ABŞ mütəxəssisləri oturaq işlə sidik sistemi xərçəngi arasında əlaqə olduğunu bildiriblər. Onlar 2 min nəfərin iştirak etdiyi eksperimentdən sonra bu qənaətə gəliblər.
Könüllü təcrübəyə cəlb edilənlər böyrək xərçəngi, eləcə də sidik kisəsi xərçəngi diaqnozu qoyulmuş xəstələr olub. Sağlam könüllülər isə ayrı bir qrupda nəzarətə götürülüblər. Bütün iştirakçılar yenidən tibbi müayinələrdən keçirilib.
Əldə edilən məlumatları tədqiq edən həkimlər böyrək və sidik kisəsində bədxassəli şişləri olan könüllülərin 70 faizdən çoxunun oturaq işlə məşğul olduğunu və ümumiyyətlə, gün ərzində az hərəkət etdiyini müəyyən ediblər.
Sağlam könüllülər qrupu isə gündəlik həyatlarında daha yüksək fiziki fəallıq göstərənlər olub.
Alimlər qeyd ediblər ki, böyrək və sidik kisəsi xərçənginin inkişafında əsas amilin insanın kifayət qədər fiziki fəaliyyət göstərməməsi olduğunu tam əminliklə söyləmək hələ mümkün deyil. Bu, digər tədqiqatlarla da təsdiqlənməlidir. Buna baxmayaraq, mütəxəssislər insanlara belə təhlükəyə məruz qalmamaq üçün daha çox hərəkət etməyi tövsiyə edirlər.
Z.HÜSEYNLİ
XQ