Paşinyanın rəngarəng “sülh yuxuları”

post-img

İrəvan danışıqlar prosesini tormozlamaq, kövrək ümidlərin üzərindən xətt çəkmək yolunu tutub 

Regional və beynəlxalq müstəvilərdə baş vurduğu bütün cəhdləri puça çıxdıqca, barışığa aparan yol gödəldikcə, İrəvan istər ikitərəfli sülh danışıqlarına, istərsə də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesinə pəl vurmaqdan ötrü ən çirkin “siyasi üsullara” əl atmaqdan çəkinmir. Belə “üsullardan” birini dünən Nikol Paşinyan kabinetinin və nazirlərinin hüzurunda ərz elədi. 

Erməni mediası Hayastan baş nazirinin hökumətin həftəlik ənənə­vi iclasında dediklərini tirajlamaq­la məşğuldur. Bu dəfə iclasın ana mövzusu, Paşinyanın bəyan etdiyi əsas tezis kimi Ermənistanın Azər­baycana sülh sazişinin imzalanma­sı ilə bağlı yeni təkliflər verdiyi önə çıxarılıb. 

Ermənistanın baş naziri Nikol Paşinyan dünən hökumətin icla­sında deyib: “Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik”.

Paşinyan administrasiyanın ha­zırladığı və Bakıya göndərdiyi de­yilən sülh müqaviləsinə yeni təkliflə­rin nədən ibarət olduğu açıqlanmasa da, bu faktın özü maraqlı məqamları ortaya qoyur. Birincisi, ikitərəfli sülh danışıqlarının gündəliyi hələ mart ayında müəyyənləşdirilib və bu şərt­lər çərçivəsində beş aydan çoxdur ki, Moskva, Brüssel və Vaşinqton treklə­rində dialoq raundları davam etdiri­lir. İkincisi, düzdür, həmin danışıqlar paketində tərəflərin ümumi razılığa gəldiyi məsələlərlə yanaşı, müba­hisə doğuran məqamlar da az deyil. Bu barədə isə vasitəçilik missiyasını yerinə yetirən siyasi fiqurlar – Lavrov, Şarl Mişel və Entoni Blinken tərəfin­dən vaxtaşırı müvafiq açıqlamalar verilib. Üçüncüsü, təkcə Qarabağda deyil, bütövlükdə, Cənubi Qafqazda hadisələrin gərgin məcrada cərəyan etdiyi indiki məqamda İrəvanın sülh müqaviləsinə “korrektələr” etmək təşəbbüsü onun yalnız və yalnız sülh prosesini ləngitmək, əldə edilmiş köv­rək irəliləyişin üzərinə kölgə salmaq cəhdindən başqa bir şey ola bilməz. Paşinyanın “rəngarəng yuxularının” məhsulu sayıla biləcək sülh müqa­viləsinə “təkliflərinin” mahiyyətinə varmadan deyə bilərik ki, bu paketdə Bakı üçün məqbul sayılmayacaq han­sısa nüanslar yer alır. Belə bir ideya­nın indi ortaya atılması, sadəcə, siya­si avantüradır. 

* * * 

Hökumətin məlum iclasında Nikol Paşinyan aldığı bir “maraqlı” məluma­tı da toplantı iştirakçılarının nəzərinə çatdırıb. Onun sözlərinə görə, Bakı tərəfindən Laçın dəhlizinin (?) bir is­tiqamətdə açılması üzrə planlar quru­lur və məqsəd sərhəd postunda yal­nız Dağlıq Qarabağdan (?) gedənlərə icazə verməkdir. 

Azərbaycan tərəfindən Laçın dəh­lizinin (?) qeyri-qanuni olaraq “bloka­dasının” (?) davam etdiyini deyən hay­ların baş naziri bu zaman Ermənistan hökumətinin Dağlıq Qarabağ (?) üçün nəzərdə tutulmuş 400 tona yaxın hu­manitar yükün hələ də bölgəyə giriş yolunda gözlədiyini “ürək ağrısı” ilə yada salıb. 

