Alman alimi: Okamponun hesabatı Ermənistanın maraqlarına dəstəkdir

post-img

“Luis Moreno Okamponun hesabatının müddəaları Ermənistanın maraqlarına güclü dəstək olduğunu göstərir və ən azı, birmənalı deyil, hətta açıq-aşkar aldadıcıdır”.

Bu barədə almaniyalı tədqiqatçı, doktor Mixael Raynhard Hessin vəkil Luis Moreno Okampoya ünvanladığı açıq məktubda deyilir.

Tədqiqatçı məktubunda vəkilə er­mənilərin işlətdiyi və erməni dilinə heç bir aidiyyəti olmayan “Artsax” ifadəsi­nin mənşəyini izah edib və əlavə edib ki, hesabatda guya Qarabağ bölgəsi­nin əsasən ermənilərin məskunlaşdığı region kimi qələmə verilməsi də saxta­karlıqdan başqa bir şey deyil.

“Faktiki məzmuna gəlincə, “Artsax” sözünün (ümumiyyətlə erməni etimo­logiyasında olmayan sözdür) göstər­diyiniz xronoloji üfüqdə həqiqətən təsdiq oluna biləcəyi şübhə doğurur. Ermənilərin Strabonun (e.ə. 63-cü il - eramızın 23-cü ili) işlətdiyi “Orxisten” toponiminin “Artsax” ilə eyniləşdirilməsi yalnız spekulyativdir. Məndə olan mə­lumata görə, erməni dilinə heç bir ai­diyyəti olmayan “Artsax” toponimi era­mızın 5-ci əsrindən əvvəl olmamaqla geniş yayılıb. Təbii ki, nə bizim eranın əvvəli, nə də sonrakı dövrlər, o cümlə­dən 5-ci əsrdən sonrakı dövrlərlə bağlı dəqiq demoqrafik statistikamız yoxdur. Bu isə o deməkdir ki, bəyanatınızın yeganə interpretasiyası olan fikir – re­gionda əsasən ermənilərin yaşadığı ilə bağlı düşüncəniz də yalnız və yalnız spekulyativ xarakterlidir”, - məktubda qeyd edilir.

Hessin məktubunda vurğulanır ki, “Artsax” termini ən azı 1921-ci ilə qə­dər hətta ermənilərin özləri tərəfindən də geniş istifadə olunmayıb. Bunu, məsələn, Ermənistan SSR Xalq Ko­missarları Sovetinin 12 iyun 1921-ci il tarixli bəyannaməsi də sübut edir.

“Bu arada regionun ənənəvi “Qara­bağ” adı əsrlər boyu müxtəlif inzibati və siyasi sənədlərdə işlədilmiş və bu günə qədər də istifadə olunmaqdadır”, - al­man tədqiqatçı vurğulayır.

“Artsax”ın tarixi anlayışı ilə onun XX əsrdə erməni millətçiləri tərəfindən müasir reintroduksiyası arasındakı fərqi gizlətməklə, sizin töhfəniz, əslin­də, eramızın əvvəlindən erməni topo­nimik, demoqrafik, siyasi və tarixi da­vamlılığını təklif etmək istəyən millətçi erməni diskursunu təbliğ edir. Lakin belə bir davamlılıq yoxdur”, - məktub­da deyilir.

Mixael Raynhard Hess vurğulayır ki, Okamponun gəldiyi nəticəni oxu­duqdan sonra onda belə bir təəssürat yaranıb ki, vəkilin hesabatı həm tarixi fonun, həm də real vəziyyətin birtərəfli ermənipərəst şərhinə əsaslanır.

Alman tədqiqatçı Okamponun Qa­rabağda guya “aclıq soyqırımı”nın baş verdiyi barədə dediklərini də təkzib edib:

“Doğrudanmı Qarabağın geniş dağlıq rayonları kimi münbit bir region­da, təbii sərvətlərin yetərincə olduğu, əkinçilik və heyvandarlığın mümkün olduğu münbit bir bölgədə cəmi 120 min nəfərlik (bu, Ermənistanın iddia etdiyi rəqəmdir) icmanın yayın ortasın­da acından ölə biləcəyinə inanırsınız?! Həmçinin məqalənizdən məlum olur ki, bu ərazilərdən ağır xəstələrin təxliyəsi üçün tədbirlər görülüb. Bu həm də o anlama gəlir ki, qida çatışmazlığından əziyyət çəkən insanlar da regiondan kənara çıxarıla bilərdi. Məqalənizdə aclığın həqiqətən olduğu və ya Qara­bağda qrup halında yaşayan erməniləri təhdid edə biləcəyinə dair hər hansı bir sübut və ya işarə yoxdur”.

Mixael Raynhard Hess, həmçinin Okamponun Azərbaycanın “Laçın” sər­həd-keçid məntəqəsini yaratmasının guya “soyqırımı”na hazırlamaq vasitəsi kimi şərh oluna biləcəyi ilə bağlı iddi­alarının inandırıcı olmadığını söyləyib: “Bir çox ölkələrin, o cümlədən ABŞ və Avropa İttifaqının xarici sərhədləri olan ölkələrinin insan və malların qaçaq­malçılığının qarşısını almaq üçün ox­şar sərhəd-keçid məntəqələri var, lakin heç kim onları soyqırımı hazırlamaqda ittiham etmir”.

“Xalq qəzeti”

Siyasət