Alen Simonyan kefindən qalmır

post-img

Hayların parlament sədrinin “bahalı məzuniyyəti” “humanitar blokada” mifini bir daha ifşa edir

Bu ilin aprelində İrəvanın mərkəzində onu tənqid edən vətəndaşın üzünə tüpürməsi ilə hayların böyük narazılığını qa­zanmış Ermənistan parlamentinin spikeri Alen Simonyan yenə gün­dəmdədir. Hazırda onun gündəmə gəlməsinə müxtəlif Avropa ölkələ­rində dincəlməsi ilə bağlı sosial şəbəkələrdə paylaşdığı fotolar sə­bəb olub.

Ermənistan vətəndaşları Simonyanın “İnstaqram”da paylaşdığı fotolara şərhlər yazaraq indiki məqamda bu cəh-cəlalın haradan olduğunu soruşurlar. Onlar öz fikirlərini bununla “əsaslandırıblar” ki, Qarabağda “ağır humanitar vəziyyət”in hökm sürdüyü, insanların “aclıq içində” və bütövlükdə, bölgənin “blokada” vəziy­yətində olduğu bir məqamda parlament sədrinin bahalı ölkələrdə məzuniyyətdə olması heç bir çərçivəyə sığışmır. Digər tərəfdən, ermənilər şərhlərdə Simonya­nın dövlət büdcəsi hesabına məzuniy­yətdə olduğuna əminliklərini bildiriblər. Haylar parlament sədrinin xalqın dərd­lərinə biganə olmasından gileylənib, onu “meşşan” adlandırıblar.

Qeyd edək ki, məzuniyyətdə olan A.Simonyan Norveç və İspaniyanın gəz­məli-görməli yerlərində, füsunkar təbiət qoynunda fotolar çəkdirərək, bunları “İnstaqram” hesabında yerləşdirib. Si­monyanın bu addımı Ermənistan medi­ası tərəfindən tənqid olunub. Məsələn, Panorama.am saytının “Alen Simonyan “Qarabağın blokadası”na və sakinlərinin “pis qidalanmasına” baxmayaraq, geniş təbəssümlə fotoşəkil paylaşır” sərlövhəli məqaləsində deyilir: “Qarabağın 8 aydan artıqdır davam edən “blokadası”, 120 min həmvətənimizin qidasız olması (?), kütlə­vi şəkildə huşunu itirmələri və sərhədləri­mizdə gündəlik atışmaların eşidilməsi şə­raitində Ermənistan parlamentinin spikeri kürsüsünü tutan Alen Simonyan dünyaya geniş şəkildə gülümsəyir. Artıq iyul ayın­da istirahətdən həzz almağa uğurla vaxt tapan Alen Simonyan yenidən məzuniy­yətə çıxıb.

Bu gün hamı Ermənistanın Şirak vi­layətində 11 nəfərin öldüyü avtomobil qə­zasının (avqustun 14-də Qərbi Azərbay­canın Şörəyel mahalında 11 nəfərin həlak olması, 6 nəfərin yaralanması ilə nəti­cələnmiş yol-nəqliyyat hadisəsi nəzərdə tutulur – S.H.) səbəblərini müzakirə edir. Cəmiyyət baş verənlərə təəssüflənir, bu cür qəzaların qarşısını almağın yolların­dan danışır. İki saat əvvəl isə Simonyan “İnstaqram” səhifəsində Norveçdən çək­dirdiyi fotonu yerləşdirib. Bu fotoda onun üzündə geniş təbəssüm var”.

Sayt xatırladır ki, parlament sədri postunu tutan Simonyanın ailəsi heç vaxt təvazökarlığı ilə seçilməyib: “Ölkənin üz­ləşdiyi fəlakət və təhdidlərə baxmayaraq, o və həyat yoldaşı sosial şəbəkələrdə tez-tez istirahət, ezamiyyət və axşam məclislərindən foto-videolar yerləşdirir­lər”.

“Aysor.am” saytı isə “Alen Simonyan həyatdan həzz almağa və geniş gülüm­səməyə davam edir” sərlövhəli xəbərin­də yazır: “Ermənistan parlamentinin sədri vəzifəsini tutan Alen Simonyan “İnstaq­ram” səhifəsində yeni fotolar yerləşdirib. Bu dəfə o, helikopter yanında, ayağında başmaqlar və sərbəst geyimdə görün­tülənib”.

