Bir tərəfin bəhri – Xəzər...

post-img

Ölkəmizin su sərhədləri də etibarlı qorunur

Bu il oktyabrın 24-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti ərazisinə mediatur təşkil edilib. Tədbirə qatılan qonaqlar əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər, önünə güllər düzdülər.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə konfrans zalında iştirakçılara sahil mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyəti, eləcə də suveren ərazi sularımızın təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş tədbirlər barədə geniş məlumat verib.

Qeyd edib ki, Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Ulu öndər “Vətən sərhəddən başlayır!” ifadəsini hər dəfə böyük qürurla söyləyirdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində isə bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyevin 2005-ci il fevralın 18-də imzaladığı Fərmanla Sərhəd Gözətçi Gəmilər Dəstəsinin əsasında Sahil Mühafizəsi yaradılıb. Bununla da, dəniz sərhədlərinin etibarlı mühafizəsi, eləcə də Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması üçün daha geniş imkanlar yaranıb. Ardınca sahil mühafizəsinin maddi-texniki bazasının yaradılması, dənizdə sərhəd nəzarətinin təkmilləşdirilməsi üçün kompleks işlər görülüb. Hazırda Sahil Mühafizəsinin sərhəd gəmiləri və digər döyüş texnikaları daim döyüşə hazır olmaqla, istənilən çağırışa çevik reaksiya göstərmək imkanına malikdir.

General-leytenant 2024-cü il dövlət sərhədlərinin mühafizəsi istiqamətində görülən işlərdən, əldə edilən uğurlardan danışıb. Bildirilib ki, zabit heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində praktiki vərdişlərin artırılması, neft-qaz platformaları, neft kəmərlərinin mühafizəsi zamanı yaranmış təhdidlərin dəf edilməsi və digər məsələlərlə bağlı hər il geniş təlimlər keçirilir.

Sonra Sahil Mühafizəsi xidmətinin tarixini və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Baş Komanda İdarəetmə Mərkəzində radar texniki müşahidə məntəqəsinin fəaliyyəti ilə tanışlıq media nümayəndələri üçün xüsusilə maraqlı olub. Məlumat verilib ki, sərhəd pozucularının ölkəmizə daxil olmasının tam qarşısını almaq üçün bütün vasitələrdən istifadə edilir. Məntəqələrdə olan sərhədçilər ərazi sularına daxil olan tanınmayan hədəfləri, yaxud təyin olunmamış yerdən icazəsiz üzmə vasitələrini aşkarladıqda, müvafiq orqan və bölmələrə ötürürlər.

Sahil Mühafizəsi Muzeyinə tur da xoş təəssüratlar doğurub. Müxtəlif eksponatlarla zəngin olan muzeydə ayrı-ayrı dövrlərdə dənizçilərin geyimləri, raket kompleksi, hidrokostyumlar, o cümlədən DSX əməkdaşlarının təltifləri nümayiş etdirilir. Muzeyin ən qədim eksponatı 1800-cü illərə aid olan sekstantdır. Məlumat verilib ki, qədim zamanlarda, naviqasiyanın olmadığı dövrlərdə onun vasitəsilə gəminin yerini müəyyən edirmişlər.

Təlim-Tədris Mərkəzi ilə tanışlıq zamanı rabitə, şturman və digər sinif otaqlarında şəxsi heyətə keçirilən dərslər də izlənilib. Daha sonra jurnalistlər Heydər Əliyev İdeoloji Mərkəzinə baş çəkiblər.

Mediatur “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə “Şahdəniz” yatağı istiqamətinə səfərlər və digər maraqlı tədbirlərlə davam edib.

Sonda bildirək ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin fəaliyyəti ilə əyani tanışlıq mediatur iştirakçıları, eləcə də “XQ”-nin əməkdaşlarında xoş təəssüratlar yaradıb.

Leyla QURBANOVA,
Cavid QAÇAYEV (foto)
XQ



Sosial həyat