Aİ Qara dənizdə strateji əməkdaşlığı genişləndirir
Avropa İttifaqı (Aİ) Qara dəniz bölgəsində təhlükəsiz, dayanıqlı və firavan gələcəyin təmin olunması məqsədilə yeni strateji təşəbbüs irəli sürüb. Bu strategiya Cənubi Qafqaz ölkələri ilə nəqliyyat, enerji və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir. Ətraf mühitin qorunması və iqlim dəyişikliyinə qarşı tədbirlər bu strategiyanın əsas prioritetlərindən biridir. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bildirib: “Biz qonşularımızla sıx əməkdaşlıq edərək bölgədə təhlükəsizliyi və sabitliyi gücləndirəcəyik. Birlikdə daha güclü və firavan gələcək qura bilərik”.
Aİ-nin yeni strategiyasında Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi kimi ön plana çıxır. Bu da təsadüfi deyil. Çünki ölkəmiz həm regionda enerji təhlükəsizliyini tam təmin edir, həm də Aİ ölkələrinin enerji tələbatının ödənilməsində mühüm rol oynayır. Neft, təbii qaz, elektrik enerjisi və neft-kimya məhsullarının ixracı Azərbaycanın Aİ ilə münasibətlərində enerji amilini əsas dayaq nöqtəsinə çevirir.
TANAP və TAP kimi beynəlxalq layihələrdə Azərbaycanın təşəbbüskar və donorluq rolu Aİ tərəfindən yüksək qiymətləndirilir. Bu əməkdaşlıq qarşılıqlı faydalılıq prinsipinə əsaslanır. Məhz bu çərçivədə Azərbaycan Aİ-nin 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Cənub Qaz Dəhlizi isə artıq 12 ölkənin enerji təhlükəsizliyinə töhfə verir.
Azərbaycan neftinin əsas alıcıları arasında İtaliya, Çexiya, Xorvatiya, Almaniya və Portuqaliya kimi Aİ üzvü ölkələr üstünlük təşkil edir. Bu fakt Azərbaycanın Qərb üçün etibarlı enerji tərəfdaşı statusunu möhkəmləndirir.
Avropa Komissiyası Azərbaycanla enerji əməkdaşlığını yalnız karbohidrogen ehtiyatları ilə məhdudlaşdırmır. Günəş və külək enerjisi kimi bərpaolunan enerji sahəsində birgə layihələr prioritetə çevrilib. Xəzər dənizi sahillərində yaşıl enerji potensialının qiymətləndirilməsi və Avropaya “yaşıl kabel” vasitəsilə ixrac planları bu sahədə irəliləyişin göstəricisidir.
Bu məqsədlə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dəniz enerji sualtı kabeli layihəsini idarə edəcək “Green Energy Corridor Power Company” yaradılıb. Layihə çərçivəsində həm elektrik kabeli, həm də optik rabitə sistemlərinin layihələndirilməsi nəzərdə tutulur. Kabelin 2030-cu ilə qədər istifadəyə verilməsi planlaşdırılır.
* * *
Yeni enerji dəhlizi Azərbaycan, Gürcüstan və Rumıniyanı birləşdirərək onların enerji sistemlərinin sinxronizasiyasına və bərpaolunan enerjinin Aİ ölkələrinə ixracına xidmət edəcək. Layihə, həmçinin elektrik enerjisinin rəqabətli qiymətlərlə Avropaya daşınmasına imkan yaradacaq. Eyni zamanda, bərpa olunan enerji ölkənin enerji balansının diversifikasiyasına, ətraf mühitin qorunmasına və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək.
Bu barədə danışan energetika naziri Pərviz Şahbazov qeyd edib: “Azərbaycanda yaşıl enerjinin inkişafı əsas prioritetlərdən biri kimi müəyyən edilib və bu sahədə beynəlxalq şirkətlər və maliyyə institutları ilə sıx əməkdaşlıq həyata keçirilir. Əməkdaşlıq isə ölkəmizin tranzit imkanlarını artırır”.
Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri də Qazaxıstan və Özbəkistanla “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair razılaşmadır. Bu üç ölkə arasında əməkdaşlıq Mərkəzi Asiyanın yaşıl enerjisini Aİ-yə ötürmək üçün yeni marşrutun əsasını qoyur. Qazaxıstanın təbii resursları, Özbəkistanın geostrateji mövqeyi və Azərbaycanın inkişaf etmiş enerji infrastrukturu tərəflər üçün qarşılıqlı faydalı imkanlar yaradır.
Beləliklə, Azərbaycanın yaşıl texnologiyaların tətbiqində liderliyə doğru irəliləməsi onun regional və qlobal enerji bazarlarında rolunu daha da möhkəmləndirir.
