Dünya cazmenləri Azərbaycan səhnəsində

post-img

Oktyabrın 17-dən başlanan festivala 11 ölkədən olan ünlü sənətçilər qatılıblar. Cazın xoş əks-sədaları Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, “Jolly Joker” konsert meydançası və ADA Universitetindən gəlir. Dünya virtuozları öz məharətlərini həvəslə göstərir, seyrçilərdə zəngin təəssürat yaradırlar. Bütün bunlarsa ona dəlalət edir ki, bizim ölkəmizdə də caz musiqisi çox məşhurdur.

Artıq bir həftədir ki, Bakıda ənənəvi caz, etno-caz, bossa nova, caz-rok kimi üslublarda konsertlər, həmçinin görüşlər, sərgi və ustad dərsləri anşlaqla keçir, təqdimatlar maraqla qarşılanır. Bayramın əsas təşkilatçıları Rain Sultanov və Leyla Əfəndiyevadır.

Bayramda birinci çıxış etmək görkəmli braziliyalı bəstəkar və multiinstrumentalçı Munir Hossna müyəssər oldu. O, Azərbaycana gəlməsinə və caz festivalının açılışını etməsinə görə sevindiyini bildirdi, dəvətə və səmimi qəbula görə təşkilatçılara təşəkkür etdi. Onunla birlikdə ELAS qadın qrupunun çıxışı hamılıqla bəyənildi.

Növbəti gün Beynəlxalq Muğam Mərkəzində İsveçin ən yaxşı pianoçularından olan Mattias Nilssonun konserti oldu. İsveç Krallığının ölkəmizdəki səfiri Tobias Lorentzson çıxış edərək, elə tədbirlər həm də dostları bir araya gətirdiyini və səfirliyin hər zaman bu festivala dəstək olduğunu söylədi. Sonra dünyanın 36 ölkəsində 2 mindən çox konsert vermiş Mattias Nilson piano arxasına keçərək ən səmimi və qəlboxşayan, orijinal musiqilərini səsləndirdi.

Festivalının iştirakçıları arasında almaniyalı və norveçli musiqiçilərdən ibarət “Simin Tander Trio”su da var. Qrup Beynəlxalq Muğam Mərkəzinin səhnəsində parlaq çıxışı ilə yadda qaldı. Trionun (Simin Tander – vokal, Olav Torget – gitara, Jonas Torget – truba) ifasında caz kompozisiyaları ecazkar təsir bağışlayıb. Konsertin sonunda qrupun “Ay Laçın” Azərbaycan mahnısını ifa etməsi alqışlarla müşayiət olunub.

Xəyalı qanadlandıran bu dogma musiqi nələri yada salmadı! 28 il yarımlıq erməni işğalından azad olunub məskunlaşdırılan, gələn il üçün MDB-nin mədəniyyət paytaxtı seçilən Laçının ecazkar təbiəti, unudulmaz Niyazinin, Tofiq Quliyevin, Rafiq Babayevin özəl mahnı və kompozisiyaları, Vaqif Mustafazadənin, Tofiq Əhmədovun heyrətamiz variasiyaları…

Gözəl ifalarından sonra almaniyalı sənətçi Simin Tander ürək sözlərini belə ifadə etdi: “Bu, mənim Azərbaycana 2-ci səfərimdir. İlk dəfə 2022-ci ildə Rain Sultanovun dəvəti ilə burada çıxış etmişəm. Bakını çox bəyənirəm. Festivalın çox yaxşı ab-havası var, təşkilatçılıq mükəmməldir. Azərbaycanlı həmkarlarım əla musiqiçilərdir. Çox gözəldir ki, belə zəngin mədəniyyətə və yaxşı qorunan ənənələrə malik bir ölkədə müasir musiqinin təqdim olunduğu Bakı Caz Festivalı kimi festivallar keçirilir”.

Konsert günü BMM-in foyesində rəssam Cəmilə Hacı-Səmədzadənin “İpək üzərində caz” adlı qurama sərgisi də nümayiş etdirilirdi. Müəllif əl işləri barədə dedi: “Bir neçə aydan bəri xüsusi olaraq caz festivalı üçün əsərlər hazırlamışam. Caz həmişə yaradıcı peşə sahiblərini ruhlandırır. Panelimdə caz triosunu təsvir etmək qərarına gəldim. Caz təkcə musiqi deyil, həm də azadlıq sevgisidir. Material qismində ipəyi seçməyim əbəs yerə deyildi. Bizim bəşəri musiqi ruhumuzun cərəyanı olan caz kimi ipək də axır. Onlar birlikdə çox ahəngdar görünür”.

