"Qarabağ" səfərdə vacib qələbə qazanıb

post-img

Ağdamın "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında səfərdə Sloveniyanın  “Olimpiya” klubunu məğlub edib.

Lyublyana şəhərinin “Stojitse” stadionunda baş tutan qarşılaşmaya daha fəal başlayan "köhlən atlar" birinci hissədə rəqibi iki dəfə mərkəzdən başlamağa məcbur  ediblər. "Qarabağ"ın heyətində 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissədə hər iki komanda qol vurmağa cəhd göstərsə də, bu, heç bir nəticə verməyib. Beləliklə, Ağdam təmsilçisi Lyublyana səfərindən 2:0 hesablı  qələbə ilə ayrılıb.

Bununla da Ağdam təmsilçisi qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib. Bundan başqa, meydan sahiblərinin heyətində son dəqiqələrdə qırmızı vərəqə alan David de Sennanın Bakıdakı cavab görüşünü buraxması isə "Qarabağ"ın lehinədir. Belə ki, rəqib komanda meydanda əsas fiqurlardan birinin imkanlarında yararlana bilməyəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman