Kasprşikin yenidən zühuru

post-img

Hərbi və beynəlxalq hüquq müstəvisində uduzan İrəvan yenə köhnə bayatılar səsləndirir

İrəvan özünü saldığı siyasi labirintdən çıxış yolları axtarışındadır. Reallığın təməl prinsipləri sayılan haqqı və ədaləti bir kənara qoyub, yalan və dezinformasiya ilə “silahlanan” Ermənistan iqtidarı özünün şər təbliğatına yeni tərəfdaşlar cəlb etməyə çalışır. Bu “prosesdə” İkinci Qarabağ savaşına qədərki dəstəkçilərindən, Bakının tarixin arxivinə göndərdiyi ATƏT-in Minsk qrupu kimi amorf təşkilatdan da yararlanmağı unutmur. 

Hökumətə yaxın informasiya agent­likləri xəbər verirlər ki, Ermənistan xa­rici işlər naziri Ararat Mirzoyan İrəvan­da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşüb. Məlumatda o da vurğulanır ki, Ermənistana ATƏT sədrinin xüsusi tapşırığı çərçivəsində gələn şəxsi nü­mayəndənin vəzifəsi Laçın dəhlizinə (?) baş çəkmək və oradakı mövcud vəziy­yət barədə hesabat hazırlamaqdır. Gö­rüşdə, həmçinin, bölgənin təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə edilib. Bu mövzu ətrafında “xüsusi olaraq da­yanan” Mirzoyan Azərbaycanın Laçın dəhlizini (?) qanunsuz olaraq blokla­ması nəticəsində Dağlıq Qarabağda (?) humanitar böhranın dərinləşməsini “yüksək qonağın” nəzərinə çatdırıb və beynəlxalq birlik, o cümlədən, ATƏT tərəfindən təcili və effektli addımların atılmasının vacibliyini bəyan edib. Hay­ların baş diplomatının qənaətincə, yal­nız bu yolla yetişməkdə olan “dəhşətli humanitar fəlakətin fəsadlarının qarşısı­nı almaq” mümkün olar. 

* * * 

Ararat Mirzoyan neçə aydır eyni yalanları, dezinformasiyanı, ideolo­ji təxribatı təkrarlamaqdan yorulmur. Dünyanın ən ali beynəlxalq qurumu sa­yılan BMT-nin Təhlükəsizlik Şurasında uğradıqları məğlubiyyətin tüstüsü baş­larından getməmiş bunlar yenə yük­sək statuslu təsisatların Azərbaycana təzyiq göstərmək variantlarını axtarır. Təmsil etdiyi qurumundan və özündən dəftərxana qoxusu gələn Kasprşikin ardınca anti-Azərbaycan diplomatik fəaliyyətini davam etdirən A.Mirzo­yan gündəliyini “məşğul etmiş vacib məsələr barədə” Polşanın Xarici işlər naziri Zbiqnev Rau ilə telefon danışığı aparıb. Telefonda polşalı nazirə “8 ay­dan çox müddət ərzində Azərbaycanın Laçın dəhlizini (?) blokadada saxla­ması nəticəsində Dağlıq Qarabağda (?) humanitar böhranın kəskinləşmə­si” barədə “müfəssəl” hesabat verib. Hayların baş diplomatı bölgənin bütün “erməni rayonlarında” həyat şəraitinin ağırlaşdığını, yaşayış ritminin pozul­duğunu, 120 min (?) insanın elemen­tar hüquqlardan məhrum olduğunu, onların gündəlik tələbat mallarına olan ehtiyacının 90 faizinin Ermənistandan idxal edildiyini çatdırıb. 

Bununla da kifayətlənməyən Mir­zoyan Azərbaycanın “Dağlıq Qarabağı (?) etnik təmizləməyə məruz qoymaq niyyətinin qarşısının alınması zərurə­tindən” bəhs edib, bunun üçün “bey­nəlxalq birliyin müraciətlərinin kifayət etmədiyini, konkret hərəkətlərə ehtiyac duyulduğunu” xüsusi olaraq vurğulayıb. 

Yəni, eyni “arqumentlər”, təkrar “izahatlar”, məsuliyyətsiz hesabatlar və heç bir fakta və sübuta söykənməyən ittihamlar. Mədət umduqları dünya birliyinin bu “sınıq val mahnılarından” yorulduğunu özləri də bilə-bilə yenə dezinformasiyanı üfürməkdən usan­mırlar. 