Ertəsi gün Azərbaycan Milli Konservatoriyasında Moldovadan olan musiqiçilərin çıxışları təqdim edildi. Vali Boghean Bandın orijinal improvizasiyaları caz həvəskarlarına, sözün əsl mənasında, böyük enerji bəxş elədi. Musiqi qrupu Balkan cazının, Avropanın etno-Şərq və klassik elementlərinin birləşməsindən ibarət olmaqla hər biri özünəməxsus müasir üslubda olan maraqlı proqramla dinləyicilərin könlünü oxşadı.

Dünən “Fairmont hotel”də yerləşən Caz-klubda Mədinə Sultan və italyan Lusi-Zanchini Masciari triosu çıxış etdi. İtalyan musiqiçilər “GONE” albomlarında yer alan kompozisiyaları səsləndirdilər. İki il əvvəl buraxılmış albom ötən müddətdə musiqisevərlər tərəfindən maraqla qarşılanır.

Festival haqqında təəssüratlar da zəngindir. Musiqişünas, professor Zümrüd Dadaşova dedi:

– İstənilən festivalın keçirilməsi böyük bayramdır. Digər tərəfdən, bu, genişmiqyaslı fəaliyyət deməkdir. Azərbaycanda festivalların zəngin ənənəsi var. Bu caz festivalı sayca 19-cudur və sevindirici mədəniyyət hadisəsidir. Azərbaycanda parlaq caz musiqiçiləri və bu musiqi janrını sevən çox gözəl dinləyicilər var. Zənnimcə, bu festival parlaq panoram yaradır. Çünki caz da musiqi mədəniyyətimizin üzvi və ayrılmaz hissəsidir. Bu ahəng mənbəyi, ritm kəskinliyi, müəyyən dərəcədə sərbəstlik temperamentimizə, improvizasiya həvəsimizə çox yaxındır. İmprovizasiya ruhu Şərq və Qərb musiqi mədəniyyətinin iki parlaq təzahürünü – muğam və cazı birləşdirən amildir.

“Baku Piano Festival”ın direktoru Şahin Növrəsli:

– Hər hansı bir yaxşı festivalın ölkəmiz üçün böyük əhəmiyyəti var. Populyar musiqiçilər gəlir, yaxşı proqramla çıxış edirlər və əlavə olaraq, bir çox maraqlı tədbirlər də təşkil edilir. Bakı Caz Festivalı dünyanın ən yaxşı və ən nüfuzlu caz festivalları sırasında yer alır. Hər payız mövsümündə caz həvəskarları bu tədbiri səbirsizliklə gözləyirlər.

Aparıcı, müğənni Tofiq Həsənsoy:

– Bakı hələ SSRİ dövründə caz şəhəri olub və 1967-ci ildən burada caz festivalları keçirilir. O zaman onların ömrü qısa idi. Bununla belə, Bakı Caz Festivalı uzun illərdir Bakıda caz ənənələrini qoruyub saxlayan və bu musiqi üslubunu sevənləri – müstəqil Azərbaycanda həm şəhərimizin sakinlərini, həm də qonaqları sevindirən ən uzun festivala çevrildi.

Azərbaycan cazı inkişaf edir. Musiqiçilərimiz bir çox dünya festivallarında Azərbaycan cazını təmsil edirlər. Azərbaycan cazının özünəməxsus üslubu var - bu, caz ənənələrinin milli elementlərlə sintezidir. Bu gün caz musiqiçilərimiz, əsasən də pianoçular Azərbaycan cazını dünya səhnələrində uğurla təbliğ edirlər. İstərdim ki, şəhərimizdə caz konsertləri, cem seansları, müxtəlif festivallar və tədbirlərə evsahibliyi edəcək çoxlu caz klubları, həmçinin ayrıca caz kolleci və caz orkestri olsun.

Qeyd edək ki, 19-cu Bakı Caz Festivalı oktyabrın 27-də başa çatacaq.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət