Priqojinin təyyarə qəzası

post-img

Qiyamçı hərbi rəhbərin müəmmalı ölümü ilə bağlı versiyalar

İyunun 23-də “Vaqner” Özəl Hərbi Şirkətinin qiyamı olaraq qiymətləndirilmiş hadisədən sonra həmin qurumun rəhbəri Yevgeni Priqojinin, heç nə olmamış kimi, sərbəst buraxılması bir qədər təəccüblü idi. Necə ola bilərdi ki, dövlətə qəsd cəzasız qalsın? Axı, Priqojin, sözün əsil mənasında, Rusiyanın paytaxtı Moskvaya yürüş təşkil etmişdi. 

Çıxışları, sosial şəbəkə paylaşımları onu kultlaşdırmışdı, qəhrəmana çevir­mişdi. Priqojin, sanki, İlahi ədalətin mü­cəssəməsi olmuşdu. İndi ilk baxışdan, elə düşünmək olar ki, avqustun 23-də baş vermiş müəmmalı təyyarə qəzası həmin kultu dağıtdı, ədaləti yerlə-yeksan etdi, qəhrə­manın isə axırına çıxdı. Əlbəttə, bu, ilk baxışdan gəlinən qənaət­dir. Məsələyə diqqətlə yanaş­dıqda, ağla dövlətçilik naminə cəzasızlıq mühitinə yol veril­məməsi gəlir. Dünya mediasına yol tapan fikirlərdə məsələ hətta bir qədər də sərt formada qoyu­lur: Rusiya Prezidenti Vladimir Putin Priqojini bağışlaya bilməzdi və bağışlamadı da. Ancaq başqa məqam­lar da var.

Maraqlıdır ki, avqustun 23-dəki təyyarə qəzasından bir gün əvvəl Y.Priqojin çoxdandı görünmədiyi sosial şəbəkədə peyda olmuşdu. Onun Afri­kada olduğu bildirilirdi. Belə qənaət for­malaşmışdı ki, “Vaqner” “qara qitə”də hansısa əməliyyat keçirir. Tam müm­kündür. Çünki şirkətin yalnız Rusiya dövlətinin müəyyənləşdirdiyi xətt üzrə getmədiyi məlumdur. Onun özünün də dünyanın müxtəlif bölgələrindəki konf­liktlərə qatılmaq təcrübəsi var. Əlbət­tə, bu təcrübələrdə Rusiyanın maraq və mənafeləri nəzərə alınmaya bilməz. 

Adından da görünür – özəl hərbi şirkət. Yəni, müəyyən maliyyə vəsaiti müqabilində hərbi xidmət göstərə bilən qurum. Bəs, necə oldu ki, avqustun 22-də Afrikada olduğu bildirilən Priqojin bir gün sonra, belə demək mümkünsə, slavyan səmasında canını tapşırdı. Ola bilərmi ki, kimlərsə yenidən Priqo­jini “diriltmək” fikrinə düşmüşdülər, bir başqaları isə onu gömdü? Bu kimi su­allar və suallar ətrafındakı mülahizələr gündəmdədir və hesab edirik ki, qarşı­dakı müddətdə onların sayı artacaq. 

*** 

“Putinin aşpazı” adlandırılmış Y.Priqojin kim idi? Əvvəlcə buna diqqət yetirək. Əlbəttə, onu maraqlı fiqur say­maq mümkündür. Aşpazın birdən-birə peşəkar hərbçiyə çevrilməsi, əslində, Rusiyanın mahiyyəti qədər gözlənil­məz sayıla bilər. Deməli, Priqojin əsl rus idi. O, özünün “Telegram” kana­lında ölkənin müdafiə naziri Sergey Şoyqunu və baş qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı uğursuzluq səbəbindən ittiham edib təhqirlərə, al­çaldıcı sözlərə “qonaq edəndə” də əsl rus obrazında idi. Xalq ona “mujik” kimi yanaşırdı. 

Bir gün “mujik” yuxudan oyanıb Moskva üzərinə yürüşə çıxanda rəğ­bətlə qarşılandı. Hətta, rəğbət Prezi­dent Vladimir Putinin müraciətindəki sərt ritorikanın və “Vaqner”in davranı­şını qiyam kimi qiymətləndirməsinin kölgəsində qalmadı. Hər kəs elə bil­mədi ki, Ukrayna müharibəsinə qədər “Konkord” şirkətlər qrupunun sahibi və Prezidentin dostu sayılan Priqojin qiya­ma cəhd göstərən vətən xainidir. Tə­bii ki, bunu düşünməmək üçün başqa səbəblər də var idi və onlardan da söz açacağıq. 

