Müsahibimiz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidovdur.
– Bildiyiniz kimi, müasir dövrdə süni intellekt gündəlik həyatımızın bütün sahələrində istifadə olunur. Bəs sənət əsərlərinin bərpasında bu texnologiya necə tətbiq olunur? Süni intellekt mədəni irsin qorunmasına tam olaraq necə kömək edir?
– Sənət əsərlərinin bərpası rəssamların və ustaların daim diqqət mərkəzindədir. Gələcək nəsillər üçün maddi-mədəni irsin qorunması hər zaman aktual olub. Maddi-mədəni irsin qorunması məqsədyönlü bərpa tədbirlərinin həyata keçirilməsini tələb edir. Süni intellektin inkişafı və onun müxtəlif fəaliyyət sahələrinə inteqrasiyası incəsənətə də mühüm təsir göstərir. Sənət əsərlərinin bərpasında süni intellektin tətbiqi son illərdə əhəmiyyətli dərəcədə artıb və bu texnologiya bir sıra vacib sahələrdə istifadə olunur.
Süni intellekt qabaqcıl alqoritmlərdən istifadə edərək, sənət əsərlərinin, əlyazmaların və memarlıq abidələrinin yüksək keyfiyyətli rəqəmsal nüsxələrini yaratmağa qadirdir ki, bu da onları fiziki itki zamanı belə gələcək nəsillər üçün qoruyub saxlamağa imkan verir. Məsələn, bu cür texnologiyalar muzeylərdə fəal şəkildə istifadə olunur, burada süni intellekt kolleksiyaları rəqəmsallaşdırmağa kömək edir və onları bütün dünyada virtual tədqiqat üçün əlçatan edir.
Bundan əlavə, süni intellekt zədələnmiş obyektlərin vəziyyətini təhlil edir və itirilmiş hissələrin dəqiq şəkildə yenidən qurulması üçün optimal üsullar təklif edərək onların əvvəlki vəziyyətinə gətirilməsində istifadə olunur. Süni intellekt şifahi və yazılı qeydləri təhlil edərək nadir və ya təhlükə altında olan dilləri belə deşifrə və tərcümə etməyə də kömək edir. Bu cür texnologiyalar unudula biləcək ənənələri, mifləri və şifahi ənənələri canlandırmağa imkan verir.
Həmçinin süni intellekt materialın strukturunda və ya tərkibində ən kiçik uyğunsuzluqları müəyyən etməklə əsl sənət əsərlərini saxtakarlıqdan qorumaq üçün istifadə edilə bilər. Bu, tədqiqatçılar üçün yeni imkanlar açır, tarixi kontekstləri daha dərindən dərk etməyə imkan verir. Süni intellekt həmçinin qeyri-qanuni qazıntılar və ya təbii fəlakətlər kimi təhlükələri müəyyən etmək üçün peyk şəkillərini təhlil edərək mədəni obyektlərin sağlamlığına nəzarət edir. Bu, əlçatmaz və ya münaqişə zonalarında yerləşən obyektlər üçün xüsusilə vacibdir.
Beləliklə, süni intellekt təkcə fiziki və intellektual irsi qoruyub saxlamır, həm də onu daha geniş auditoriya üçün daha əlçatan edir. Bu texnologiyalar sayəsində mədəni irs zamanın çağırışlarına davamlı olur və yeni nəsilləri ruhlandırmaqda davam edir. Bütün bunlar süni intellekti bəşəriyyətin mədəni yaddaşının qorunmasında tarixçilərin, arxeoloqların və muzey işçilərinin güclü müttəfiqinə çevirir.
– Sənət əsərlərinin bərpasında hansı süni intellekt texnologiyalarından istifadə olunur?
