Azərbaycan və Türkiyə media qurumlarının ortaq hədəfləri

post-img

Türkiyə–Azərbaycan media əməkdaşlığı fəal, davamlı xəbər mübadiləsi ilə yanaşı, qlobal informasiya savaşında ortaq dəyərlərin, strateji hədəflərin qorunması ilə bağlı əlbir səyləri də əhatə edir. Türkiyə Səfirliyi Mətbuat müşavirliyi və Azərbaycanın Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi müzakirədə bu mövzu ilə bağlı ətraflı diskussiya keçirildi.

"Türkiyə - Azərbaycan Media Platforması" çərçivəsində keçirilən və dezinformasiyaya qarşı mübarizənin aktuallığına həsr edilmiş müzakirədə düşmən mərkəzlərin ölkələrimizə qarşı yaydığı dezinformasiyanın yaratdığı təhlükələr, onunla mübarizə yolları və bu sahədə iki ölkənin ortaq strategiya formalaşdırmasının vacibliyi vurğulandı.

Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir "Bir millət, iki dövlət" gerçəyinin media sahəsində daimi mövzulardan birinə çevrilməsinin vacibliyini söylədi. O bildirdi ki, iki ölkənin mediası qurumları arasında əlaqələrdə birgə fəaliyyəti təmin etmək üçün Türkiyə Azərbaycan Media Platforması çərçivəsində 6 komitənin yaradılması nəzərdə tutulur.

STM-in İdarə Heyətinin rəhbəri, Milli Məclisin deputatı Zahid Oruc isə qeyd etdi ki, informasiya savaşında yalan məlumatın sərhədlər aşan silaha çevrildiyi bir dövrdə Azərbaycan və Türkiyə dost və qardaş ölkələr kimi informasiya təhlükəsizliyi sahəsində birgə strategiya formalaşdırmalıdır. O, media əməkdaşlığının yalnız xəbər mübadiləsi ilə məhdudlaşmayıb, ortaq dəyərlərin, milli maraqların və strateji mövqelərin qorunmasını da ehtiva etməli olduğunu söylədi.

Müzakirələrdə sosial mediada yalan məlumatların sürətlə yayılması, süni intellektlə yaradılan saxta məzmunlar və informasiya manipulyasiyası ilə mübarizədə ortaq media monitorinqi mərkəzlərinin yaradılması təklifi də gündəmə gətirildi. Qeyd edildi ki, söylənən mülahizələr yalnız iki ölkə arasında deyil, bütövlükdə türk dünyasında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə, milli maraqların müdafiəsinə və ortaq platformaların inkişafına hədəflənib.

Namiq QƏDİMOĞLU
XQ

Sosial həyat