İkinci yazı
Mərkəzi Asiyanın ən gözəl şəhərlərindən olan Düşənbəyə səfərim haqqında qələmə almaq istədiyim sətirləri bu əsrarəngiz diyarda qonağı olduğum hotelin adı ilə başlamaq istəyirəm. “İsra” hoteli. Bu sözün müqəddəs dinimizlə bağlı olduğunu bilirdim. Üstəlik, həmin hoteldə fəaliyyətin İslam ədəb-ərkanı, müsəlmançılıq qayda-qanunları ilə idarə edilməsi də məni çox məmnun eləmişdi.
Bakıya qayıdandan sonra isə bu faktla bağlı internetə müraciət elədim. Oxuduğum materiallarda yazılır ki, “İsra” gecə səyahəti deməkdir. Yəni bu söz Məhəmməd peyğəmbərin (s.ə.s.) həyatında hicrətdən əvvəl, Məkkə dövründə baş vermiş məşhur bir hadisə ilə bağlıdır. Məhəmməd peyğəmbər (s.ə.s.) bir gecə Allahın əmri və dəvəti ilə yaşadığı Məkkə şəhərindən əvvəlcə Beytül-müqəddəsə (indki Qüds şəhərinə) səfər etmiş, oradan isə səmaya qaldırılmışdır. Bu səfərin birinci mərhələsi, yəni Məkkədən Beytül-müqəddəsə səfər İsra adlandırılır, oradan səmaya yüksəlişə isə Merac deyirlər.
“Onlar adları tək işlər görərdi”
Ulu Nizaminin bu misrasını səfərin ilk saatlarında dəfələrlə xatırladım. Məni hava limanından hotelə gətirən xeyirxah və səmimi taksi sürücüsünün adı Əli, Düşənbədə daddığım ilk təamları süfrəmə gətirən xanımın adı isə Müqəddəs idi. Bu xanım hotelin qonaqlarına təqdim ediləcək bütün yemək və içəcəkləri (bir neçə çeşiddə çay, kofe, süd, şirin və ya adi sular) özü hazırlamaq və təqdim etməklə yanaşı, bütün masalara yanaşır, hamının tam sərbəst və rahat olmasına çalışırdı.
Müqəddəs Abdukadırova mənim azərbaycanlı olduğumu biləndə soruşdu ki, “İçeri şexer u vas?” Dedim: Bəli. “Bibi-Eybat u vas?”. Dedim: Bəli. “İmamzoda u vas?” – dedim bəli. “İlxom ( onlar a hərflərinin hamısını o kimi işlədirlər –İ.M.) Aliev u vas?” Dedim: Bəli. Dedi: Allah sizi çox sevir”.
Adını həqiqətən doğruldan bu xanım orada olduğum dörd gündə (məndən təxminən 10-15 yaş cavan olsa da) mənə öz övladına baxırmış kimi xidmət elədi.
Dövlət xadiminin adına pul vahidi
Bəlkə də dünyanın başqa ölkələrində də belə fakt var. Amma mən indiyədək rast gəlməmişəm. ABŞ-də, Avropada, Çində, Rusiyada, Türkiyədə çox sayda tanınmış dövlət xadimləri olub. Onların bir çoxunun şəkili dövlət əsklinaslarının üstünə vurulub. Ancaq hansısa dövlətin pul vahidinin Vaşinqton, Çörçill, Pyotr, Osman, Atatürk kimi adlandırıldığını xatırlamıram. Tacikistanda isə, bu, reallıqdır. 2000-ci il oktyabrın 30-dan bəri onların pul vahidinin adı Somonidir. Bu əskinaslar dövriyyəyə buraxılanda bir somoni min tacik rubluna bərabər idi.
Orada eşitdim ki, Düşənbənin baş meydanında da böyük dövlət qurucusu İsmoil Somoninin abidəsi var, hər bir tacikin ürəyində də. Ölkəyə gələn bütün rəsmi qonaqlar da İsmoil Somoninin abidəsini ziyarət edirlər. Məmnunuq ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin meydanı dəfələrlə ziyarət etmişdir. Bundan başqa, hamının cüzdanında da somonilər var. Üstəlik, Pamirin uzun illər “Kommunizm” adlandırılan 7495 metr hündürlükdə olan yüksəkliyi də otuz ildir ki, İsmoil Somoni zirvəsi adlanır. Bu məqamda onu da xatırladaq ki, həmin zirvəni fəth eləmiş azsaylı alpinistlərdən biri də bizim soydaşımız Şirxan Məmmədovdur.