– Süni intellekt təsvirin təhlili və böyük həcmli məlumatların işlənməsi imkanları sayəsində sənət əsərlərinin bərpası prosesində əvəzolunmaz vasitədir. Onun köməyi ilə nəinki zərər aşkar edilib təsnif edilə, həm də işlərin itirilmiş hissələrinin necə görünə biləcəyi proqnozlaşdırıla bilər. Bu, rəsm, heykəltəraşlıq və digər sənət əsərlərini mümkün qədər orijinal görünüşünə yaxın şəkildə bərpa etməyə imkan verir. Süni intellekt insanların və maşınların yeni və innovativ əsərlər yaratmaq üçün əməkdaşlıq etdiyi yaradıcılığın yeni dövrünü başlatdı. İnsan və süni intellektin birgə yaradıcılığı həm tədqiqatçıların, həm də təcrübəçilərin diqqətini cəlb edir, bu sahəyə marağı artırır. Məqsəd həm insanların, həm də süni intellektin güclü cəhətlərindən istifadə edərək, hər birinin tək əldə edə biləcəyi imkanlarından kənara çıxan yaradıcı nəticələr yaratmaqdır. Bu sinerji müxtəlif sahələrdə moda dizaynı, memarlıq, reklam, təsviri incəsənət və musiqidə öz tətbiqini tapmışdır. Musiqi yaradıcılığında süni intellektlə işləyən alətlər getdikcə populyarlaşır, həm təcrübəli musiqiçiləri, həm də yaradıcılıq prosesində yeni başlayanları dəstəkləyir.
Süni intellektin heyrət doğuran xüsusiyyətlərindən biri də onun itirilmiş və ya zədələnmiş əsərlərin dəqiq rekonstruksiyalarını yaratmaq üçün arxiv fotoşəkillərinə, təsvirlər və hətta ədəbi mənbələr kimi tarixi məlumatlara müraciət etmək qabiliyyətidir. Çox vaxt insan gözünə görünməyən bu məlumatlar əsərlərin tarixi-mədəni bütövlüyünün bərpasının açarına çevrilir. Son onilliklər ərzində çoxsaylı sənət əsərləri əlverişsiz saxlama şəraiti, təbii fəlakətlər və hətta insan müdaxiləsi səbəbindən tədricən zədələnir. Ənənəvi bərpa üsulları çoxlu vaxt və maliyyə xərcləri, eləcə də, yüksək ixtisaslı mütəxəssislər tələb edir. Lakin ənənəvi bərpa üsulları ilə müəllifin niyyətini təhrif etmək riski olmadan itirilmiş bəzi elementləri tamamilə bərpa etmək mümkün deyil. Generativ süni intellektin inkişafı ilə bərpa prosesini avtomatlaşdırmaq və sürətləndirmək, həmçinin dəqiqliyini artırmaq mümkün olmuşdur.
– Generativ süni intellekt vasitəsilə sənət əsərlərinin bərpası hansı mərhələlərdən keçir?
– Generativ süni intellekt vasitəsilə sənət əsərlərinin bərpasının bir neçə mərhələləri mövcuddur: şəkillərin təhlili, zərərlərin aşkarlanması və bərpası texnologiyaları. Süni intellekt texnologiyalarından istifadə edərək təsvirin təhlili əsərin bərpası prosesində əsas addımdır. Müasir maşın öyrənməsi və dərin öyrənmə alqoritmləri işlərin rəqəmsal təsvirləri əsasında müxtəlif növ zərər və itkiləri müəyyən etməyə qadirdir.
İlkin mərhələdə təhlil etməyə başlamazdan əvvəl şəkilləri əvvəlcədən emal etmək lazımdır. İncəsənət əsərləri yüksək keyfiyyət ilə skan edilir və dəqiq rəqəmsal nüsxəsi hazır olur. Rəqəmsal şəkillərin dəqiq təhlilini təmin etmək üçün parlaqlıq, kontrast və rəng balansına düzəlişlər daxil olan normallaşdırma prosesindən keçirilir.
Növbəti mərhələdə zərərin aşkarlanması mərhələsidir. Burada şəkillərin təhlili üçün dərin təlim alqoritmlərindən istifadə olunur. Bu alqoritmlər müxtəlif növ zədələrin təsvirlərini əhatə edən böyük verilənlər bazasında öyrədilir. Çatları, aşınmaları, solğunluğu, parçaların itirilməsini və digər qüsurları müəyyənləşdirir. Təlim keçmiş modellərdən istifadə edərək, süni intellekt avtomatik olaraq zərərləri aşkarlaya və təsnif edə bilir.
