Ana dilimizi poeziya zirvəsinə yüksəltmiş şair

post-img

Füzuli – 530

AMEA-nın Dilçilik İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi Füzulinin 530 illik yubileyinə həsr olunan respublika konfransı keçirilib.

“Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunun müzakirə edildiyi konfransda Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Teymur Kərimli dahi şairin anadilli poeziyamızın başında duranlardan biri olduğunu söyləyib. O bildirib ki, Məhəmməd Füzuli poeziyasının dili və üslubu öz zənginliyini, istiqamətini, inkişaf xəttini, orijinallığını xalq dilinə bağlılığı ilə əldə edib. Ədibin poeziyası ədəbi mədəniyyətin ən mükəmməl nümunəsidir. Füzuli bu gün də bizim müasirimizdir və şairin irsi xüsusən müstəqil dövlətçiliyimizdə yeni məna kəsb edir.

Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli çıxışında Məhəmməd Füzulinin eşq fəlsəfəsindən və onun əsas mahiyyətindən danışıb.

Şairin həcmcə ən böyük əsəri olan “Hədiqətüs-süəda”nın (“Хоşbəхtlər bağçası”) dini düşüncə, iman və əqidə duyğularının bədii əksi kimi səciyyəvi əsər olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin Məhəmməd Füzuli irsinin təbliği ilə bağlı gördüyü tarixi işlərdən danışan alim dahi liderin İraqda böyük bir heyətlə birgə Füzulinin qəbrini ziyarət etdiyini, şairin 500 illik yubileyinin Azərbaycanda yüksək səviyyədə qeyd olunduğunu xatırladıb.

Daha sonra professor Sayalı Sadıqovanın “Məhəmməd Füzuli əsərlərinin terminoloji leksikası” mövzusunda məruzəsi dinlənilib. Məruzəçinin sözlərinə görə, şairin yaradıcılığında müxtəlif elm sahələri, o cümlədən ədəbiyyatla bağlı yüzlərlə termin işlənib və həmin terminlərin müəyyən qismi semantik zənginliyi ilə diqqəti cəlb edir.

Konfransda Füzuli yaradıcılığında konsept problemi, şairin anadilli qəzəllərinin dili, onun əsərlərində bədii ifadə vasitələri, başlıqların semantik, funksional və üslubi xüsusiyyətləri haqqında məruzələr dinlənilib.

XQ

Mədəniyyət