*** 

Birincisi, 1961-ci il təvəllüdlü Priqo­jin Sankt-Peterburq şəhərində doğu­muşdu. O şəhərdə ki, Rusiya lideri­nin siyasi karyerası baxımından çıxış nöqtəsi sayılır. 

İkincisi, “Vaqner”in indi sabiq olan rəhbərinin restoranları və iaşə obyekt­ləri Putinin xaricdən gəlmiş yüksək sə­viyyəli qonaqlarının iştirak etdiyi şam yeməklərinə evsahibliyini gerçəkləşdi­rirdi. Elə “Putinin aşpazı”, “Prezidentin dostu” kimi deyimlər də bundan qay­naqlanmışdı. Nəzərə alaq ki, yemək işini hər adama etibar etmək olmaz. Deməli, Priqojin etibar qazanmışdı. 

Üçüncüsü, Priqojinin etibar qazan­maq yolu heç də rəvan olmamışdı. O, 1981-ci ildə 12 il müddətinə azadlıq­dan məhrum edilmişdi. 1990-cı illərdə həbsdən azad edildikdən sonra isə doğulduğu şəhərdə restoran açmışdı. Tədricən sahibkar kimi uğurlar qazan­mağa başlamış bu şəxsin 2019-cu il­dəki sərvəti 14,6 milyard rubl olmuşdu. Bundan əvvəl isə yəni, 2016-cı ildə adı Sankt-Peterburqun 30 ən nüfuzlu ada­mı siyahısına daxil edilmişdi. Əlbəttə, yüksək status Priqojini 2016-cı ildən ABŞ-ın, 2020-ci ildən Avropa İttifaqının və Böyük Britaniyanın, 2022-ci ildən Avstraliyanın, Kanadanın, Yeni Zelan­diyanın və Yaponiyanın sanksiyaları altına düşməkdən sığortalaya bilmə­mişdi. 

*** 

Vətən xainləri bağışlanmır. Bu mə­nada iyunun 23-dən başlanmış və bir neçə gün davam etmiş “Vaqner” qiya­mı”ndan sonra Priqojinin bağışlanması maraqlı idi. Hər şey çox sadə şəkildə baş vermişdi. Belarus Prezidenti Alek­sandr Lukaşenko araya girmiş, müba­hisəyə son qoymuşdu. Rusiya Prezi­dentinin mətbuat katibi Dmitri Peskov isə bildirmişdi ki, “Vaqner” təmsilçilə­rinin vətən qarşısındakı əvvəlki xid­mətləri nəzərə alınaraq, onlar cinayət məsuliyyətinə cəlb olunmayacaqlar. Hər halda Prezident Putin sonradan Priqojini qəbul etdi. Vətən xaininə belə etimad göstərilməzdi. 

Yayılan xəbərlərdə Priqojinin ba­şının dəstəsi ilə Belarusa getdiyi və orada nüvə obyektini mühafizə etdiyi bildirildi. Hamı elə sanırdı ki, “Vaqner” rəhbəri Lukaşenkonun himayəsi al­tındadır. Avqustun 22-də onun sosi­al şəbəkədə Afrikada çəkildiyi iddia edilən şəklinin yayılması həm də buna görə təəccüblü görünə bilərdi. Yeri gəlmişkən, avqustun 23-dəki təyyarə qəzasının “Vaqner” qiyamı”ndan düz iki ay sonra baş verməsi də təəccüb­lüdür. Deməli, 23 rəqəmi Priqojin üçün düşərli deyilmiş. Amma yalnız bunumu düşünək? Başqa hansısa əlahiddəlik varmı? Cavab vermək çətindir... 

*** 

23 iyun qiyamından sonra Priqojinin bağışlanıldığını fikirləşənlər üçün bir vacib məqam var. Bu versiyanı ortaya atanlar bildirirlər ki, “Vaqner” rəhbərinin etdiklərində heç bir pis əməl yoxdur. Onlar Putinin dostu kimi tanınan şəx­sin, əslində, dövlət başçısı üçün dost xidməti reallaşdırdığı qənaətindədirlər. Yəni, qiyam oyun imiş. Putin oyun qu­raraq üsyankar Priqojinə kimlərin qoşu­lacağını müəyyənləşdirmək istəyirmiş. Axı, Ukrayna müharibəsinin ona qarşı müxalif cəbhə formalaşdırdığı deyilir. O cəbhənin təmsilçiləri kimlər idi? Priqo­jin “Telegram manifestləri”ndə belələri­ni də hədəfə alırdı. Övladlarını ordudan yayındıranları, orduya ayrılmış pulları mənimsəyənləri və s. Həmin vaxt elə qənaət formalaşırdı ki, müharibə üçün əllərini cibinə atmaq istəməyən həmin şəxslər Putini devirməyə qol çırmayıb­lar və Priqojinin üsyan görüntülü dost xidməti bu təbəqəni ortaya çıxarmaq məqsədli testdir. Özü də uğurlu test. Yoxsa, Putin niyə onu bağışlasın ki? Hər halda, Lukaşenko da mənasız işə qol qoyacaq adam deyil. Nə də Putinin yazdığı yazını pozacaq adamdır. 

