“Orda – Zəngəzurda mənim ürəyimin məzarı qalıb”...

post-img

...Lökün köhnə məktəbinə tezcə baş vurum

- Görüm mənim skamyamda kim əyləşibdir? 

Hidayət. “Həsrət” silsiləsindən.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu əzəli və əbədi yurd yerimizdən olan minlərlə insanın xatirələrini dilə gətirdi, onların doğma yurd həsrəti ilə alışıb-yanan niskillərinə rahatlıq toxumu səpdi, həmin yurd yerlərinin havasını duymaq, suyundan içmək ümidi yaratdı. Bu böyük ümid, eyni zamanda, ilahi ədalətin təntənəsinə olan dərin inamın təzahürü kimi meydana çıxdı. İlahi ədalət isə özündə bir çox məqamları birləşdirir, doğma el-obaya təşnə könüllərə dinclik gətirir. Bu gün qərbi azərbaycanlılar ürəklərinə hakim kəsilmiş dinclik və əminlik hissinin təsiri ilə yaşayıb-yaradır, böyük qayıdışın yetişəcəyi anı səbirsizliklə gözləyirlər. Onlar, həmçinin, təmsil etdikləri sahələrdəki fəaliyyətləri ilə bu müqəddəs amal uğrundakı ideoloji mübarizəyə kömək göstərir, dəstəklərini əsirgəmir, mübarizələrinin haqqa söykəndiyini bütün varlıqları ilə dərk edirlər. 

Varlığına, həyat yoluna Qərbi Azər­baycan sevdası hakim kəsilmiş soy­daşlarımızdan biri də odur – görkəmli yazıçı-dramaturq, şair-publisist, dövlət xadimi və ən nəhayət gözəl ziyalı Hi­dayət Orucov. “Xalq qəzeti” olaraq onun keçmiş sovet dövrünün populyar nəşr­lərindən sayılan “Literaturnaya qazeta”­nın 3 sentyabr 1993-cü il tarixli sayında yayımlanmış müsahibəsini təqdim edi­rik. Hidayət müəllimin həmin müsahibə­də bölüşdüyü fikirlər Zəngəzur, Göyçə sevgisini məxsusi çalarlarla zənginləş­dirməklə yanaşı, tarixi həqiqətlərə də işıq salmaq baxımından son dərəcə əhəmiyyətlidir. Onu da bildirək ki, mü­sahibə Hidayət Orucovun müəllifi oldu­ğu “Burdan min atlı keçdi” kitabından götürülüb.

– Hidayət bəy, öncə “LQ” nın oxu­cuları üçün özünüz barədə danı­şın: Siz kimsiniz, hardansınız, əsli­niz-kökünüz hardandır?

– Mən əslən Zəngəzurdanam. 44-cü ildə Mığrı rayonunun Maralzəmi kəndin­də doğulmuşam. Zaqafqaziyanın sovet­ləşməsindən sonra tarixən türklərin ya­şadığı Zəngəzur Ermənistanın tərkibinə qatıldı. Ermənilər burda, olsa-olsa 1501-ci ildən sonra görünməyə başlayıblar, bu etnos İrandan köçürülməyə başlayandan sonra. Təsadüfi deyil ki, çar Rusiyası za­manında Zəngəzur uyezdi Gəncə (Yeli­zavetpol) quberniyasının tərkibində idi.

Hə, mən Mığrıda orta məktəbi bitirib, Bakı Universitetinə qəbul olundum. İki il doğma kənddə müəllimlik etdim. Sonra məni “Sovet Ermənistanı” qəzetinə işə dəvət etdilər. Bu, İrəvanda Azərbaycan dilində çıxan respublika qəzeti idi. İki il burada çalışandan sonra məni 1968-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin etdilər, bu zaman 24 yaşım tamam ol­mamışdı, heç ağlıma da gəlməzdi ki, bu teatrda 16 il işləməli olacağam.

