Azərbaycanın hədəfləri məlum, yolu aydındır

post-img

Məqsədimiz ərazi bütövlüyümüzün təmin edilməsi, bərpa-quruculuq və hamı ilə səmərəli əməkdaşlıqdır 

Bizim ölkəmiz rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Bildiyiniz kimi, Rusiya və Amerika silahlı qüvvələrinin yüksək səviy­yəli nümayəndələri, çox yüksək, yəni ordu qərar­gahlarının komandanla­rı, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bu isə bizə olan etimadın, etibarın göstəricisidir. Belə görüş­lər dörd və ya beş dəfə ke­çirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir, hətta elə ölkələr arasında ki, on­lar hər zaman rəqabətdə­dir. Yəni, bu, o vaxt idi ki, bu rəqabət dinc aparılır­dı. İndiki şəraitdə isə belə təmaslar potensial ola­raq Azərbaycanda yenə də bərpa edilə bilər.

Prezident İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda təşkil olunan Qlobal Media Forumunda sualları cavablandırarkən səsləndirdiyi fikirlərdən.

Şuşa, 21 iyul 2023-cü il

Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəflər, əsas məqsədlərimiz və tutduğumuz yol haqqında qələmə almaq istədiyimiz sətirlərin əvvəlində ölkəmizin rəqabət məkanı deyil, əməkdaşlıq ünvanı kimi qəbul edilməsinin göstəricisi olan faktı yada salmağımız təsadüfi deyil. Çünki elə bu məqam da 1993-cü ilin yayından bəri Azərbaycanın əsas hədəflərindən biri olub. 

Ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında ölkədə siyasi hakimiyyətə qayıdandan sonra bəyan etmişdi ki, bizim qarşımızda duran əsas vəzifələr dövlət müstəqilliyimizin əbədiləşdiril­məsi, ölkəmizin ərazi bütövlüyünün tam bərpa edilməsi, vətəndaşlarımı­zın sosial rifahının yaxşılaşdırılması, yaxın qonşularımız, Türkdilli dövlətlər, İslam dünyası, bütün ölkələr və bey­nəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşklıq etməkdən ibarətdir. Yəni bu məqsədlərin – hədəflərin heç birin­də kimisə qıcıqlandıracaq fakt yoxdur. Biz tam sivil siyasi kurs götürmüşdük və həmin kurs bizi uğurlardan-uğurlara doğru aparır. 

Azərbaycanla eyni vaxtda dövlət müstəqilliyi qazanmış Ermənistan isə elə ilk günlərdən min illər boyu bu əra­zidə mövcud olmuş, 1991-ci ildə isə BMT tərəfindən tanınmış Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etmiş, terror, təxribat, separatçılıq və işğalçılıq kimi mənfur fəaliyyəti dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Əslində, bu fakt dünya dövlətlərinin və beynəlxalq təşkilatların Azərbaycanın ədalətli mövqeyini ki­minləsə müqayisə etməsi üçün olduq­ca əhəmiyyətlidir.

Biz 2003-cü ilin payızından sonra da qarşımızda duran hədəflərə doğ­ru aydın və konkret xətlər üzrə get­məyi davam etdirdik. Təbii ki, ordu quruculuğuna daha böyük önəm ver­məklə. Məhz həmin önəmin nəticəsi idi ki, bütün qonşularına qarşı ərazi iddialarından əl çəkməyən, hətta, Azərbaycan ərazilərinin 20 faizini iş­ğal edərək viranəyə çevirmiş Ermə­nistan dövlətinə son iki əsrın ən yad­daqalan “dərs”ini verdik. Fikrimcə, Ermənistanın kapitulyasiya aktına imza atması Azərbaycanın hədəflərə doğru gedən yolundakı ən möh­təşəm nəticəsi idi. 

2020-ci ilin payızından – işğalçı düşmən üzərindəki tarixi Zəfərimiz­dən sonra Azərbaycanın qarşısında duran hədəflər təkcə konkretləşmə­di, həm də bir neçə istiqamətə par­çalandı. Tarixi üçtərəfli bəyanatdan sonra bizim əsas hədəfimiz ərazi bü­tövlüyümüzün tam bərpasına – yəni Azərbaycan Bayrağının Xankəndi üzərində də qaldırılmasına nail ol­maqdan (o gün uzaqda deyil), sər­hədlərin delimitasiya və demarkasiya məsələlərini yekunlaşdırmaqdan, iş­ğaldan azad edilmiş ərazilərin bərpa­sını təmin etməkdən və ən nəhayət, Cənubi Qafqaza sülh gətirilməsin­dən ibarətdir. Təbii ki, beynəlxalq münasibətlər kontekstində bunlar­dan mükəmməl məqsəd ola bilməz və yoxdur. Çox təəssüf ki, konstitu­siyası işğalçılıq, separatçılıq, terror, təxribat üzərində yazılmış Ermənis­tan Azərbaycanın bu addımlarını da əngəlləməyə çalışır. İnanırıq ki, hə­min maneə ədalətin qarşısında uzun müddət tab gətirə bilməyəcək. 

