Bugünlərdə “Everest” nəşriyyatında AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçmələrin seçməsi – qranulalar” adlı kitabı işıq üzü görüb.
Müəllif özü fikir cövhərləri barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar, qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, Kamal Abdullanın bir neçə cövhər–qranulasını oxucuların diqqətinə çatdırırıq:
Yağışlar yağar Allaha sarı,
Yağışlar yağar dərgaha sarı,
Yağışlar yağar üzüyuxarı
Üzüaşağı yağmaz yağışlar.
***
Anar nəsrinin doğmalığı Bakı küçələrinin hər tinində, az qala, yaddan çıxmaq istəyən, amma heç cür yaddan çıxmayan xatirələrin doğmalığıdır.
***
Dədə Qorqud: “Ol qızın üç canavər qalınlığı, qaftanlığı vardı.” Qanturalı Sarı donlu Selcan xatuna yetişmək üçün üç vəhşi heyvana qalib gəlməli idi. Vüsala bundan sonra yetişmək, qaftanları bir-bir çıxarmaq mümkün olardı. Azərbaycan ədəbiyyatının ən parlaq metaforası!
***
Vaxt gələcək ağrımız örtüləcək çiçəklə,
Bütün yaralarımız yenidən bitişəcək.
Hər şey qurtaracaqdır xoşbəxt bir gələcəklə
- Soldu nar çiçəkləri, indi nar yetişəcək.
***
“Kitabi-Dədə Qorqud”da Bəkil oğlu İmranın həlak etmək istədiyi kafir ondan soruşur: “Yigit, aman. Sizin dinə nə derlər? Dininə girdim”. Yaxud başqa bir boyda Uruz yaxınlaşmaqda olan yağı barədə atasına sual edir: “Yağı nəyə derlər, baba?” Yenə də bir başqa boyda Dəli Domrul Əzrayıla sorur: “Ya bəs can verən, can alan Allah taalamıdır?” Bütün bu “sadəlövh suallar” bu gün, ən azından, təbəssüm doğursa da, əslində, hadisələrin cərəyan etdiyi vaxtın çox uzaq qədimliyə aid olduğunu göstərir. Belə ki, bu suallar yarandıqları vaxt müstəqim şəkildə verilir və anlaşılırdı.
***
Qəti hökmlərə ehtiyatla yanaşmaq lazımdır. Onların gözlənilməz keçmişləri ola bilər.
***
Ciddi arxeoloqlar deyir ki, Şliman, əslində, Troyanı yox, tapmaq istədiyini, yəni arzu etdiyini tapmışdır.
XQ