keçib. Enerji təchizatı, süni intellekt dəstəkli müdafiə sistemləri, kibertəhlükəsizlik, kosmik texnologiyalar, dəniz yollarının qorunması və iqtisadi dayanıqlılıq artıq hərbi strategiyanın ayrılmaz hissəsinə çevrilib".
"Noyabrda Antalyada keçiriləcək COP31 İqlim Zirvəsi isə Türkiyənin qlobal sistem daxilində ikinci böyük strateji rolunu ortaya qoyacaq. İqlim dəyişikliyi artıq yalnız ekoloji məsələ deyil, enerji təhlükəsizliyindən kənd təsərrüfatına, miqrasiya dalğalarından iqtisadi rəqabətə qədər bütün bəşəriyyətin gələcəyini müəyyən edən əsas geosiyasi mövzudur.
Antalyada keçiriləcək zirvənin, Paris Sazişi prosesində olduğu kimi, qlobal iqlim siyasətlərinin istiqamətini müəyyən edən tarixi dönüş nöqtəsinə çevrilə biləcəyi qiymətləndirilir.
Enerji transformasiyası, karbon bazarları, iqlim maliyyəsi, bərpa olunan enerji investisiyaları və inkişaf etməkdə olan ölkələrin yük bölgüsü kimi məsələlərdə qəbul ediləcək qərarların qarşıdakı illərin iqtisadi və siyasi düzəninə ciddi təsir göstərəcəyi gözlənilir.
Türkiyə isə bu prosesdə yalnız ev sahibi deyil, istiqamət verən, danışıqlar aparan və uzlaşdırıcı rol oynayan dövlətlərdən biri olmağa namizəddir. Çünki Ankara son illərdə enerji dəhlizləri, bərpa olunan enerji investisiyaları, qaz mərkəzi hədəfi və regional bağlantı layihələri ilə qlobal enerji tənliyində diqqətçəkən mövqe əldə edib.
Əslində NATO Zirvəsi ilə COP31 birlikdə qiymətləndirildikdə ortaya çıxan mənzərə daha böyükdür. Təhlükəsizlik və iqlim artıq bir-birindən ayrı mövzular deyil. Enerji böhranları, su resursları, miqrasiya dalğaları, kənd təsərrüfatı istehsalı, texnoloji transformasiya və iqtisadi rəqabət birbaşa beynəlxalq təhlükəsizliyin hissəsinə çevrilib. Türkiyə isə məhz bu yeni dövrün mərkəzində yerləşir",-deyə Səlçuk Karakılıç əlavə edib.
S.Karakılıç əlavə edib ki, 2026-cı ildə Ankara və Antalyada keçiriləcək bu iki böyük zirvə dünyanın Türkiyəyə yalnız coğrafi məkan kimi deyil, strateji ağıl istehsal edə bilən, böhran idarə edən və beynəlxalq sistemin gələcəyinə istiqamət verən güc kimi baxdığını göstərir: "Bu prosesdə Prezident Rəcəb Tayyib Ərdoğan liderliyində həyata keçirilən çoxşaxəli xarici siyasət yanaşması Türkiyəni sadəcə regional aktor olmaqdan çıxarıb qlobal diplomatiyanın müəyyənedici mərkəzlərindən birinə çevirib.
Bu səbəbdən 2026-cı ildə Ankarada keçiriləcək NATO Zirvəsi və Antalyadakı COP31 yalnız diplomatik tədbirlər deyil, Türkiyənin qlobal sistemdə yeni geosiyasi və diplomatik ağırlıq mərkəzinə çevrildiyinin tarixi elanıdır. Bu zirvələrdə qəbul ediləcək qərarlar yalnız müəyyən dövrlərin siyasətini deyil, gələcək nəsillərin təhlükəsizlik anlayışını, enerji düzənini və beynəlxalq münasibətlər arxitekturasını formalaşdıracaq gücdədir".

