İlyas Əfəndiyev – 110
XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbir, həmçinin “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan “İlyas Əfəndiyev. Biblioqrafiya” kitabının və elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov mərasimi açaraq deyib ki, İlyas Əfəndiyev ölkə ədəbiyyatında öz yolu olan nadir şəxsiyyətlərdəndir. Onun yaratdığı ədəbi və dram məktəbi bir örnəkdir, Azərbaycan teatrları öz mövsümlərini İlyas Əfəndiyevin əsərləri ilə açır. Natiq vurğulayıb ki, yazıçının əsərləri aktuallığını daim qoruyub saxlayır. Təsadüfi deyil ki, kitabxana tərəfindən “İlyas Əfəndiyev. Biblioqrafiya” kitabı 2-ci dəfə təkmilləşdirilərək tərtib edilib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov İlyas Əfəndiyevə həsr edilən biblioqrafiya kitabının nəşr olunmasını onu sevənlər, əsərlərini oxuyanlar, bu əsərlərlə böyüyən nəsillər üçün çox maraqlı və aktual hadisə olduğunu deyib. O, İ.Əfəndiyev yaradıcılığında böyük yer tutan önəmli, taleyüklü məsələlərin ortaya qoyulmasının, xüsusilə Qarabağla sıx bağlı olan “Xurşidbanu Natəvan”, “Hökmdar və qızı” kimi əsərlərin yazılmasının Xalq yazıçısının dühasının, cəsarətinin göstəricisi olduğunu diqqətə çatdırıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu biblioqrafiya kitablarının xüsusilə tarix üçün çox vacib sənəd və sənədlər toplusu olduğunu qeyd edib. Peşəkar olaraq maraqlananlara elmi işlər yazmaq, tədqiqat aparmaq, böyük şəxslər haqqında fikir söyləmək üçün biblioqrafiya kitablarının böyük rolu olduğunu söyləyib. Yaradıcılığından başqa, Azərbaycan ailəsinin başçısı olaraq xalqımıza gözəl insanlar bəxş edən İlyas Əfəndiyevin təvazökar insan olduğunu bildirib.
Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyev haqqında danışmağın Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, hətta siyasətinin böyük bir dövrü haqqında danışmaq demək olduğunu vurğulayıb. Deyib ki, İlyas Əfəndiyev maraqlı şəxsiyyət olub.
Akademik Muxtar Kazımoğlu Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlıdan sonra İlyas Əfəndiyevdən başqa ikinci bir böyük dramaturqun olmadığını söyləyib. O, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafının İlyas Əfəndiyevin dram əsərləri ilə bağlı olduğunu qeyd edib.
Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov çıxışı zamanı İlyas Əfəndiyev yaradıcılığının bir xəzinə olduğunu “İlyas Əfəndiyev. Biblioqrafiya” kitabının isə bu xəzinənin qızıl açarı olduğunu söyləyib.
Xalq yazıçısı Elmira Axundova, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov İlyas Əfəndiyevin təkcə Azərbaycan nəsrində deyil, həm də teatr sənətinin müasir simasının formalaşmasında, eləcə də ölməz səhnə əsərlərinin bir neçə aktyor və rejissor nəslinin yetişməsində əhəmiyyətli rol oynadığını vurğulayıblar. Ədibin əsərlərinin dünyanın onlarla ölkəsində müxtəlif dillərə tərcümə olunduğu qeyd edilib.
Sonda çıxış edən Xalq yazıçısı Elçin Əfəndiyev Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, çıxışçılara dərin minnətdarlığını bildirdib. O, İlyas Əfəndiyevin daim ədəbiyyata xidmət edən yazıçı kimi həmişə oxucuları ilə bir yerdə olduğunu söyləyib.
Sonra tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “İlyas Əfəndiyev” elektron məlumat bazası ilə tanış olublar.
Qeyd edək ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər İlyas Əfəndiyev haqqında”, “İlyas Əfəndiyev düşüncələrindən sətirlər”, “İlyas Əfəndiyev Dünya Milli və Universitet Kitabxanalarında”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya”, “Videoqalereya” və s. özündə əks etdirən materiallar tam mətnləri ilə nümayiş olunur.
XQ