Bir sözlə, qayıdaq Mığrıya, ömrümün ilkin çağlarına. Yadımdadır, ilk şeirlərimin birində deyirdim ki, azərbaycanlı üçün Marsa uçmaq Təbrizə getməkdən asan­dır. “Dəmir pərdə” illərində Cənubi Azər­baycan sadə azərbaycanlı üçün nəsə fantastika kimi bir şey idi. Uşaq vaxtı sa­atlarla Arazın qırağında oturar, o tayda­kı həyata, yollar boyu düzülən at-eşşək karvanlarına tamaşa etməkdən doymaz­dım. Mənə elə gələrdi ki, bu karvanlar, bu yollar yalnız Təbrizə, yaxud Ərdəbilə gedir... İllər keçdi, bir xalqı iki bölən aşıl­maz sərhədlər açıldı, tikanlı məftillər da­ğıldı və uşaqlıq nağılları gerçək oldu. 

Bu yaxınlarda İrana getmişdim – Təb­rizdə də, Ərdəbildə də oldum. İndi isə yaşımın bu vaxtında uşaqlığımda oldu­ğu kimi, vətənimin, Mığ- rının dözülməz həsrətini çəkirəm. Təbriz həsrətini ondan da ağrılı, acılı olan itirilmiş vətən həsrəti əvəz edib. Mən axı, əvvəllər heç Təbri­zi görməmişdim, Təbriz mənim yeniyet­məlik yuxularımın, uşaqlıq xəyallarımın şəhəri idi. Bu şəhər barədə xəyallara dalmaq xoş idi, ağrılı deyildi. Mığrıda isə hər cığır, hər daş mənə tanışdır. Ümu­miyyətlə, bəzən mənə elə gəlir ki, əgər Zəngəzurda doğulmasaydım, bəlkə də heç yazıçı olmaz, əlimə qələm götür­məzdim.

– Niyə?

– Zəngəzurda məni əhatə edən hər şey poeziya idi – qarlı zirvələr də, göl­lərin ayna səthi də, gül ləçəkləri kimi üz-üzə dayanan sal qayalar da, güllərin, otların min bir ətri-rayihəsi hopmuş hava da. Bu yaxınlarda Bakıda yeni şeirlər ki­tabım nəşr edilib. Böyük bir bölməsi elə beləcə də adlanır: “Həsrət”.

...Gərək kəndimizdən çıxmayaydım heç, 

Çapa verməyəydim beş-on şeirimi, 

Özüm isidəydim öz nəfəsimlə 

Öz doğma yurdumu, doğma yerimi.

Gərək öz dağımın yelli sazında, 

Gərək öz bağçamın ilkin yazında 

Axaydı üzümə alnımın təri, 

Onda itərdimi babamın qəbri,

Onda çatlardımı atamın qəbri... 

Gərək kəndimizdən çıxmayaydım heç!

– Valideynləriniz kim olub...

– Sadə kənd adamları. Atam vəfat edəndə heç məktəbə getmirdim. Mən sonbeşiyəm, ailədə dörd bacı, üç qarda­şıq. Ailəmiz iki dəfə qaçqınlıq taleyi yaşa­yıb. Birinci dəfə 1918-ci ildə, daşnaklar Zəngəzuru zəbt edib, azərbaycanlıları ordan qovanda. Onda dəhşətli qırğınlar olub, saysız-hesabsız insanlar məhv edilib. Bizimkilər ailəliklə qonşu Zəngi­lana sığınıblar. Yalnız Sovet hakimiyyəti qurulduqdan sonra öz vətənimizə qayıda bildilər. Ata yurdumuz tamamilə dağıdılıb tar-mar edilibmiş. Ancaq böyük və zəh­mətsevər ailəmiz tədricən bu xarabalığı yenidən şənləndirə bilib. 18-ci ilə qədər Maralzəmi Mığrının böyük kəndlərindən biri idi. Faciəli hadisələrdən sonra kənd adamlarından kimi həlak oldu, kimi bir daha geri qayıtmadı və böyük bir oba seyrəlib-sıxılıb 20-30 evdən ibarət oldu. 1988-ci ildə Sovet imperiyasının da­yaqları laxlayanda ailəmiz, on minlər­lə didərgin azərbaycanlı kimi, yenidən qaçqına çevrildi. Orda - Mığrıda nənə­min, atamın, böyük qardaşımın qəbirləri qalıb. Və bir də mənim ürəyimin məzarı qalıb orda.