Mən isə həmin meydanda – möhtəşəm abidənin önündə şəkil çəkdirməklə yanaşı, abidənin arxa tərəfindəki xüsusi pyedestal üzərində müxtəlif rəngli mərmərlərdən hazırlanmış “İsmoil Somoninin yaratdığı dövlətin xəritəsi”nin də fotosunu çəkdim. Bu sənət əsəri üfüqi istiqamətdə hazırlandığına görə bəzi tələskən turistlərin nəzərindən yayınır. Azərbaycanlı jurnalistin isə nəzərindən yayınmadı.
Bəs İsmoil Somoni kimdir?
Bildirilir ki, 849-cu ilin aprelində doğulub 24 noyabr 907-ci ildə dünyasını dəyişmiş Əbu İbrahim İsmayıl ibn Əhməd Samani (tacikcə Аbu İbroxim İsmoil ibni Axmadi Somoni) Abbasi xəlifəsi Məmunun dönəmində Fərqanə valilisi olan Əhməd bin Əsədin kiçik oğlu idi. O, Samanilər sülaləsinin birinci əmiri olaraq həmin dövrün ən nüfuzlu hərbi lideri adını qazanmışdı.
Əlavə edək ki, IX əsrin sonlarında İsmoil Somoni Samanilər dövlətini qurub. Maraqlıdır ki, onun Türküstan əsilli olduğunu söyləyən tarixçilər çox olsa da, taciklər bu fikri qəbul etmirlər. Hər halda Samanilər dövrü Tacikistanın inkişaf tarixində xüsusi bir mərhələdir. Yerli ziyalıların fikrincə, həmin dövrü tacik ədəbiyyatının qızıl əsri hesab etmək olar. Çünki o dövrdə məşhur Rudəki və tacik ədəbiyyatının digər nəhəngləri yetişmişdi.
Sonrakı dövrlərdə isə İsmoil Somoninin yaratdığı dövlət müxtəlif işğallara məruz qalmışdı. Hətta, 1905-ci ildə Avropanın o biri başından gəlmiş ingilislər tərəfindən işğal edilmişdi. 1924-cü ildə Sovet Özbəkistanın tərkibində muxtar vilayət statusu almış, 1929-cu ildə isə Tacikistan Sovet Sosialist Respublikası yaradılmışdı.
Düşənbənin səhəri
Bir səhər lap erkən küçəyə çıxdım. Həm sözün həqiqi mənasında hava təmiz və cəlbedici idi, həm də sakitlik adama xoş gəlirdi. 8 nömrəli avtobus və 11 nömrəli trolleybusun dayanacaqlarından biri bizim otelin lap yaxınlığında idi. Avtobusdan düşən ana və uşaqlar diqqətimdən yayınmadı. Bir ana çiynində iki məktəbli çantası aparırdı. Həm ananın özü, həm də ikinci-üçüncü sinifdə oxuduğunu güman elədiyim qızı milli tacik paltarında idi. Ümumiyyətlə, bu şəhərdə yaşı əllidən çox olan kişilərin əksəriyyəti, qadınların isə hamısı (təbii ki, xidmət sahələrində və dövlət qulluğunda çalışanlardan başqa) ənənəvi tacik libasındadırlar.
... Ayni küçəsinin sağ tərəfində “İsra”, sol tərəfində isə “Hilton” hotelləri üz-üzə dayanıblar.” Buradakı “dayanıblar” ifadəsi təsadüfi deyil. Belə ki, “İsra” Şərqi, “Hilton” isə Qərbi təmsil edir. Ancaq “Hilton”dakılar da yerli ədəb-ərkana yüksək səviyyədə əməl edirlər. Xatırladım ki, Düşənbədə turist az deyil. Ancaq burada başqa şəhərlərdə olduğu kimi, açıq-saçıq geyinmiş qadın və ya “şortikdə” gəzən kişi görmədim. Sərxoş da yoxdur, şalvarı didik-didik, dizdən yuxarısı cırıq-cırıq olan qızlar da.