Paşinyan Dağlıq Qarabağda (?) humanitar vəziyyətin gərgin olaraq qaldığına diqqəti yönəldərək, çıxışında bunları da söyləyib: “Yaranmış situasi­yada yeganə dəyişiklik ondan ibarətdir ki, Qırmızı Xaç Komitəsinin və Dağlıq Qarabağdakı (?) Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə müalicəyə ehtiyacı olan və digər şəxslərin Laçın dəhlizi (?) ilə müəyyən hərəkəti baş­layıb. Eyni zamanda, əldə etdiyimiz mötəbər informasiyaya görə, Dağlıq Qarabağdan (?) çıxışa icazə verilir, amma girişə maneçilik törədilir”. 

Onun sözlərinə görə, hazırda Dağ­lıq Qarabağın (?) çox sayda sakini Er­mənistan Respublikasındadır və onlar Dağlıq Qarabağa (?) qayıda bilmirlər. Bu zaman Paşinyan bu kateqoriyadan olan ermənilərin sayını da açıqlayıb: “Keçən ilin dekabrında Laçın dəhlizi (?) qanunsuz bağlanandan sonra 5 minə yaxın, 2020-ci il 10 noyabr Bə­yanatının 7-ci bəndinin yerinə yetiril­məməsi səbəbindən isə 30 minə yaxın erməni bölgəyə qayıda bilmir”. 

Paşinyanın sözündən belə çıxır ki, hazırda Ermənistanda 35 min Qara­bağ ermənisi intizarla evlərinə qayıda­cağı günü gözləməkdədir. Bu uydurma rəqəmin gülüş doğurması bir yana, təəccüb yaradan tərəfi odur ki, indi şəffaf və obyektiv siyahıyaalınma ke­çirilsə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda bu saydan da az erməni sakinin qaldığı məlum olar. 

* * *

Bu yandan sülhdən danışan İrəvan o yandan Fransadan, Hindistandan, başqa ölkələrdən silah-sursat almaq­la məşğuldur. Üstəlik, son vaxtlar Er­mənistan cəmiyyətində daxili səfər­bərlikdən danışılır. Açığı, Paşinyanın dəfələrlə təkrarlanan bu cür feyk-ça­ğırışları yadımıza folklorumuzdakı ya­lançı çoban obrazını salır. Canavarla­rın sürüyə hücum etdiyini kəndə car çəkən, hər dəfə yalanının üstü açılan və sonda yırtıcıların real basqını ilə üzləşəndə köməksiz və çarəsiz qalan cobanı deyirik. Müqayisə bir qədər qü­surlu görünə bilər. Amma biz Paşinyan iqtidarının heç bir müsbət sonluğa, məntiqi nəticəyə gətirməyən yalançı vədlərini, təkliflərini çox eşitmişik. 

Üç ilə yaxındır onlar real və konkret addımlar atmağın əvəzinə yalnız sülh sazişinə əlavələrdən, düzəlişlərdən danışırlar. Amma ortalığa konkret heç nə qoya bilmirlər. Bunun qarşılığında Bakı özünün 5 şərtdən ibarət təkliflər zərfini rəsmən açıqladı, 3+3 formatı­na razılığını bildirdi, sülh danışıqları­nın bütün treklərində iştirak etdi. Yəni, sözümüz və hərəkətimizlə göstərdik ki, biz doğrudan da, müharibə səhifə­sini çevirmək istəyirik. Münasibətlərə dinc yanaşı yaşamağa aparan sülh və əmin-amanlıqla yeni abzasdan başlamağa hazırıq. Onları da bu yola dəvət edirik. Və bütün bu təklifləri mü­haribədən qalib çıxmış tərəf kapitul­yasiyaya imzasını atmış rəqibinə ve­rir. Bəs əvəzində nə görürük? Saxta, qeyri-səmimi, blef gedişlər. Yuxarıda qeyd etdiyimiz kimi, dünən Paşinyanın açıqlaması da rəngli röyasının, blef yuxusunun bəhrəsi idi.

