Azərbaycanlı alimlər Macarıstanın Eger şəhərində təşkil olunan Dünya Radiasiya Kimyaçılarının Zirvə Toplantısında iştirak ediblər.
Yarım əsrdən çoxdur ki, hər 4 ildən bir Macarıstanda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə keçirilən bu simpoziumda 40-a qədər ölkədən – ABŞ, Kanada, Yaponiya, Niderland, Avstriya, Rusiya və digər ölkələrdən gəlmiş alimlərin 82 məruzəsi dinlənilib. Azərbaycanı bu mötəbər məclisdə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nüvə tədqiqatları departamentinin şöbə müdiri Zaur Xəlilov təmsil ediblər.
İslam Mustafayevin “Azkarbonlu radiasiya-kimyəvi proseslər” adlı plenar məruzəsi onun rəhbərlik etdiyi institutda son 40 ildə aparılmış tədqiqatların nəticələrinə həsr olunub. Azərbaycan aliminin çıxışı simpozium iştirakçılarının böyük marağına səbəb olub. Həmyerlimiz çoxsaylı sualları da ətraflı cavablandırıb.
XQ