5 İyun Şairlər Günündə Dünya Azərbaycanlıları Konqresinin həmsədri, görkəmli ictimai-xadim, Xalq şairi Sabir Rüstəmxanlı redaksiyamızın qonağı oldu. Ondan “XalqTV” efiri üçün yenicə çapdan çıxmış əsərlərinin 15 cildliyi ilə bağlı müsahibə almaq istəyirdik. Amma yaradıcı kollektivimizin üzvləri şairin başına toplaşaraq onu söhbətə tutdular və biz də müsahibəni 1 saatlığına ertələyib kollektivlə görüşün təsir dairəsinə düşdük.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qonağı salamlayaraq bu görüşün məhz Şairlər Gününə təsadüf etdiyini vurğuladı və Sabir Rüstəmxanlının ibrətamiz “Ömür kitabı”, yaradıcılıq aspektləri, bir zaman onunla birlikdə Milli Məclisdə deputatlıq fəaliyyətinin bəzi məqamları barədə danışdı, birgə xarici səfərlərini, rəsmi dairələrdə və ictimai tədbirlərdə cəsarətli çıxışlarını yada saldı.
Sabir Rüstəmxanlı anadilli mətbuatımızın 150 illiyi ərəfəsində olan bu görüşdən məmnunluğunu bildirdi. O, hələ universitetin 4-cü kursunda oxuyarkən “Ədəbiyyat qəzeti”nə işə götürüldüyünü bildirdi və çətin jurnalist əməyinə bütün varlığı ilə bələd olduğunu diqqətə çatdıraraq, media təmsilçilərini yubiley münasibətilə təbrik etdi. Bir zamanlar “Yazıçı” nəşriyyatında baş redaktor, 20-ci əsrin sonunda müstəqillik dövrünün ilk qəzeti olan “Azərbaycan”ı buraxdığını, bir neçə il Mətbuat naziri olduğunu yada salan şair mətbuatın ictimai-siyasi və sosial həyatda rolunu yüksək dəyərləndirdi.
Sonra Xalq şairi Sabir Rüstəmxanlı görüş iştirakçılarının suallarını cavablandırdı, “Sağ ol, ana dilim”, “Salam, Gəncə qapısı”, “Qan yaddaşşı”, “Ömür kitabı” kimi əsərlərinin, nəsr nümunələrinin, publisistik yazılarının yaranma tarixçələrindən bəhs etdi. Özünün və digər qələm sahiblərinin azadlıq hərəkatında iştirakı ilə bağlı xatirələrini bölüşdü, bir neçə il deputatı olduğu Milli Məclisdə xalq naminə təəssübkeşlik örnəyi saydığımız çıxışlarına toxundu. Onun əsərlərinin 15 cildliyinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) təqdimatının yaddaqalan məqamlarına da toxunuldu.
Görüşdə redaksiya əməkdaşlarının şeirlər oxuması bir növ Şairlər Gününə yaradıcılıq hesabatı oldu və Sabir Rüstəmxanlı səslənən nümunələr barədə fikirlərini bildirdi. Sonda xatirə şəkilləri çəkdirildi.
Ardınca Xalq şairindən “XalqTV” üçün müsahibə aldıq. Sabir müəllim şeir sənətinə gəlişi, doğma yurdu Yardımlıda uca dağların başına çıxarkən Savalandan əsən yellərin, sərhəd zonasında cadar bağlamış torpağın harayının onu qələmə sarılmağa vadar etdiyi barədə duyğu və düşüncələrini dilə gətirdi. Ona xatırlatdıq ki, çoxcildliyin MEK-dəki təqdimatı görkəmli alimlərin, qələm sahiblərinin müəllif haqqında çox yüksək fikirlər söyləməsi ilə əlamətdar oldu. Məsələn, akademik Rafael Hüseynov şairin əsərlər külliyyatını obrazlı şəkildə “Azərbaycannamə” adlandırdı. Cavabında Xalq şairi bildirdi ki, yaradıcı bir insan kimi, 15 cildliyin nəşrini çiynindən ağır bir yükün götürülməsi kimi qəbul etsə də, bu, hələ son deyil və ömür vəfa etdikcə daha neçə cild əsər yazıb bir yerə toplamaq arzusundadır.
Beləcə, Şairlər Günündə redaksiyamızın qonağı olan Xalq şairi Sabir Rüstəmxanlı bütün şüurlu həyatını, yaradıcılığını azərbaycançılıq məfkurəsinə xidmətə, istedad və bacarığını xalqa, millətə həsr edən görkəmli ziyalılarımızdan biri kimi hər kəsdə xoş təəssürat, nikbin ovqat yaratdı.
Ə.DOSTƏLİ
XQ