Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

post-img

Sentyabrın 19-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar.

Anım mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan şərqşünaslığında ərəbşünaslıq sahəsinin çox inkişaf etdiyini bildirərək, onun ədəbiyyat istiqamətinin fundamentinin görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın elmi əsərləri ilə qoyulduğunu, Aida xanımın bu istiqamətin inkişafında əvəzsiz xidmətlərinin olduğunu qeyd edib. Professor Aida İmanquliyevanın Azərbaycan ərəbşünaslığında bir məktəb yaratdığını deyən akademik İsa Həbibbəyli ərəb məhcər ədəbiyyatının tədqiqi ilə ərəbşünaslıqda yeni bir səhifə açan alimin fundamental tədqiqatlarının Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirdiyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva 31 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan danışıb, Aida xanımın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd edib. 

Aida xanımın elmi fəaliyyətinin hər bir dövrünü xatırladan Gövhər Baxşəliyeva, onun müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olduğunu söyləyib. Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan Gövhər Baxşəliyeva onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini vurğulayıb.  

Daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova və Orxan Nəcəfov çıxış edərək Aida İmanquliyevanın Azərbaycan ərəbşünaslığına böyük töhfələr verdiyini söyləyib, görkəmli alimin itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd ediblər.

XQ

 

Sosial həyat