* * *
Aİ ilə əməkdaşlığın gücləndirilməsində dayanıqlı və çevik nəqliyyat yolları da mühüm rol oynayır. Azərbaycanın bu sahədə strateji mövqeyi və müasir infrastruktur potensialı regionda logistika və nəqliyyat mərkəzinə çevrilməsini təmin edib. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın əlverişli coğrafiyada yerləşməsi düzgün infrastruktur siyasəti ilə tamamlanaraq ölkənin beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiyasını sürətləndirib. Bu gün ölkədə müasir dəniz limanı, dəmir yolu bağlantıları, beynəlxalq hava limanları və avtomobil yollarından ibarət şaxələndirilmiş nəqliyyat şəbəkəsi formalaşıb.
Qeyd edək ki, Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olsa da, Orta Dəhliz (Transxəzər beynəlxalq nəqliyyat marşrutu) üzərində yerləşməsi və bu dəhlizdə əsas tranzit ölkə funksiyasını yerinə yetirməsi onun regional və qlobal nəqliyyat-logistika zəncirindəki rolunu daha da artırır. Aİ ilə nəqliyyat sahəsində əməkdaşlıq yalnız yük və sərnişin daşımalarının təşkili ilə məhdudlaşmır. Bu əməkdaşlıq, həmçinin infrastrukturun modernləşdirilməsi, gömrük prosedurlarının rəqəmsallaşdırılması, multimodal daşımaların təşviqi, yaşıl logistikaya keçid kimi vacib sahələri əhatə edir. Bu kontekstdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mühüm strateji layihələr kimi ön plana çıxır.
BTQ dəmir yolu Cənubi Qafqaz regionunu Türkiyə üzərindən Avropa ilə birləşdirən və eyni zamanda, Asiyaya çıxışı təmin edən əsas nəqliyyat dəhlizlərindən biridir. Layihənin genişləndirilməsi yalnız yükdaşımaların həcmini artırmaqla kifayətlənmir, eyni zamanda, tranzit gəlirlərinin çoxalmasına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yaradır. Bu dəhliz məhsulların hər iki istiqamətdə – Avropa və Asiya bazarlarına – sürətli və sərfəli şəkildə çatdırılmasını təmin edir.
Ümumiyyətlə, Azərbaycan və Gürcüstanın həyata keçirdiyi yol və nəqliyyat infrastruktur layihələri Orta Dəhlizin inkişafına mühüm töhfələr verir. Bu layihələr region ölkələrinin nəqliyyat-kommunikasiya sistemində lider mövqeyini möhkəmləndirməklə yanaşı, tranzit yüklərdən əldə edilən gəlirləri də artırır. Eyni zamanda, bu dəhliz Azərbaycan və Gürcüstanın ixrac potensialının tam şəkildə realizə olunmasına imkanlar yaradır.
Aİ-nin Azərbaycanla əməkdaşlığının önəmli istiqamətlərindən biri də rəqəmsal infrastrukturun inkişafıdır. Bakı ilə birgə həyata keçirilən layihələr çərçivəsində internet şəbəkələrinin genişləndirilməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, kibertəhlükəsizlik üzrə təlim-təcrübə mübadiləsi həyata keçirilir. Bu proses Azərbaycanın rəqəmsal transformasiya gündəliyinin Avropa texnologiyaları və innovativ yanaşmalarla daha da sürətlənməsinə səbəb olur.
Bu kontekstdə Qara və Xəzər dənizlərinin dibi ilə fiber-optik kabel xətti layihəsi xüsusi əhəmiyyət kəsb edir. Layihə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin – Rəqəmsal İpək Yolunun – yaradılmasını hədəfləyir. Bu, Azərbaycanın beynəlxalq informasiya axınlarında mühüm tranzit ölkəyə çevrilməsinə xidmət edir. Layihə telekommunikasiya şəbəkələrinin və məlumat mərkəzlərinin inkişafı ilə qlobal kibertəhlükəsizlik arxitekturasına töhfə verir.
Göründüyü kimi, Qara dəniz bölgəsində təhlükəsiz, dayanıqlı və firavan gələcəyin təmin olunması məqsədilə hazırlanan Aİ-nin yeni strategiyasında əsas söz sahibi Azərbaycan və Gürcüstandır. Ermənistan isə bu layihələrdə iştirak etmir. Amma Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də regional infrastruktur layihələrindən kənarda qalmamaq imkanı yarada bilər. Bu, bütövlükdə regionun əlaqəliliyini və əməkdaşlıq potensialını artırar.
Ən önəmlisi odur ki, Aİ ilə əməkdaşlıq təkcə Azərbaycanın deyil, Aİ-nin də maraqlarına cavab verir.
Pünhan ƏFƏNDİYEV
XQ