– Hidayət bəy, bu xatirələr yumağını sonsuzluğacan çözsən də qurtar­maz. Mənsə Sizdən bir şeyi soruş­maq istəyirəm: Siz Bakıya köçəndə artıq formalaşmış yazıçı, yaradıcılıq baxımından yetkin bir adam idiniz. Ermənistanda çoxlu dostlarınız vardı, erməni ziyalıları ilə şəxsi və yaradıcılıq əlaqələriniz mövcud idi. Hətta Ermənistanın əməkdar mə­dəniyyət xadimi fəxri adı ilə təltif edilmişdiniz. Xahiş edirəm səmimi deyəsiniz, orda özünüzü necə hiss edirdiniz, necə yaşayır, işləyirdiniz?

– İrəvanda 18 il yaşamışam. Bu, mənim ömrümün ayrılmaz, maraqlı bir zaman kəsiyidir. Uzun müddət Ermə­nistan Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü, Azərbaycan Ədəbiyyatı Şurasının sədri olmuşam. Deyə bilmərəm ki, öm­rümün bu illəri haqqında xatirələrim an­caq qara rəngdədir. Sevimli işim, evim, dostlarım (həm də erməni yazıçıları ara­sında) vardı. Ümumiyyətlə, qeyd edim ki, 1948-53-cü illərdə həmvətənlərimin Er­mənistandan “könüllü”, əslində isə zorla deportasiyasına qədər bu respublikada çox güclü və nüfuzlu bir Azərbaycan - türk mühiti mövcud idi. Etnik təmizləmə­nin bu mərhələsində, heç şübhəsiz, Er­mənistanda Azərbaycan mədəniyyətinə ciddi zərbə vuruldu. Yadımdadır, qırxın­cı illərin axırlarında doğma kəndimizdə təzə ikimərtəbəli evimizi tikib qurtarmış­dıq, içəridə bər-bəzək və tamamlama iş­ləri gedirdi. Ancaq böyük qardaşımın bu işə heç əli qızmırdı. Nədənsə, əmin idik ki, yenə də bizi doğma ocaqdan didərgin salacaqlar. 

O vaxtlar evimizdə ən dəhşətli kəlmə “köçürülmə” sözü idi. Sonra isə müəyyən bir sakitlik yarandı, evimizi tikib tamam­ladıq, normal həyata başladıq. 60-cı il­lərin ortalarından isə azərbaycanlıların qəlbində yenidən həyəcanlar baş qaldır­dı. Bu həyəcan mənim sonralar köçmüş olduğum İrəvanın da havasında dolaş­maqda idi. Hələ o vaxtdan məlum qüv­vələr şovinist-millətçi təbliğatla məşğul olurdular. “Qarabağ bizimdir”, “Türkiyə­nin üçdən biri bizimdir”, “Naxçıvan bizim­dir” kimi şüarlar adi hal almışdı, 1965-ci ilin aprelində bu cür şüarlarla Opera Ba­let Teatrında mitinq keçirildi. Elə hər şey də yenidən o vaxtdan başlandı.

– Yəni erməni ziyalılarının hamısı açıq millətçi ruhda köklənmişdi?