***

Qeyd etdiyimiz kimi, bu, A.Simonya­nın erməniləri qıcıqlandıran ilk addımı deyil. Onun cari ilin iyun ayında Londona gedən parlament nümayəndə heyətinin tərkibinə həyat yoldaşını və qızını daxil etməsi də narazılıq doğurmuşdu. Bunun­la bağlı “Hayastan.nyus” saytında iyunun 9-da yerləşdirilmiş “Alen Simonyan, arva­dı, qızı və 12 nəfərlik nümayəndə heyəti Londonda” sərlövhəli məqalədə deyilirdi: “Alen Simonyan 13 nəfərlik nümayəndə heyəti ilə Londona gedib – təbii ki, dövlət büdcəsi hesabına. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parla­mentinin aşağı palatasının (İcmalar Pala­tası) sədri ilə görüşüb. O, bunu təkbaşına da edə bilərdi, nümayəndə heyətinin ol­masına qətiyyən ehtiyac yox idi.

Simonyan, həmçinin parlamentin yuxarı palatasının (Lordlar Palatası) səd­ri, İcmalar Palatasının üzvləri, Böyük Bri­taniyanın Avropa məsələləri üzrə naziri, habelə mədəniyyət naziri ilə görüşüb. Qeyd etdiyimiz kimi, bu hərəkətləri tək­başına və ya iki-üç nəfərlə, ya da Ermə­nistana gələn Avropa rəsmilərinin etdik­ləri kimi etmək olardı. Amma 13 nəfərlik nümayəndə heyəti ilə Londona getməyin heç bir izahı yoxdur.

Amma bu da hələ hamısı demək de­yil: Alen Simonyan arvadını və qızını da özü ilə Londona aparıb. Üstəlik, Simon­yanın “işdən sonra” işarəsi qoyulmuş fo­tolarının sayı rəsmi məlumatların sayın­dan çoxdur. “Mülki müqavilə” partiyasının üzvləri, Alen Simonyan, onun ailə üzvləri Londonu gəzib, fotoşəkillər çəkdiriblər. Alen Simonyan qızına məşhur London körpüsünü göstərib. Onlar Britaniya muzeyinə də baş çəkiblər, ilahə Anaitin heykəlinin fraqmenti ilə şəkil çəkdiriblər. Simonyanın arvadı axşam saatlarında sosial şəbəkə hesabında Londondan paylaşım edib və yazıb: “Həyat qayna­yır”. Təbii ki, qaynayır”.

London səfərindən bir neçə gün son­ra – iyunun 12-də A.Simonyanın həyat yoldaşı Mariam Marqaryanın İrəvanda keçirilən ad günü tədbiri də Ermənistan cəmiyyətində qıcıq yaradan addımlardan idi. Belə ki, “İnstaqram”dakı videolardan birində Simonyanın ziyafət paltarı geyin­miş arvadının əlindən tutaraq onunla bir­likdə hovuza necə atıldığı görünür.

***

Onu da qeyd edək ki, hər zaman özünə xüsusi fikir verməsi, baxımlı ol­mağı, səliqəli geyinib-keçinməyi, saç düzümü, komfort həyatı ilə seçilən Qərb­yönümlü Simonyan 44 günlük Vətən mü­haribəsi zamanı Yunanıstanda istirahət etməsi ilə gündəmə gəlmişdi. Həmin il onun 40 yaşı tamam olmuşdu. Onun həmyaşıdları müharibədə iştirak edəndə, qurban gedəndə, yaralananda Simonyan Yunanıstan adalarında dincəlirdi.

Müharibədən sonra – 2020-ci ilin de­kabrında Ermənistan cəmiyyəti onun ter­ror-diversiya əməllərinə görə həbs edilən və barələrində Azərbaycan məhkəmələ­rinin hökm çıxardığı şəxslərlə bağlı dedi­yi sözlərlə çalxalanırdı. Simonyan həmin vaxt demişdi: “Hesab edirəm ki, əsirlər (?) mənim üçün artıq mövcud deyil. Bir tərəfdən əsir düşən (?) əsgərlərin özlərini alçaldılmış hiss etməsini istəmirik, digər tərəfdən də cəmiyyətimiz və hərbçiləri­miz bilsinlər ki, əsir düşmək (?) yaxşı hal deyil”. Onun sözlərinə görə, əsir düşənlər silahı yerə qoyub fərarilik edənlərdir. Si­monyan bütün fərarilərin mühakimə edil­məli olduqlarını da bildirmişdi.

