Moskva Müslüm Maqomayevi unutmur

post-img

Dünən Rusiya paytaxtında SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsi ehtiramla anılıb.

Dünya şöhrətli estrada və opera müğənnisinin Azərbaycan səfirliyinin yaxınlığında ucalan abidəsinin önünə Azərbaycanın Rusiyadakı Səfirliyi, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və “Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarovun adından əklillər qoyulub.

Dahi müğənninin pərəstişkarlarının toplaşdığı mərasimdə SSRİ Xalq artisti Tamara Sinyavskaya ömür-gün yoldaşı Müslüm Maqomayevin xatirəsinə göstərilən ehtirama görə hər kəsə minnətdarlığını bildirib: “Bilirsiniz ki, Müslümün doğum günündə mən onun vətəninə gedirəm. Onun vətəni təkcə Azərbaycan deyil, həm də özünün də dediyi kimi, Rusiyadır”.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev bildirib ki, Müslüm Maqomayevin səsi və mahnıları bu gün də onun dünyadakı bütün heyranlarının qəlbini riqqətə gətirir, insanları böyük sənətin çevrəsində birləşdirir: “Müslüm Maqomayevin sənəti Azərbaycanı və Rusiyanı birləşdirəcək. Dahi sənətçi bütöv bir epoxadır və biz həmyerlimizlə fəxr edirik”.

“Agalarov development” şirkətinin prezidenti Emin Ağalarov isə qeyd edib ki, Müslüm Maqomayev bütün dövrlərin ən böyük, ən istedadlı müğənnilərindən biri olub: “Müslüm Maqomayevin vəfatından 16 il keçir, lakin mənim şəxsən tanıdığım bu böyük insanın siması getdikcə aydınlaşır. Müxtəlif şəhərlərə qastrol səfərinə gedirəm və onun “Mavi əbədiyyət” mahnısı səslənəndə, ekranda yaraşıqlı, güclü Müslüm Maqomayev görünür və tamaşaçılar onu ayaq üstə qarşılayırlar”.

XQ

Mədəniyyət