Cənubi Qafqaz: Regionda etimadsızlığı kim yaradır?

post-img

Dünya tarixi ağır savaşlar, müharibələr tarixidir. Bu, acı və təəssüf doğurucu bir reallıqdır. Amma bu da bir həqiqətdir ki, tarix boyu ən qanlı toqquşmalar belə sonda sülhlə bitib. Əsasən, haqq, ədalət nahaqqa qalib gəlib. Fikrimizcə, 5 il əvvəl 44 günlük şanlı savaşda Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsi də məhz ilahi ədalətin təcəssümü idi!

Yada salaq ki, 30 il əvvəl havadarlarının açıq və gizli dəstəyi ilə ölkəmizin əzəli ərazilərinin bir qismini xaincəsinə ələ keçirən düşmən güman edirdi ki, min bir məkrlə işğal etdikləri yad torpaqlarda özünə yeni yurd qurub xoşbəxt olacaq. Haylar unudurdular ki, bu, mümkün deyil. Çünki Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışa bilməzdi və barışmadı da! Düşmən yenildi və ifşa edildi!

Bəli, hayların bəd niyyətləri ürəklərində qaldı. Üstəlik, bütün dünya gördü ki, özünü bütün dünyaya məzlum, yazıq, səfil millət kimi göstərməyə çalışan ermənilər işğal altında saxladıqları ərazilərdə xalqımızın maddi və mədəniyyət abidələrinə qarşı ağlasığmaz, vandallıq hərəkətləri törədiblər. Sanki bu yerlərdən hayların timsalında vəhşi qəbilələr keçib! Bu, haylara əbədi utanc gətirən bir faktdır!

Bütün bu vəhşiliklərə rəğmən, qədim, zəngin və şərəfli tarixə sahib olan Azərbaycan xalqı Cənubi Qafqaz coğrafiyasında yaşayan ermənilər də daxil olmaqla, daim bütün xalqlarla sülh, əmin-amanlıq, mehriban qonşuluq şəraitində yaşamağın tərəfdarı olmuşdur. Dünən də belə olub, bu gün də belədir. İndi xoşbəxtlikdən Azərbaycan dövləti və xalqı regionda sabitliyin, inkişaf və tərəqqinin tərəfdarı və qarantı rolunda çıxış edir.

Müstəqil Azərbaycanın yüksək bəşəri və humanist dəyərlərdən qaynaqlanan daxili və xarici siyasəti hazırda bütün sivil dünya tərəfindən birmənalı olaraq qəbul və təqdir edilir. Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olunması üçün unikal tarixi fürsətlər yaranıb. Ermənistan ictimaiyyəti adi bir həqiqəti başa düşməlidir ki, qonşuları ilə əbədi düşmənçilik heç bir xalqa hörmət gətirmir.

Taleyin hökmü (bu məqamda çar Rusiyasının XIX əsrin 20-ci illərin sonlarından başlayaraq erməniləri Dağlıq Qarabağa köçürülmələri ilə bağlı məkrli planları yada düşür – müəllif) ilə eyni bir coğrafiyada yaşayan xalqlar bir-birilə ticari, iqtisadi və mədəni əlaqələr qurmağa və bu ənənələri sonrakı nəsillərə ötürməyə borcludurlar. Görünən budur ki, Azərbaycan regiondakı proseslərin pozitiv istiqamətdə inkişafında maraqlıdır və bunun üçün hərtərəfli səylər ortaya qoyur.

Məlumdur ki, Cənubi Qafqazda sülh və sabitlik yalnız bəşəri dəyərlərə və beynəlxalq hüquqa hörmət və riayət etməklə yarana və möhkəmlənə bilər. Təəssüf ki, Ermənistanın mövcud konstitusiyasında qonşu dövlətlərə, eləcə də Azərbaycana qarşı ərazi iddiaları təsbit olunub. Rəsmi Bakı İrəvandan haqlı olaraq bu prinsipial məsələnin ədalətli həllini tələb edir. Eləcə də Ermənistan hakimiyyətindən artıq 5 il əvvəl tarixin arxivinə verilmiş Minsk qrupunun fəaliyyətindən imtina etməsi tələb edilir.

Təəssüf ki, Ermənistanda Baş nazir Nikol Paşinyan hökuməti sözdə sülhdən dəm vursa da, əməldə hələ də ölkəmizə qarşı düşmənçilik siyasətindən əl çəkməyib. Ermənistanın Azərbaycana qarşı qərəzli siyasət yeridən Fransa və Hindistan kimi dövlətlərdən öldürücü modern silahlar alaraq sürətlə silahlanması region xalqları arasında narahatlıq doğurmaya bilməz.