Əsir və itkin düşmüş hərbçilərin va­lideynləri və qohumları Ermənistan hö­kumətinin binasının qarşısına toplaşmış­dılar. Onlar Simonyanın əsirlərlə bağlı qalmaqallı açıqlamalarından hiddətlən­diklərini bildirmişdilər. Etirazçılar ölkənin müxtəlif yerlərindən insanların İrəvana gəldiklərini və hamı toplaşdıqdan sonra hərəkətə keçəcəklərini qeyd etmişdilər. “Qoy Simonyan dediklərini izah eləsin. Haradadır bizim uşaqlar? Özü dəfn edib onları?”, – deyə etirazçılar vurğulamışdı­lar.

Onu da qeyd edək ki, parlamentin sədri bir müddət – 2022-сi ilin fevralın 1-dən martın 13-dək Ermənistan pre­zidentinin səlahiyyətlərini də icra edib. Simonyan bu qısa dövrdə də qalmaqala imza atmağı bacarıb. O, protokola zidd olaraq fevralın 10-da prezident iqamət­gahında bir neçə sənət adamı üçün dəb­dəbəli ziyafət vermişdi. Qonaqlar və Si­monyan süfrə arxasında söhbət etdikdən sonra musiqi sədaları altında söhbətə davam etmiş, əylənmişdilər. Görüşün bu şəkildə ictimaiyyətə təqdim edilməsi də haylar arasında etiraz dalğasının yaran­masına səbəb olmuşdu.

Ancaq görünən odur ki, bütün bu tənqidlər, qınaqlar, narazılıqlar A.Simon­yanın heç vecinə də deyil. Ötən ilin sent­yabrında sosial şəbəkələrdə Simonyan və deputat Hraçya Akopyan (baş nazir Nikol Paşinyanın qaynı) Yunanıstandakı bahalı kurortlardan birində istirahət etdik­lərini əks etdirən video yaymışdı. Bundan əlavə, Simonyan Yunanıstandan arvadı ilə fotosunu da dərc etmişdi.

Həmin hadisə parlamentdə də mü­zakirə olunmuşdu. Bu zaman Simon­yan Yunanıstanda istirahətdən çəkilmiş videoçarxa münasibət bildirmək sorğusu­na cavab olaraq şəxsi həyatını müzakirə etmək niyyətində olmadığını demişdi.

“Şəxsi həyatıma və yalanlara gəlincə, mən onları şərh etmirəm”, – deyə Simon­yan “Hayastan” blokunun deputatı Arek­naz Manukyanın sualına cavab vermişdi.

Manukyan cavabında bildirmişdi ki, görüntülər sosial şəbəkədədir, orada Simonyanın kurortda rəqs etdiyi göstə­rilir. Deputat qeyd etmişdi ki, spikerin gəlir bəyannaməsinə əsaslanaraq, onun və dostlarının belə bahalı kurort xərci­ni ödəyə bilməyəcəyini söyləmək olar. Manukyan Simonyandan Yunanıstanda nə qədər pul xərcləndiyini aydınlaşdır­masını tələb edib: “Bundan başqa, mərc (bukmeker) kontorlarından birinin xərcləri ödədiyinə dair sübutlar var. Bu halda siz klassik korrupsiya ilə məşğul olursunuz”.

Simonyan isə suala cavab vermək­dən imtina edərək deputata “sarı mətbu­atı” izləməməyi təklif etmişdi.

Göründüyü kimi, hayların başlarına bəla olan parlament sədri ona ünvanla­nan tənələrə baxmayaraq, öz kefində­dir. Ermənistanın çoxlu problemlərinin olduğu bir zamanda ölkənin üç hakimiy­yət qolundan birinə Simonyan kimisinin rəhbərlik etməsi ermənilərin üzqarasıdır. Paşinyan iqtidarının xalq üçün çalışdığını deyir, Simonyanın əmələri isə onun de­diklərinin yalan olduğunu isbat edir.

Burada bizim üçün ən önəmli məqam­lardan biri də Simonyanın bahalı məzu­niyyətinin Qarabağda ermənilərin, guya, kəskin ərzaq böhranı yaşadığı iddiasını darmadağın etməsidir. Bu, bir daha onun göstəricisidir ki, Qarabağda hansısa “ac­lıq” yoxdur. Bunu ən yaxşı bilənlərdən biri də Ermənistan parlamentinin sədri Alen Simonyandır.

Səxavət HƏMİD, “Xalq qəzeti”

Siyasət