*** 

Priqojinin təyyarə qəzasında ölümü başqa versiyaya da yol açır. Bu versi­ya onu Putinin bağışlamadığına və cə­zasını verdiyinə dair hazırda populyar olan deyimləri sıradan çıxarır. Bir halda ki, “Vaqner” şefi haqqında söz açdığı­mız dost xidmətini göstərdi və nəticə etibarilə Rusiya lideri kimin ona qar­şı dönük olduğunu müəyyənləşdirdi, deməli, bu xidmət Ukrayna müharibə­sinə də töhfədir. 

O müharibəyə ki, hazırda Qərbin Ukraynaya dəstək mövzusunda müəy­yən mənada aciz duruma düşdüyü görünməkdədir. O da görünür ki, Qərb Ukrayna rəhbərliyini vəziyyətlə barış­mağa vadar edən çağırışlar səsləndirir. Ancaq iki ay əvvələdək bu cür durum yox idi. Belədə Priqojinin müəmmalı ölümü ilə bağlı yeni versiya ürəli sürən­lər bildirirlər ki, əslində, təyyarə qəzası Rusiyaya gözdağıdır. Bir halda ki, Mos­kvada da partlayışlar baş verir, nə üçün içərisində Ukrayna müharibəsində böyük iş görmüş hərbi qruplaşmanın rəhbərinin olduğu hava gəmisi partla­dılmasın? Nəzərə alaq ki, qəhrəmanı, “mujik”i partladanlar, digərlərinə qarşı da eyni əməli törədə bilərlər. Hər halda, Priqojinin uçduğu təyyarənin qorunaq­sız olduğunu fikirləşmək sadəlövhlük­dür. Onun qəzalı vəziyyətə elə-belədən düşdüyünü iddia etmək də, həmçinin. 

*** 

Sonda daha bir versiya üzərində dayanaq. Bu versiyaya görə, Priqo­jin, həqiqətən də, xaindir və cəzasını üzərindən iki ay keçdikdən sonra aldı. Sual olunur: nə üçün Putin üsyankarın cəzasını həmin an vermədi? Verə bil­məzdimi? Bu suallara cavab axtaranlar Rusiya liderinin “Vaqner” qiyamı” ilə bağlı son dərəcə sərt fikirlərlə zəngin müraciəti üzərində dayanırlar. Onlar bildirirlər ki, Priqojin vəziyyəti bir qədər də dramatikləşdirsəydi, sərtlik özünü mütləq göstərəcəkdi. Amma Yevgeni Lukaşenkonun sözünə qulaq asdı və avantürasından əl çəkdi. Əlbəttə, bu, Putini onun cəzasını nə zamansa ver­mək fikrindən daşındıra bilməzdi. 

Bu yerdə gözlər önündə keçmiş “KQB”şnik, əsl siyasət adamı Putinin obrazı canlanır. Haqqında söz açdı­ğımız versiyaya inansaq, Rusiya Pre­zidenti Priqojini həmin an cəzalandır­maqla, qiyam ritorikasını böyütmək istəmədi. Digər tərəfdən, tutalım, qi­yam varsa, bütövlükdə, “Vaqner” dağı­dılmalı idi. Buna isə ehtiyac yoxdur. 

Yazılmamış qanunlara görə, vətən xainləri barədə ölüm hökmü çıxarılır. Rusiyanın yazılmış qanunlarında isə ölüm hökmü yoxdur. “Mujik”in həbsə atılmasına gəldikdə, heç şübhəsiz, bu, yüksək səslənə bilərdi və onun şəx­siyyəti daha da kultlaşardı. Habelə, məsələ istər-istəməz siyasiləşərdi. Putinə yeni böyük çəkili siyasi məh­bus lazım deyildi. Ona görə Priqojin elə təyyarə qəzasında həyatını itirməli idi. İtirdi və cəzasını aldı. Onun ölümü isə bunt fikrinə düşənlər üçün siqnaldır. Priqojin kimi biri aradan götürülürsə, di­gərlərini də eyni aqibətilə üzləşdirmək su içimi kimi bir şeydir. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”





Siyasət