Fikrət SADIXOV,
politoloq

Müharibədən sonra Azərbaycan sülh sazişi ilə bağlı öz təkliflərini ve­rib. Həmin təkliflər bu gün də öz qüv­vəsində qalır. İrəli sürülən hər bir yeni təklifin əsas göstəricisi onun məzmu­nudur. Biz Paşinyanın təkliflərində nələrin yer aldığını, hansı təşəbbüs­lərin irəli sürüldüyünü hələlik bilmirik. Hər halda, İrəvan gedən dialoqla pa­ralel olaraq təkliflərini açıqlayırsa və bunlar bizim təkliflərimizlə üst-üstə düşürsə, onları qəbul etmək müm­kündür. Amma yeni təkliflər paketində yenə də qondarma artsax, Qarabağın erməni icması ilə dialoq üçün hansı­sa beynəlxalq mexanizmlərin cəlb edilməsi kimi çağırışlar olsa, bu, təbii ki, Azərbaycan tərəfindən qəbul olun­mayacaqdır. Bu məsələ onlarlıq deyil, çünki Qarabağ bizim suveren ərazi­mizdir və oradakı erməni sakinlərlə hansı formada dialoq aparacağımızı özümüz yaxşı bilirik. 

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmi formada tanıyan­dan sonra konkret və əməli addımlar atmalıdır. On minə yaxın hərbçisinin Qarabağdan çıxarılmasını təmin et­sin. İrəvan başa düşməlidir ki, Bakı gec-tez həmin silahlı quldurları böl­gədən rədd edəcəyik. İndiki məqam­da onların irəli sürdüyü təkliflər sa­dəcə gözdən pərdə asmaq xarakteri daşıyırsa, bunu heç vaxt qəbul et­məyəcəyik.

Tofiq ABBASOV,
siyasi şərhçi 

Paşinyan belə cılız manevrlərin sayəsində “diplomatik ustalıq” nümayiş etdirməyə çalışır. Birinci dəfə deyil ki, danışıqlar prosesinin gedişində hansı­sa əlavələrinin, təkliflərinin olduğunu bildirir. Sonda görmüşük ki, bunlar boş vədlərdən başqa bir şey deyil. Əgər təklif varsa, onu verən tərəf dəqiq niy­yətini, sülhə bağlılığını, prosesə xidmət etməsini əməlləri ilə təsdiqləsin. Amma təəssüf ki, Paşinyan və onun iqtidarı tərəfindən bu addımları görmürük. At­dıqları addımlar isə təxribat yönlüdür. İndiki məqamda Paşinyan sülh sazişi ilə bağlı əlavələrinin olduğunu deyirsə, onda gərək sual verək: Onun sülhə yönəlik fəallığı, istəkləri nə zaman baş verir? Deməli, bu, BMT Təhlükəsizlik Şurasında onların müraciətinə rədd cavabı verildikdən sonra baş verir. Həm də Azərbaycan diplomatiyası qar­şısında bir daha diz çökəndən sonra. Azərbaycan beynəlxalq qaydaları poz­mayan bir məmləkətdir və buna görə bizə heç kəs nə bir irad bildirə, nə də tənbehedici qərar çıxara, tövsiyə verə bilər. Məhz BMT-dəki siyasi fiaskodan sonra Paşinyan yenidən köhnə vərdi­şini işə salıb, özünü guya sülh tərəfdarı kimi qələmə verməyə çalışır. 

Əlbəttə, bu, məsələyə qeyri-ciddi yanaşmadır. Onun bu təklifi start siq­nalı verilmədən özünü hovuza atan üzgüçünün hərəkətinə bənzəyir. Hə­min an hakim “fall-start” elan edir. Bu yanlış taktiki addım Paşinyan iqtidarı tərəfindən tez-tez atılır. Amma biz yaxşı bilirik ki, Ermənistan cəmiyyəti, onun siyasi dairələri, elitası üçün sülh planı hələlik yoxdur. 

İmran BƏDİRXANLI , “Xalq qəzeti”







Siyasət