Bu, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən 17-ci Karyera Sərgisində baş verib! Sərgidə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, özəl sektor təmsilçiləri və universitet rəhbərliyi iştirak ediblər.
Universitetin rektoru Zəfər Qurbanov giriş sözündə bu cür sərgilərin gənclərin real əmək bazarına inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. Rektor qeyd edib ki, ADAU-nun əsas məqsədi təkcə nəzəri bilik verən təhsil müəssisəsi olmaq deyil, eyni zamanda tələbələri müasir dövrün tələblərinə cavab verən peşəkar kadrlar kimi formalaşdırmaqdır.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edilib. Kənd təsərrüfatı təkcə ərzaq təhlükəsizliyinin təminatçısı deyil, həm də regionların sosial-iqtisadi inkişafının, məşğulluğun artırılmasının və innovativ texnologiyaların tətbiqinin mühüm platformasıdır.
Nazir Məcnun Məmmədov əlavə edib ki, ADAU elmi biliklərlə zəngin, beynəlxalq təcrübəyə malik, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması işinə misilsiz töhfələr verməkdədir. Son illərdə universitet tərəfindən həyata keçirilən islahatlar – maddi-texniki bazanın gücləndirilməsi, ikili diplom proqramları, beynəlxalq əməkdaşlıqlar, startap və innovasiya təşəbbüsləri, tələbələrin xarici təcrübə proqramlarında iştirakı təhsilimizin gələcəyinə böyük ümidlər bəsləməyə əsas verir. Karyera sərgiləri gənclərin iqtisadiyyatın real sektorları ilə tanış olması, işəgötürənlərlə birbaşa ünsiyyəti, gələcək karyera istiqamətləri ilə bağlı doğru qərarlar verməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə və “Prime Cotton” MMC-nin icraçı direktoru Rövşən Mahmudov sərginin gənclərin peşə inkişafında, məşğulluğun təmin olunmasında və dövlət-özəl sektor əməkdaşlığının güclənməsində əhəmiyyətini vurğulayıblar.
Sərgi zamanı iştirakçılar 150-dən çox şirkət və müəssisənin stendləri ilə tanış olub, işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və mövcud vakansiyalar, təcrübə proqramları barədə məlumat almaq imkanı əldə ediblər. 17-ci Karyera Sərgisi çərçivəsində məzunlara 1000-dən çox vakansiya təqdim olunub.
Sərgi çərçivəsində “Prime Cotton” MMC ilə əməkdaşlıq çərçivəsində ADAU-da yaradılan Karyera və Əməkdaşlıq Mərkəzinin rəsmi açılışı da olub. Mərkəzin əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, onları real iş mühiti ilə tanış etmək, eləcə də şirkətin kadr ehtiyaclarının qısa, orta və uzunmüddətli perspektivdə təmin olunmasıdır. Mərkəz vasitəsilə pambıqçılıq sahəsinə maraq göstərən tələbələr üçün bir sıra fəaliyyətlər həyata keçiriləcək. Tələbələr “Gənc Aqronom” və “Gənc Mexanik” təcrübə proqramları barədə məlumat alacaq, I- IV kurs tələbələri arasından seçilən istedadlı gənclərlə “Prime Groups” komandaları yaradılacaq. Onların təlimlər, seminarlar, filial səfərləri və innovativ layihələrdə, o cümlədən “Agro Hackathon”da iştirak imkanları təmin olunacaq.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri