Sönməyən ocaqdı, qordu Dərələyəz

post-img

Ordubadın Parağa kəndi isə qaçqınlıq ünvanıdır

Sovet rejiminin çöküşü prosesində erməni millətçiləri, xüsusən, 70 il cildini dəyişmiş daşnak tör-töküntüsü ittifaq daxilindəki və xaricdəki düşmən dairələrin açıq-gizli himayəsi ilə 1988-ci ilin əvvəllərindən Azərbaycana ərazi iddiası irəli sürdülər. Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi avantürası ilə başlayan separatçı hərəkatın ilk mərhələsində Ermənistanda yaşayan soydaşlarımızın sonuncu nəsli də tarixi torpaqlarından vəhşicəsinə deportasiya olundu və soyqırımına məruz qaldı.

Qərbi Azərbaycandan qaçqın düş­müş yüz minlərlə soydaşımızın Vətən həsrəti, doğma yurda qayıtmaq niyyəti 35 il keçsə də, bir gün də o sönmə­yib. Azərbaycan dövlətinin dəstəyi ilə Qərbi Azərbaycan İcmasının başladı­ğı doğma yurdlara qayıtmaq uğrunda hərəkat onların qəlbində gur ümid işığı yandırıb. Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrindən qovulmuş insanlar icma ətrafında toparlanaraq dədə-baba tor­paqlarına qayıtmaq üçün təşkilati və si­yasi-diplomatik səylərini artırıblar.

Biz də bu arzulara qoşularaq soy­daşlarımızın Vətən həsrətinə son qoya­caq zamanın tezliklə yetişəcəyinə inanı­rıq. İnanırıq, ona görə ki, xalqımız inadlı və qəhrəman mübarizəsinin sonunda Vətən müharibəsi yolu ilə 30 il düşmən tapdağında qalmış Qarabağ və Şərqi Zəngəzur torpaqlarına geri qayıtdı.

Sonuncu deportasiyadan sonra Qərbi azərbaycanlılar Azərbaycanın müxtəlif guşələrində məskunlaşıblar. Onların bir hissəsi də Naxçıvanı öz­lərinə müvəqqəti məskən seçib. Qa­rabağ İcmasının uğurlu fəaliyyətinə elmi-ideoloji zəmini möhkəmləndir­mək üçün AMEA Naxçıvan Bölməsi­nin əməkdaşları muxtar respublika da Qərbi azərbaycanlıların yaşadıqları ərazilərinə ekspedisiyalar təşkil edir, qaçqın soydaşlarımızla görüşlər ke­çirir. Ordubad rayonunda Qərbi azər­baycanlıların yığcam məskunlaşdığı yerlərdən biri də Parağa kəndidir. Onlar, əsasən, Qərbi Azərbaycanın Dərələyəz mahalından qaçqın düş­müş soydaşlarımızdır. 

Əzizbəyov (keçmiş Söylan) rayonu­nun Gomur kəndindən qaçqın düş­müş Şahlar Allahverdiyev dopdolu mülkündən əliboş çıxmağa məcbur olub. O yalnız atası Mərdan kişinin bı­çağını özü ilə gətirib və indi də onu ən qiymətli yadigar kimi qoruyur. Soydaşı­mızın doğma yurduna qayıtmaq üçün Tanrıya duaları bitib-tükənmir. Şair təbli Şahlar müəllim ağrı-acılı günlərin duy­ğu-düşüncələrini misralara belə çevirib:

Vətən adlı sevincim də, fərəhim də

Ömür boyu bir şələdir kürəyimdə.

Qaçqın düşən el-obanın ürəyində,

Sönməyən ocaqdı, qordu Dərələyəz.

Yenə geri dönəcək o ötən çağlar,

Can dərmanıdı loğman-təbib bulaqlar.

Yurd yerləri boş qalıb, içim qan ağlar,

Dədəmin, babamın yurdu Dərələyəz.

Lala Məmmədova da Gomurdakı həyatını unuda bilmir. Yuxularında elə hey daim doğma kəndlərindəki qayğısız günlərini görür. Uşaq vaxtlarının şən, qayğısız keçdiyindən söhbət açaraq oynadıqları oyunları xatırlayır: “Çəku­zatma”, “Mollamindi”, “Əlləməqaya”, “Qayışagirmə”. İndi o günləri xatırlaya­raq gözləri dolan Lala xala doğma yurd­larından qaçqın düşərkən özləri ilə bir neçə xalı-xalça, cecim və bəzi xırda-pa­ra əşya götürə bildiklərini söyləyir, əşya­ları bizə göstərərək onları qoyub gəldiyi evinin ən əziz nişanəsi kimi qoruyur. 

Lala xala doğma yurdlarında icra et­dikləri xalq mərasimlərimizi, o cümlədən Novruz bayramında keçirilən ayinləri şirin-şirin xatırlayır: “İlin axırında qədir tutardıq, bir evə yığışardıq. Novruzun gəlişini elliklə keçirərdik, yallı gedərdik, əsasən də İt yallısı. Oğlanlar şar, kişilər güllə atardılar. Hamı sevinclə Novruzu qarşılayardı”...

Lala Məmmədovanın oğlu Bəylər Məmmədov 1970-ci il təvəllüdlüdür. O da vətənli günləri unutmur, davamlı olaraq doğma yurdlarına qayıtmağı ar­zulayır. Bəylər müəllim Qərbi Azərbay­canla bağlı dəyərləri qoruyub-yaşatmaq yolunda yorulmaz fəaliyyətdədir. Vətən dərdi onu da şair eləyib. Duyğularını, arzularını misralara köçürür, yurd yan­ğısını poetik dillə ifadə edir

Ölkə Xudayeva isə 45 yaşı olanda doğma el-obasından qovulub. Daim Vətən həsrətli qəlbi göynəyir. O da digər kövrək qəlbli həmyerliləri kimi doğma el-obasını yuxularında görməklə qəlbini ovundurur. Vətəndən qaçqın düşərkən itkin düşən, həlak olan həmyerlilərini də xatırlayır. Ölkə nənənin qəlbinin sızıltı­sı gözlərindən axan yaşlarla qarışaraq ürək dağlayan bayatılara çevrilir:

Sizi necə ağlayım,

Gündüz yox, gecə ağlayım.

Ananız yanınızda yox,

Yalqız necə ağlayım.

Könlüm bir ana istər,

Lap yana-yana istər.

Bir anayla bir bala,

Bir xəlvətxana istər.

Bəli, öz yurdundan qovularaq qaçqınlıq həyatına düçar edilmiş bu in­sanların dərdinə şərik olsaq da, onların vətən həsrətli kövrək qəlblərinin sızıl­tısını hamıdan artıq bu dərddə olanlar anlaya bilər. Kövrək söhbətlərinin əvvə­li də, axırı da Vətən olan bu insanlara dövlət qayğısı, yüksək səviyyədədir, ətrafdakıların qayğı-diqqəti də yetərli­dir. Lakin Vətən adlı dərdlərinə yalnız Vətənin özü çarədir. Elə bu dözüm və qeyrətlə qədim mədəniyyət daşıyıcıları olan Qərbi azərbaycanlılar, nəhayət, öz doğma yurdlarına qovuşacaqlar.

Aytən CƏFƏROVA,
AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutu folklorşünaslıq şöbəsinin müdiri, dosent



Sosial həyat