Zərərlər müəyyən edildikdən sonra süni intellekt onların yenidən qurulmasına kömək edir. Belə ki, o, oxşar strukturların təhlili və tarixi məlumatlar əsasında itirilmiş və ya zədələnmiş hissələrin mümkün görünüşünü proqnozlaşdırır. Bu məlumatlara əsaslanan alqoritmlər isə 3D printerdə ya əl ilə bərpa, ya da avtomatik çap üçün dəqiq şablonlar yaradır.
Süni intellekt təsvirinin təhlili konservatorlara sənət əsərlərinə dəyən ziyanı müəyyən etmək və bərpa etmək üçün güclü alət təqdim edir. Müasir dərin təlim alqoritmləri müxtəlif növ qüsurları aşkar etməklə yanaşı, itən hissələrin necə görünə biləcəyini də proqnozlaşdıra bilir. Bu, gələcək nəsillər üçün mədəni irsi qoruyub saxlayaraq bərpa işlərini yüksək dəqiqliklə və minimum risklə həyata keçirməyə imkan verir.
– Süni intellekt vasitəsi ilə bərpa edilmiş işlərin həqiqiliyi necə təmin olunur? Bərpa ilə yanaşı süni intellekt yeni əsərlər də yarada bilirmi? Bu yaradıcılıq prosesinə necə təsir edir?
– Süni intellektin apardığı bərpa proseslərində həqiqiliyin təmin olunması üçün bir neçə yanaşmadan istifadə edilir. Əvvəla, AI tarixi mənbələr, sənədlər, arxiv şəkilləri, oxşar əsərlər və mövcud obyektin toxuması, forması və üslubu kimi xüsusiyyətləri təhlil edir. Daha sonra bu məlumatlar əsasında zədələnmiş və ya itirilmiş hissənin mümkün olan ən real görünüşü modelləşdirilir. Prosesin elmi əsaslara söykənməsi, insan mütəxəssislərlə əməkdaşlıq və nəticələrin vizual və material uyğunluğuna görə qiymətləndirilməsi həqiqiliyin qorunmasında əsas rol oynayır.
Bəli, süni intellekt təkcə bərpa funksiyası ilə məhdudlaşmır, həm də yeni əsərlərin yaradılmasında aktiv şəkildə istifadə olunur. Məsələn, rəssamlıq, musiqi, memarlıq və ədəbiyyat sahələrində süni intellekt əsaslı sistemlər unikal və orijinal məhsullar yarada bilir. Bu yaradıcılıq alqoritmləri əvvəlki sənət nümunələrini öyrənərək onların üslubunda yeni ideyalar irəli sürə və tamamilə yeni əsərlər formalaşdıra bilir.
Süni intellekt yaradıcılıq prosesinə həm sürətləndirici, həm də ilhamverici təsir göstərir. O, sənətçilərə və dizaynerlərə yeni üslublar kəşf etməkdə, mövcud fikirləri inkişaf etdirməkdə və eksperimentlər aparmaqda yardımçı olur. Bununla yanaşı, süni intellekt yaradıcılığın sərhədlərini genişləndirərək, insan təxəyyülünün çata bilmədiyi formalarda və məntiqdə yeni məhsullar yaratmağa şərait yaradır. Bununla belə, bu prosesdə insan zövqü, estetik baxışı və kontekstual biliklər hələ də əvəzolunmaz olaraq qalır.
– Süni intellekt vasitəsilə yaradılan sənət əsərinin müəllifi kim hesab olunur – insan yoxsa maşın?
– Əslində, hazırda dünyanın əksər ölkələrinin müəllif hüquqları qanunvericiliyi bir məqamda yekdildir – müəllif yalnız insan ola bilər. Yəni süni intellekt özü-özlüyündə hüquqi subyekt deyil və yaradıcı kimi tanınmır. Məsələn, əgər mən bir rəsm çəkməyi süni intellektə tapşırıramsa, amma bu prosesi tam idarə edirəmsə, kompozisiyanı düşünürəmsə, hansı rəngdə, hansı üslubda olacağını müəyyənləşdirirəmsə, bu zaman bu əsərin müəllifi mən sayıla bilərəm. Çünki burada yaradıcı qərarları verən mənəm.