Yəni qardaş Türkiyə televiziyala­rında tez-tez təkrar olunan “Azərbay­canın hədəfləri məlum, yolu aydındır” ifadəsi tamamilə yerində deyilmişdir və bu arqumentin alternativi yox­dur. Dövlət başçımız da son bir neçə ayda dəfələrlə demişdir ki, biz öz hə­dəflərimizə çatmaq üçün lazım olan bütün addımları atırıq və atacağıq. 

Prezident iyulun 21-də Şuşada sualları cavablandırarkən sanki yeni hədəfləri müəyyən edirmiş kimi dedi ki, biz ayıq olmalıyıq, biz keçmişimizi unutmamalıyıq: “Biz unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyi­mizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək əra­zilərimizi işğal etdi. Eyni zamanda, biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmaya­raq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəy­yən insanlar var ki, hələ də revan­şist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə biz İkinci Qarabağ mühari­bəsi bitən kimi, möhtəşəm Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan et­mişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür”. 

Başqa bir məqam. Son günlər dünyanın müxtəlif ünvanlarından gələn xəbərlərdə eşidirik ki, guya, Prezident İlham Əliyevin Rusiya Pre­zidenti Vladımir Putinlə imzaladığı Moskva bəyannaməsi Azərbaycan üçün heç bir səmərə verməyib. Döv­lət başçımız həmin arqumentin əley­hinədir. Onun fikrincə, Moskvada imzalanan bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında bir mərhələdir. 

Dövlət başçımız dəfələrlə xatırlat­dığı bir məsələni növbəti dəfə təkrar edir ki, Cənubi Qafqazdakı regio­nal inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlə­rin yaxşılaşmasından asılıdır: “Ha­zırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Əlbəttə, bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qa­rabağ müharibəsi başa çatandan bugünədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azər­baycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başla­mazdı… Yalnız bunu güc hesabına məcbur etdik. Lakin bu halda sülh olmayacaq. Bu, bölgə üçün heç də yaxşı ssenari deyil, sabitliklə, təh­lükəsizliklə nəticələnməyəcək. Lakin, eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alsaq, gələcəkdə də çətinliklər yaradacaq. Beləliklə, bildiyiniz kimi, üç vasitəçi var. Bunla­rın hər biri kifayət qədər beynəlxalq səviyyədə mexanizmlərdən istifadə edə bilər ki, müstəqil olaraq fəaliy­yət göstərsin. Biz ümid edirik ki, bu üçündən birində təkamülü, irəliləyişi görəcəyik”.

Bu sətirləri dövlətimizin yuxarıda sadaladığımız hədəflərindən daha ikisi barədə demək istədiyimiz fakt və arqumentlərlə davam etdirək. Qeyd etmişdik ki, zəfərdən sonrakı əsas hədəflərimizdən biri də işğaldan azad edilmiş ərazilərdə aparılan bər­pa-quruculuq işlərinin yeni vüsət al­masıdır. Dövlət başçımız Böyük Qa­yıdış barədə danışarkən xatırladır ki, biz 30-dan çox şəhər və kəndin baş planını təsdiqlədik, bir çox kəndlərin təməli də qoyuldu və artıq bu rəqəm­lər səsləndirilmişdir: “Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq. İndi biz, necə deyərlər, işin ibtidai mər­hələsindəyik. Çünki layihələndirmə, tender prosedurları çox vaxt aparır. Biz istəyirik ki, hər şey qayda ilə, qa­nunla olsun, tam şəffaf olsun və bu da vaxt aparır. Əminəm ki, keçmiş köçkünlər bunu anlayışla qarşılayır­lar. Amma təkcə Qarabağ regionu­na 2026-cı ilə qədər 140 min insa­nın dönməsi nəzərdə tutulur. Ümid edirəm ki, Şuşa şəhərinə gələn il ilk sakinlər gələcək, yerləşəcəklər. İndi siz də yəqin ki, bu gün hələ vaxtınız olmayıb, ya axşam, ya sabah gəzə­cəksiniz, görəcəksiniz ki, bir neçə yerdə artıq inşaat layihələrinin, yəni, yaşayış binalarının tikintisi gedir”.

O ki qaldı, Azərbaycanın Türk­dilli dövlətlərlə əməkdaşlığa verdiyi önəmə – xatırladaq ki, bu məsələ həm ulu öndərin, həm də Prezident İlham Əliyevin xarici siyasətində əsas hədəflərdən biridir – bu məsələ ilə bağlı olduqca yeni bir xəbər var. Yəni srağagün Özbəkistan Res­publikasının Prezidenti Şavkat Mir­ziyoyev Azərbaycan Respublikası­na dövlət səfərinə gəlib. İnanırıq ki, bu səfər Azərbaycan – Özbəkistan dostluq və tərəfdaşlığının daha da zənginləşməsi ilə yanaşı Azərbay­can – Türk dünyası əməkdaşlığının inkişafına da özünəməxsus töhfələr verəcək. 

Ümumiyyətlə, Azərbaycan Prezi­dentinin müəyyən etdiyi elə bir hədəf yoxdur ki, xalqımız o hədəfə çatma­ğımızın şahidinə çevrilməsin. Hədəf­lərin həmişə bəllidir, Azərbaycan. Yolun daim açıq olsun! 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”



Siyasət