– Mən belə deməzdim. Məsələyə ob­yektiv yanaşan adamlar da vardı. Belələ­ri üçün, deyək ki, 1915-ci il hadisələri tarix idi. Onlar fikirləşirdilər ki, əlbəttə, bu tarixi bilmək, öyrənmək, yadda sax­lamaq lazımdır, ancaq fetişləşdirmək, bayrağa çevirmək olmaz. Təəssüf ki, sağlam düşüncələr barmaqla sananırdı. Əksəriyyəti, xüsusən də xaricdən köçüb gəlmiş ermənilər zərərli ehtirasları qızış­dırırdılar. Ən təhlükəli də o idi ki, kon­frontasiya siyasəti tədricən rəsmi dövlət səviyyəsində aparılmağa başlamışdı. Başda duranlardan biri Hovhannes Bağ­dasaryan idi, Mərkəzi Komitənin ikinci katibi, sonralar mədəniyyət naziri, Er­mənistan SSR Ali Soveti Rəyasət Heyəti Sədrinin birinci müavini. Həmin Bağda­saryan Ermənistan ərazisində qədim Azərbaycan toponimlərinin, coğrafi adla­rın dəyişdirilməsi üçün kampaniya təşkil etmişdi. Ona Şəhər Partiya Komitəsinin ideologiya üzrə katibi Albert Stepanyan çox yaxından kömək göstərirdi. 

60-70-ci illərdə Ermənistanda no­menklatur vəzifələrdə çalışan azərbay­canlıların sıxışdırılmasına başlandı, əvəzində həmin vəzifələrə yalnız erməni millətindən olanlar gətirildi. Bu təmayül müxtəlif formalarda özünü göstərirdi. Məsələn, 60-cı illərin ortalarına qədər həftədə 5 dəfə çıxan “Sovet Ermənis­tanı” qəzeti üçgünlük rejimə keçirildi, Azər-baycan dilində nəşr edilən kitabla­rın sayı azaldıldı və s.

– Hər halda, 80-ci illərin ortalarına qədər hər iki xalqın qarşılıqlı müna­sibətləri müəyyən mənada normal idi. Nəticədə qanlı qırğına çevrilən son qarşıdurma hardan, nədən baş­ladı? Yenidənqurma illərində hamı­mızın şahidi olduğumuz hadisələrin kökü, əsas səbəbi nədəndir?

– “Qarabağ milli-azadlıq” hərəkatı de­yilən hərəkat daşnak partiyasının proq­ram şüarlarından olan “Böyük Ermənis­tan” ideyası ilə birbaşa əlaqəlidir. Hətta erməni şairi Hamo Sahyanın sözlərinə bəstələnmiş belə bir mahnı da var: “Də­nizdən-dənizə”. Yeri gəlmişkən, Hamo Sahyan əslən Bakıdandır və Yazıçılar İttifaqına da Bakıda üzv olub. Bunu elə-belə sözgəlişi deyirəm. Bəla ondadır ki, erməni ziyalıları kütlələri “Böyük Ermə­nistan” xülyası ilə yoluxduraraq düşün­mədilər ki, təcrübədə bu hansı faciələri doğura bilər. “Tamaşanın” məşqi çoxdan aparılırdı, 1986-cı ildə isə pərdə açıldı və tamaşa başladı. “Perestroyka” adı altın­da eksperiment aparanlar başa düşmək istəmədilər ki, bu tamaşanın rejissorları­nı mükafatlandırmaqla və dəstəkləməklə öz eksperimentlərini əvvəlcədən uğur­suzluğa düçar edirlər. 

Qarabağ yenidənqurma yolunda təşkil edilmiş qəza idi. Qorbaçov şəx­siyyətdir. O, sonuncu dünya imperiya­sının, totalitarizm bastionunun binasını uçurmağa nail oldu. Ancaq Qarabağ məsələsində bağışlanmaz səhvə yol verdi. Bilirsizmi, Qarabağ 1989-cu ildə faktiki olaraq Ermənistana verildi. Hətta Siyasi Büronun qərarı da hazır idi, bir neçə siyasi üzvü bu qərarın altına imza da qoymuşdu. Yaxşı ki, hakimiyyətin yuxarı eşalonu ehtiyatlı, Qafqaz regio­nunu bilən siyasətçilərdən xali deyildi. Onlar ölkə rəhbərliyini bu düşünülməmiş tələsik addımdan çəkindirə bildilər. La­kin Qorbaçovun tez-tez dediyi kimi, artıq proses getmişdi. Qarabağ hadisələri bü­tün İttifaqda zəncirvari reaksiya doğurdu, milli məsələlərin güc tətbiq etməklə həlli kimi təhlükəli meyillər meydana çıxdı. Sonra Gürcüstanda, Moldovada belə ha­disələr baş verdi. Bütün bu münaqişələr İttifaqın çökməsini sürətləndirdi.

