AYB katibi Avropa Elm və Sənət Akademiyasına üzv seçilib

post-img

Şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Avropa Elm və Sənət Akademiyasının həqiqi üzvü seçilib. XQ-yə açıqlamasında S.Babullaoğlu bu haqda xəbəri səfərdə ikən aldığını bildirib:

“Moldova Respublikasında səfərdə idim. Avropa Elm və Sənət Akademiyasının prezidenti Klaus Maynzer (Klaus Mainzer) və akademiyanın üzvlərlə əməkdaşlıq şöbəsinin rəhbəri İnqrid Firtalerdən (İngrid Vierthaler) bu haqda rəsmi məktub aldım. Bəzi formallıqlar var, yaxın vaxtlarda həll olunacaq. Məktubda qeyd olunur ki, Akademiyanın 35 yaşı, elmin və sənətin müxtəlif sahələrini (humanitar elmlər, tibb, incəsənət, təbiət elmləri, sosial elmlər, hüquq və iqtisadiyyat, texniki və ətraf mühitlə bağlı elmlər, bir də dünya dinləri) təmsil edən dünyadan, xüsusən Avropa ölkələrindən1900 üzv və onların da sırasında 29 Nobel mükafatçısı var. Belə anladım ki, üzvlük 3 kateqoriyadadır: həqiqi üzvlər, fəxri üzvlər, bir də rəyasət. Məni “incəsənət” kateqoriyası üzrə seçiblər, namizədliyimi Rumıniya tərəfi verib. Dəstəkləyənlər də olub, təbii ki. Çünki bildiyim qədərincə, proses seçki ilə baş verir. Akademiyanın mərkəzi ofisi Avstriyada, Zalsburqda yerləşir. Növbəti ilin martında Zalsburqda keçirilən üzvlüyün təqdimatı, yaxud məktubda yazıldığı kimi inaqurasiya mərasimində iştirak üçün də dəvət almışam. Namizədliyimi irəli sürən və dəstəkləyən hər kəsə, şəxsən cənab Klaus Maynzerə təşəkkür edirəm. Ümid edirəm, bunun bizim ədəbi əlaqələrimiz üçün faydası olacaq”.

XQ

Sosial həyat