Amma əgər süni intellekt tamamilə avtomatik şəkildə, heç bir müdaxilə olmadan bir əsər yaradırsa, o zaman bu əsərə müəllif hüququ tətbiq olunmur. Belə əsərlər bir növ “ictimai mülkiyyət” hesab olunur, yəni hər kəs ondan istifadə edə bilər.
Bu məsələnin bir də fəlsəfi tərəfi var. Yaradıcılıq nədir? Sadəcə texniki kombinasiyamı? Yoxsa daxili emosiyalarla, niyyətlərlə bağlı bir aktdır? İndiyə qədər bu, insan təcrübəsinə əsaslanırdı. Amma süni intellektin inkişafı bu sərhədləri bulanıqlaşdırır.
Gələcəkdə bu sahədə hüquqi dəyişikliklər ola bilər. Ola bilər ki, süni intellektlə insanın ortaq müəllifliyi tanınsın və ya proqramçıların rolu xüsusi qeyd edilsin. Amma bu gün üçün yekun cavab budur: əsərin müəllifi, yaradıcı qərarları verən və süni intellekti bir alət kimi istifadə edən insandır. Maşın – heç nə hiss etmir, heç nəyə dəyər vermir. O, sadəcə hesablayır. İnsan isə yaradır.
– Süni intellektin sənət sahəsində geniş yayılması rəssamlar, dizaynerlər və sənətşünaslar üçün hansı imkanlar və problemlər yaradır? Gələcəkdə generativ süni intellekt incəsənət sahəsinə, bədii yaradıcılığa necə təsir göstərə bilər?
– Bilirsiniz, bir vaxtlar rəssam palitrasını, fırçasını əlinə alıb bir ağ kağızın qarşısında dayananda tək idi. Yalnız özü və xəyal gücü var idi. İndi isə yanında bir tərəfdaş var – görünməz, səssiz, lakin çox məlumatlı və çevik bir tərəfdaş, yəni süni intellekt.
Süni intellekt rəssamlar üçün, necə deyərlər, bir növ yaradıcılıq güzgüsüdür. Onunla ideya paylaşmaq olur, eskizlər hazırlatmaq olur, hətta tamamlanmamış bir əsərin necə davam edə biləcəyini soruşmaq mümkündür.
Dizaynerlər üçün isə bu texnologiya demək olar ki, "super alət"ə çevrilib. Tutaq ki, bir logo hazırlamaq lazımdır. Süni intellekt saniyələr içində onlarla variant təqdim edir. Ya da bir interyer dizaynı üçün kompozisiya qurmaq əvvəllər bir neçə gün çəkirdisə, indi bir neçə saat kifayətdir. Amma bu sürət bəzən elə dizaynerin özünü də çaşdırır: “Görəsən, mənə ehtiyac qalacaqmı?” – deyə düşünür.
Sənətşünaslar üçün süni intellekt həm dostdur, həm də bir az qəribə qonaq. Çünki əsərin müəllifini təyin etmək, onun dövrünü və mənbəsini araşdırmaq indi daha dəqiq və sürətli ola bilir. Amma eyni zamanda, süni intellektin yaratdığı əsərlərin sənət olub-olmadığı, müəllifin kim olduğu, ya da bu əsərlərin hansı kontekstdə dəyərləndirilməsi sualları da yaranır. Bu da onları yeni etik və nəzəri mübahisələrə aparır.
Gələcəyə gəldikdə isə, mənə elə gəlir ki, generativ süni intellekt bədii yaradıcılığı dəyişməyəcək, o, sadəcə yeni bir dil gətirəcək. Necə ki, bir vaxtlar fotoqrafiya gəldi və rəssamlıq dəyişdi, indi də bu texnologiya sənətin sərhədlərini genişləndirəcək. Amma insan hissi, düşüncəsi, mədəni kontekst – bunlar hələlik süni intellektin anlaya bilmədiyi dəyərlərdir. Yəni texnologiya nə qədər irəliləsə də, sənətin ruhu hələ də insanda qalır.
S.MƏMMƏDOV
XQ