– Bu yaxınlarda erməni şairəsi Silva Kaputikyan “LQ”nin səhifələrində çıxış edərək demişdir: “Xalqlarımız arasında səmimi münasibətlərin qaytarılması üçün mən hər şeyə razı olardım”. Sizcə, Qarabağ hadisələ­rində erməni və Azərbaycan ziyalı­larının rolu nədən ibarət olmuşdur?

– Silva Kaputikyan, Hovhannes Şi­raz, Sero Xanzadyan, Zori Balayan, Ka­ren Simonyan və başqaları hər iki xalqı mənəvi və fiziki uçurum həddinə gətirib çıxarmış dağıdıcı proseslərin inkişafında böyük xidmətlər göstərmişlər. Bütün bun­lar mənim gözlərim önündə baş verib, dəfələrlə onlarla söhbətlər aparmış, mü­bahisələr etmişəm. İrəvanda yaşadığım son illər isə bizim münasibətimiz, demək olar, pozulmuşdu. Qarabağ hərəkatının ilhamçılarından son vaxtlaracan pis-yax­şı yalnız Sero Xanzadyanla söhbətləşə bilirdim. Sero Nikolayeviç, – deyirdim, – çətin vaxtlarda əlindən tutmuş, sənə həyan olmuş, atanın dostu azərbaycanlı kişi yadındadırım? Bu adamdan danı­şanda sən həmişə kövrələrdin, gözlərin yaşla dolardı. Sero Xanzadyan da əslən zəngəzurludur, azərbaycanlılarla ermə­nilərin birgə yaşadığı Gorus rayonundan­dır. Seroyla danışmaq olurdu, hətta onu ayrı-ayrı mövqelərdə olsaq da, fikrindən döndərmək, nəyə isə inandırmaq müm­kün idi... Silva Kaputikyanla, Hovhannes Şirazla, Zori Balayanla isə bu mövzuda danışmaq, sadəcə, mənasızdır.

– Lakin erməni ziyalıları arasında məsələyə daha real baxan adamlar da yox deyildi axı? Siz onlarla ün­siyyətdə olurdunuzmu?

– Elələri də vardı. Ancaq bilirsinizmi məsələ necəydi? Kim ki, öz əsərlərində “Böyük Ermənistan” ideyasını tərənnüm etmirdi, kim ki, realist idi, dəhşətli hü­cumlara məruz qalırdı. Azərbaycanda da Ermənistanda da hamı bilirdi ki, mən Vartges Petrosyanla dost idim. O, tez-tez mənə deyərdi: İldə 365 gün var, bunun 363-ü biz dostuq. İki gün isə – sən “Neft­çi”yə, mən “Ararat”a azarkeşlik edəndə biz ayrılacağıq. Mən İrəvandan gedən­dən sonra da əlaqə saxlayırdıq. Vartges hesab edirdi ki, ermənilər artıq tədricən “əbədi yas” duyğusundan çıxmalıdırlar. 15-ci illə yaşamaq olmaz, nəsilləri qon­şu xalqlara qarşı və konfrantansiya ru­hunda tərbiyə etmək olmaz, – deyirdi. Və erməni mədəniyyətinin atası hesab edilən, erməni ədəbiyyatı və erməni ya­zıçıları üçün, doğrudan da, çox xidmətlər göstərmiş bu adama qarşı öz vətənində ləyaqətsiz bir kampaniya təşkil edildi.

– Bu kampaniya özünü konkret nədə göstərirdi?

– Əvvəla, mətbuatda Vartgesi pis­ləyən məqalələr peyda oldu. “Boş kətil­lər arxasında ad günü” romanı işıq üzü görəndən sonra isə İrəvan Universite­tinin tələbələri kitabın nümayişkaranə yandırılmasını təşkil etdilər.

(ardı var)

“Literaturnaya qazeta”, 3 sentyabr, 1993



Müsahibə