* * * 

Ermənistanın xarici işlər nazirinin “blokada”, “humanitar böhran”, “etnik təmizləmə”, “beynəlxalq mexanizm” kimi kökdən düşmüş notlar üzərində “solo ifasını” bu dəfə Lüksemburq Bö­yük Hersoqluğunun Xarici işlər naziri Jan Asselborn dinləməli olub. Bu dəfə Dağlıq Qarabağ (?) ermənilərinin ərza­ğa, dava-dərmana və digər gündəlik tələbat mallarına təcili ehtiyac duyduq­larını yazıq səslə telefonda Lüksem­burq diplomatiya idarəsinin başçısının qulağına çatdıran Mirzoyan bölgədə fəaliyyət göstərən yeganə beynəlxalq humanitar təşkilat olaraq Qırmızı Xaç Komitəsinin fasiləsiz işinin təşkilini va­cib saydıqlarını deyib. 

Söhbət o Qırmızı Xaç Komitəsin­dən gedir ki, Azərbaycan sərhədçiləri təcili yardım maşınlarında qaçaqmal­çılıqla məşğul olduğunu foto-video çəkilişlərlə sübuta yetirdi və bütün dünyanın nəzər-diqqətinə çatdırdı. İndi Mirzoyan, guya, Qarabağ erməniləri­nin yeganə ümid yeri kimi korrupsiya­ya bulaşmış bu bədman beynəlxalq təşkilatın yardımından söz açır. Necə deyərlər, bunlar pis niyyətlərinə, çirk­li əməllərinə bulaşdırmadığı təşkilat, ölkə qoymadılar. Amma ən maraqlısı budur ki, onlar hər şeyi görür, başa dü­rür və ...susurlar. 

Hayların baş naziri avropalı dip­lomatın diqqətinə Beynəlxalq Məh­kəmənin Laçın dəhlizi (?) və Dağlıq Qarabağa (?) humanitar əlçatanlığın təminatı barədə bu ilin 22 fevral və 6 iyul qərarlarını tam təhrif etməklə çatdı­rıb. Əslində, o, bununla tək nazirin de­yil, ölkənin rəyini manipulyasiya etmək yolunu tutub. Düz deyiblər ki, vərdiş halını almış adəti, davranışı tərgitmək çətin məsələdir. Bundan daha betəri isə vərdişə çevrilən belə davranışlar­dan utanmamaq, onlara görə xəcalət çəkməməkdir. 

Tofiq ZÜLFÜQAROV,
Azərbaycanın sabiq Xarici işlər naziri

BMT Təhlükəsizlik Şurası­nın məlum iclası onu göstərdi ki, Azərbaycanı ittiham etmək üçün təkcə Ermənistan yox, bir sıra qüvvələr birləşib. Buna real əsas olmadığı halda, uydurma mövzu­nu ortaya atdılar, amma nəticədə özləri ifşa olundular. Burada söh­bət ondan getmir ki, bizim hərbi gücümüz çatır, ya çatmır, siyasi iradəmiz yetərincədir, ya yox? Başa düşməliyik ki, bu məsələdə çox ehtiyatlı davranmalıyıq. Ona görə yox ki, kimdənsə qorxuruq. Sadəcə məqsədimiz orada qal­dırılan problemləri həll etməkdir ki, məqsədimizə çataq. Yəni üç­rəngli bayrağımızı Xankəndiyə sancaq. Amma aydındır ki, bu, həm də emosional mövqedir. Biz elə vəziyyət yaratmalıyıq ki, həm öz məqsədlərimizə çataq, həm də bizə qarşı əsassız siyasi itti­hamlar irəli sürmələri üçün düş­mənlərimizə bəhanə verməyək. Ermənistanın yanında böyük bir dəstəkçilər qrupu yaranıb və göz­ləyirlər ki, hansısa məsələdə bizi ittiham eləsinlər. Bu məsələ er­mənilərin möhtac qaldığı sonun­cu şansıdır. 

Hərbi və beynəlxalq hüquq baxımından onlar uduzublar, indi hansısa məsələni saxtalaşdırıb bizə qarşı istifadə etməyə çalışır­lar. Hələlik, bölgədə genişmiqyas­lı hərbi əməliyyatları görmürəm, amma hansısa lokal toqquşmala­rı istisna etmirəm. Əməliyyat şərti sərhəddə ola bilər. İndi Qafan ae­roportu mövzusu gündəmə gəlib. Bu baxımdan bizi maraqlandıran əsas ərazi Zəngəzurdur. Ermə­nilər cəhd edirlər ki, gərginliyi Qarabağda yaratsınlar, Zəngəzur gündəmdən çıxsın. Əslinə qalsa, Təhlükəsizlik Şurasının iclasında da onların məqsədi bu idi. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”



Siyasət