“Xalq qəzeti”ndən “Xalq qəzeti”nə
Düşündüm ki, Düşənbəyə gəlib, bu gözəl şəhərdəki həmkarlarımızla görüşmədən qayıtmaq o qədər də yaxşı olmaz. Əvvəlcədən də bilirdim ki, burada da “Xalq qəzeti” adlı mətbu orqanı var. Ancaq Prezidentin İcra Aparatı nəzdində fəaliyyət göstərən bu qəzet rus dilində nəşr olunur. Milli Dövlət Kitabxanasında olanda “Narodnaya qazeta”nın ünvanını soruşdum. “Ozodii Şark” (Azad Şərq) nəşriyyat evinin yeddinci mərtəbəsinə gedin, – dedilər. Sədi Şirazi küçəsi 16 ünvandakı həmin nəşriyyata getdim.
Xatırladım ki, ötən əsrin yetmişinci illərində tikilmiş bu nəşriyyat evi eynilə bizim “Azərbaycan” nəşriyyatı kimi şəhər mərkəzindən xeyli aralıda inşa edilmişdir və bina eynilə bizim nəşriyyata oxşayır. Düşənbənin hər addımında möcüzəyə bənzəyən tərəqqi, inkişaf olsa da, nəşriyyatın binasındakı liftlər, demək olar ki, binanın yaşıdıdır.
“Narodnaya qazeta”nın baş redaktor müavini Norqis Boyoxmedova ilə xeyli söhbət elədik. Məlum oldu ki, bu il Düşənbədəki adaşımızın – “Narodnaya qazeta”nın 100 yaşı tamam olur. Norqis xanım həm tirajın azlığından danışdı, həm də oxucu kasadlığından. Amma bu qeyrətli tacik qızı ölkəsinin hərtərəfli inkişafından sidq ürəklə söz açdı. İnandığını söylədi ki, Tacikistanın daha möhtəşəm günləri hələ qabaqdadır: “Çünki dövlət başçısı bu ölkəni inanılmaz bir tərəqqi relsi üzərinə çıxarmışdır”.
“Mən tarixi qınayanları qınayıram”
Şirinşox Amirsoyevlə “Novruz” Kütləvi Tədbirlər Mərkəzinin qarşısındakı parkda görüşdüm. Sovet dönəmində milis sistemində işləmişdir. İndi istefada olan mayordur. Bütün yaşlılar kimi, o da söhbətcildir və daha çox xatirələrini danışır. Sovet dönəmi ilə bağlı dediyi fikirlərin bəziləri ilə razılaşmadığımı deyəndə “cin atına mindi”. “Nə üçün razılaşmırsan? Sovet hökuməti Heydər Əliyev kimi siyasət nəhəngini yetişdirməsəydi, doxsanıncı illərdə sizə qarşı başlanmış işğalçı müharibəni kim dayandıracaqdı? O vaxt sizə düşmənlik edən tək deyildi. Yaxud indiki Prezidentiniz İlham Əliyev sovet dönəminin ali diplomatiya təhsilini almasaydı, işğaldakı torpaqlarınızı kim azad edəcəkdi? Ona görə də yaşadığımız tarixi qınamayın, ondan dərs alın. Şəxsən mən, tarixi qınayanları qınayıram”.
Düşənbədə hansı bina daha gözəldir
O sual mənə ünvanlansa, dəqiq cavab verə bilmərəm. Çünki Prezident Administrasiyasının binası da möhtəşəmdir, parlamentin binası da, Milli Dövlət Kitabxanasının kompleksi də, “Novruz” sarayı (onlar bu mədəni tədbirlər kompleksini “Novruz KOX” adlandırırlar) da və bu kimi digər onlarca bina da. Amma son illərdə tacik sahibkarların sərmayəsi hesabına ərsəyə gəlmiş “Novruz KOX” daha möhtəşəm görünür. 2019-cu ildə bu saray Şanxay Əməkdaşlıq Təşkilatının səkkiz müasir möcüzəsindən biri kimi qəbul edilib. Üstəlik, dünyanın ən böyük saraylarından biri kimi tanınır. Tacikistanın isə ən çox turist cəlb edən ünvanıdır.