Ermənistanın hazırda Azərbaycanla sülh sazişi imzalamaqdan başqa yolu qalmayıb. İrəvan isə yalnız sülhün imitasiyası ilə məşğul olur və bu istiqamətdə real addımlar atmır. Hayların bütün əvvəlki ərazi iddiaları fiaskoya uğrayıb. Tarixdən düzgün dərs almaq lazımdır. Yeganə yol sülhə doğru addımlar atmaqdır. Region üçün sülhün alternativi yoxdur.

Bakıdan dünyaya ingilis dilində yayımlanan, fəaliyyət göstərdiyi qısa zaman kəsiyində beynəlxalq informasiya məkanında özünə layiqli nüfuz qazanan “Anews” telekanalının əməkdaşları bu günlərdə Bakı, İrəvan və Tbilisidə sakinlərlə görüşərək, onlara belə bir sualla müraciət ediblər: İki xalq arasında sülh sazişi imzalarsa, bu, Cənubi Qafqazdakı proseslərə necə təsir göstərə bilər?

Vətəndaşlar bu barədə öz fikir və rəylərini sərbəst surətdə bölüşüblər. Həmin telereportajdan qısa bir fraqmenti oxucuların diqqətinə çatdırmaq istəyirik. Beləliklə, Bakı sakini Tural Məmmədli bu mövzuda telekanala eksklüziv müsahibəsində belə deyib:

– Əgər Ermənistan Zəngəzur dəhlizini açarsa, bu, olduqca böyük bir coğrafi məkanda, yəni Çin, Mərkəzi və Orta Asiyanı Avropa ilə birləşdirən Böyük İpək Yolu üzrə ticarət əlaqələrinin güclənməsi üçün şərait yaradacaq.

Tural Məmmədli, həmçinin hesab edir ki, həm Ermənistan, həm də Azərbaycan bundan yalnız qazanacaqlar.

Bir nəfər gənc Tbilisi sakini də Zəngəzur dəhlizi ilə bağlı təxminən eyni fikirdədir:

– Bu, Cənubi Qafqazda azad səyahət etmək, layiqli iş tapmaq imkanlarının genişlənməsinə gətirib çıxara bilər. Regiona yeni sərmayələrin yatırımı reallaşa və əlaqələrdə yeni münasibətlər üçün qapılar açıla bilər.

İrəvan sakini Marat (soyadı qeyd olunmayıb – müəllif) isə deyib:

– Biz sabitlik üçün bir-birimizlə əlaqələr qurmalıyıq. Bütün respublikalar davamlı olaraq inkişaf etməlidirlər. Xalqlar arasında dialoq olduqca zəruridir. Heç bir düşmənçilik olmamalıdır”.

Bəli, Cənubi Qafqazın hər 3 respublikasının paytaxtında yaşayan sadə insanların çoxu regionda sülhün və sabitliyin bərqərar olunmasının tərəfdarlarıdır. Amma, Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistan iqtidarı heç də xalqına sülh mesajları ötürmür. Bu ölkənin mediası isə qatı millətçilərin təzyiqi ilə anti-Azərbaycan təbliğatını daha da gücləndirir.

Ermənistanın rəsmi və özəl telekanlları, əksər mətbu nəşrlər açıq-şakar ölkə gənclərini revanşizmə səsləyirlər. Məsələn, İrəvanda David Matevosyan adlı bir nəfər yuxarıda adını çəkdiyimiz telerepojtajda bildirib ki, 2 ölkə arasında münaqişənin tarixi çox qədimdir və bu kontent ikitərəfli münasibətlərə uzun müddət kölgə salacaq. Onun sözlərinə görə, regionda bir çox böyük güclərin özəl maraqları var. Buna görə də sabitliyə aparan yol hələ çox uzaqdadır.

Bütün bu və digər faktlar bir daha göstərir ki, Ermənistan hökuməti regionda sülh və sabitliyin bərqərar olunmasında maraqlı deyil. Ölkə rəsmiləri heç də sadəlövh insanlar deyillər. Necə deyərlər, avam erməni olmur. Başa düşürlər ki, sülh prosesinə mane olmaqla, onlar, ilk növbədə, hayların gələcəyini təhlükə altına alırlar. Amma bunu etməyə məcburdurlar, çünki xarici dövlətlərdəki “boss”ları onlara sülh prosesini uzatmaq tapşırığı verib.

Həqiqət budur ki, böyük dövlətlərin əlində alət olan Ermənistan kimi satellit dövlətlər müstəqil siyasət aparmaq, sağlam məntiq və düşüncəyə söykənən müstəqil siyasət yürütməyə qadir deyillər.

Məsaim ABDULLAYEV
XQ

Dünya