Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda xristianlıq: Tarix, müasir dövr, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Müzakirəni giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycan, tarixən müxtəlif sivilizasiyaların və dinlərin qovuşduğu bir coğrafiyada yerləşir. Ölkəmizdə əsrlər boyu müxtəlif etnik və dini qruplar birgə qarşılıqlı hörmət və sülh şəraitində yaşamışlar. Bu harmoniyanın əsas sütunlarından biri isə Azərbaycanda mövcud olan dini müxtəliflikdir. Dini müxtəliflik ölkəmizin zənginliyidir.
Qeyd edilib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu zənginliyin təşviqi və təbliği istiqamətində geniş fəaliyyət göstərir. Xristian icmaları ilə əməkdaşlıq, onların mədəniyyətinin və dini irsinin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi və beynəlxalq aləmə təqdim olunması üçün davamlı. əhatəli iş aparılır. Azərbaycanda hər bir dinin, eləcə də xristianlığın dinc, azad və təhlükəsiz şəkildə mövcud olması ölkəmizin tolerantlıq modelinin real göstəricisidir.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksey Smirnovun moderatorluğu ilə davam edən müzakirədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev qeyd edib ki, Azərbaycanda digər dinlərin nümayəndələrinə qarşı heç vaxt ayrı-seçkilik edilməyib və bu ənənə bu gün də uğurla davam etdirilir. Bakı Dağ Yədudiləri Dini İcmasının sədri Milix Yevdayev isə bildirib ki, tarixən bu torpaqlarda müsəlmanlar, yəhudilər, xristianlar və digər dinlərin nümayəndələri dinc və qarşılıqlı hörmət əsasında birgə yaşayıblar.
Sonra yepiskop Aleksey Smirnovun “Azərbaycanda pravoslavlıq: dünən, bugün, sabah”, Alban-Udi Dini İcmasının sədri Robert Mobilinin “Dini konfessiyalararası məkanda Alban (Qafqaz) kilsəsinin Alban-Udi pravoslav xristian icmasının modeli”, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının nümayəndəsi Jozef Marekin “Katolik Kilsəsi Azərbaycanın dini palitrasında”, Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilovun “Azərbaycanda son 30 ildə protestant xristianlığın inkişafı və fəaliyyəti”, Azərbaycanın Yevangelik-Lüteran İcmasının nümayəndəsi Vera Nesterovanın “Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər” mövzularında məruzələri dinlənilib.
Məclis iştirakçıları Azərbaycanda Rus Pravoslav Kilsəsinin tarixi haqqında video-çarxa və ölkəmizdə dini tolerantlığı əks etdirən fotosərgiyə də baxıblar.
T.RÜSTƏMLİ
XQ