Turistlər buradakı “Didar”, “Arjanq”, “Gülüstan” və “Zərəndud” zallarının hansına daxil olsalar, “bu zal daha gözəldir” deyirlər. İsmoil Somoni (keçmiş Putovski) prospektində, Mərkəzi Respublika Stadionunun yanında, Qulu Covonon parkı ilə yanaşı inşa edilən 50 metr hündürlükdə olan bu memarlıq incisinin baş memarı Somidcon Oziziyondur.
5 mərtəbəni və 40 min kvadratmetr sahəni əhatə edən saray bütünlüklə yerli materialdan və tacik ustalarının əli ilə inşa edilib. Buradakı “Zərəndud” zalı daha füsunkardır. Zalın daxili hündürlüyü 38 metrdir. O hündürlükdə olan tavandan yeddi tona yaxın (6700 kiloqram) ağırlığında nəhəng çilçıraq asılıb. Çilçıraqda 1600 işıq var. 16 sütunun hamısı təmiz qızılla bəzədilmişdir.
Etnoqrafiya muzeyində
Maraqlı məqam idi. “Tacikistan etnoqrafiyası” adlı muzeyə daxil olanda elə bildim ki, hansısa şəxsi evə girdim. Elə muzeyin direktoru Tutunisə Oşurmodovanın özü də, iş otağı da həmin təəssüratımı artırırdı.
Xatırladım ki, 1949-cu ildə Tacikistan Elmlər Akademiyasının Tarix, Dil və Ədəbiyyat İnstitutunun tarix sektorunun bazasında yaradılmış bu muzeyin hazırda 11 mindən çox eksponatı var. Həmin eksponatlar tacik xalqının və Tacikistanda yaşayan azsaylı xalqların tarixini, məişətini, ənənələrini, maddi və mənəvi mədəniyyətinin bütün sahələrini özündə əks etdirir.
Çinarlara boy verməyən palıdlar
Çox şəhərlərdə olmuşam. Ancaq heç bir şəhərdə bu qədər çinar (taciklər də ona çinar deyirlər), palıd və cökə ağacı görə bilməmişdim. Həm park və bağların çox olduğuna görə ağac bolluğudur, həm də parklardan kənarda – küçə və prospektlər boyu yüz minlərlə çinar əkilib. Mən Qəbələdə palıdların çinar hündürlüyünə çatdığını görməmişdim. Düşənbədə isə palıdlar çinarlara boy vermir. Hava limanına gedən yolun kənarı da belədir, sovet dönəmində salınmış Xalqlar dostluğu küçəsinin səkiləri də. Maraqlıdır ki, bu küçənin bir tərəfi o qədər də uca olmayan dağa doğru gedir.
Yeri gəlmişkən, keçmiş “Komsomol” parkının yerində yaradılmış nəhəng süni göl (gölün suyu dağ çaylarından gəldiyinə görə daim lillidir) ətrafında salınmış yaşıllıqların ucu-bucağı görünmür. Etiraf edim ki, oradakı onlarca ağac növünü ilk dəfə görürdüm. Yeri gəlmişkən, orada turistlər daha çox idi.
... Nə isə, Düşənbədə hayana baxırsansa yenilik, müasirləşmə və inkişaf görünür. Modernləşməyən isə tacik xalqının ənənəsi, xarakteri və xarici görünüşü – yəni libasıdır. Mən uşaqlıq və gənclik illərimdə onlar haqqında nə oxumuşdumsa, nələri eşitmişdimsə, hamısının canlı şahidinə çevrildim. Bu sətirləri xalqımızın sədaqətli dostu olan taciklərə daimi xoşbəxtlik və daha böyük uğurlar arzusu ilə tamamlayıram.
İttifaq MİRZƏBƏYLİ
Bakı – Düşənbə – Bakı