Keçəni əsərə çevirən rəssam

post-img

O, işini sevə-sevə görür. Peşəkarcasına yanaşdığı sənət növlərinin hamısının mayası hobbidən yoğrulub. Sənəti haqqında danışanda üzü-gözü gülür, həlim simasına nur qonur. Həmsöhbətimiz Sumqayıtın incəsənət aləmində hamının yaxşı tanıdığı keçəçi-rəssam və dizayner Günel Hüseynovadır.

Söhbətimiz zamanı o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsini, sonralar magistraturasını yaxşı qiymətlərlə bitirdiyini bildirdi. Günel hələ uşaq yaşlardan dekorativ tətbiqi sənətin bəzi növləri – toxuculuq, xalçaçılıq, muncuq işi və s. ilə məşğul olub, akademiyada oxuyarkən isə biliklərini daha da təkmilləşdirib və sevdiyi sənətin başqa növlərini də öyrənməyə fürsət tapıb:

– Akademiyanı bitirdikdən sonra bu sahə ilə daha peşəkar səviyyədə məşğul olmaq qərarına gəldim. Köklərimə bağlı olduğum üçün milli dəyərlərimizə çox önəm verirəm. Araşdırmalar apararkən təsadüfən qarşıma keçə sənəti haqqında məlumat çıxdı və bu, mənə çox maraqli gəldi. Daha dərindən maraqlananda bunun unudulmuş sənət növü olduğunu gördüm və başqa bir tərzdə yenidən tanıtmaq istədim. Bu, mənim üçün bir tapıntı oldu əslində. Başladım müxtəlif tərzdə, daha geniş səkildə, daha fərqli üslubda işləməyə.

Bəli yaradıcılıq psixologiyasının əsasını təşkil edən də elə novatorluq, daimi axtarış, yeniləşmə tələb edən fəaliyyətdir. Bütün bunlar inkişafın daim qaynayan çeşməsidir. Günel də incəsənəti insanın mənəvi aləminin, onun həyata bədii estetik münasibətinin ifadəsi sayır. Əl işləri ilə tanış olduqca bir daha gördük ki, xoş ahəngli rənglərin bir-birini təqib etdiyi kompozisiyalar onun özəl yaradıcılıq üslubundan, düşüncəsindən, kövrək duyğularından xəbər verir. Rəssamın hazırladığı sənət əsərləri sadə, lakin təsirli kompozisiya quruluşuna əsaslanır. Onun işlətdiyi rənglər səssiz və istidir.

Yaratdığı əsərlərdə milli motivlərdən istifadəyə üstünlük verən, müasirliklə tarixiliyi özündə birləşdirən yeni əsərlər yaratmağa çalışan keçəçi rəssam və dizayner Günel Hüseynova Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətini də davam etdirir.

Ə.RZAYEVA

Mədəniyyət