Kino milli varlığımızın sənətdə canlı təcəssümüdür

post-img

Müsahibimiz Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.

Onunla görüşümüz mülayim və günəşli payız gününə təsadüf etdi. İllərin peşə vərdişinə baxmayaraq, içimdə bir həyəcan vardı. Lakin elə ilk anlardan söhbətimiz xoş əhval üzərində kökləndi, o, səmimi, şux zarafatlarıyla həyəcanımı sovuşdurdu. Onun ətrafında həmişə bir doğmalıq, səmimiyyət haləsi dolaşır ki, bu da sənətkarla ünsiyyəti asanlaşdırır.

– Xoş gördük, Rasim müəllim. Mən bu gün sizinlə müsahibəyə gələndə təsadüfən Andrey Tarkovskinin müsahibələrindən birilə rastlaşdım. Rejissor həmin müsahibəsində deyir ki, “kino bizim erada ölkənin mədəni səviyyəsinin barometridir”. Sizcə, Azərbaycan kinosu cəmiyyətimizdə barometr ola bilirmi?

– Təəssüf ki, bu suala müsbət cavab verə bilməyəcəyəm. Bilirsiniz, kinomuzun zəifləməsinin müxtəlif səbəbləri var. Biz bir ictimai formasiyadan başqa bir ictimai formasiyaya keçdik, sovet kino strukturu, demək olar ki, dağıldı və yenisi yaranmadı. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, kino sahəsində də müəyyən problemlər yarandı, müharibə, keçid dövrünün çətinlikləri sənəti bir qədər arxa plana atdı. Təsəvvür edin, demək olar ki, 6 il heç bir film çəkilmədi. Halbuki əvvəllər ilə səkkiz film çəkilirdi. Nəsildən-nəslə ötürülən estafet sanki qırıldı.

“Azərbaycanfilm” kinostudiyasında vaxtilə 1200 adam çalışırdı, o adamlar maddi çətinliklər ucbatından hərəsi bir tərəfə getdi və beləliklə, struktur çökdü. Biz vaxtında o strukturu saxlaya bilmədik, ona görə də bu gün əziyyət çəkirik. Bilirsiniz ki, Qarabağ problemi bir yara kimi həmişə bizi ağrıdırdı. Şükürlər olsun, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə biz düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdik.

Bu gün Qarabağımız yenidən dirçəlir, o yerlərə həyat qayıdır. Dövlətimiz bu işlərlə məşğuldur. Bununla yanaşı, mədəniyyət sahəsi də inkişaf etməkdədir. Mən cənab Prezidentlə görüşərkən o, dedi ki, kinonun inkişafı üçün nə lazımdırsa, biz edəcəyik. Bizim də üzərimizə düşən vəzifə Zəfərimizi özündə əks etdirən filmlər ərsəyə gətirməkdir. Sənət adamlarının üzərinə bu baxımdan böyük məsuliyyət düşür.

Kino sahəsində müəyyən qədər dirçəlmə başlayıb, buzlar əriyir. Amma vəziyyətin düzəlməsi üçün zamana ehtiyac var. Mədəniyyət Nazirliyində Kino Agentliyi yaranıb, onların fəaliyyətilə bağlı xoş xəbərlər eşidirik. Deyirlər ki, çox yaxşı ssenarilər var və bu ssenarilər ekranlaşdırılacaq. Belə düşünürəm ki, artıq kinonun tənəzzül dövrü geridə qalıb. Bizim ali məqsədimiz Azərbaycan kinosunu yeni yola çıxarmaq, Azərbaycan tamaşaçılarını yenidən kinoteatra qaytarmaqdır. Tədricən işlər qaydasına düşməyə başlayır. Bu da bizi sevindirir.

Xoşbəxtlikdən, hörmətli mədəniyyət nazirimiz Adil Kərimlinin Azərbaycan kinosuna xüsusi hörməti və məhəbbəti var. Sizin sualınıza qayıdıram, kino elə bir sahədir ki, ona məhəbbətin, sevgin olmasa, o heç vaxt barometrə çevrilə bilməz. Şükür ki, bu sahəyə rəhbərlik edən adamların kinoya böyük sevgisi var. Mən özüm də çox tələsirəm. İstəyirəm ki, kinomuzun yenidən dirçəlməsini və inkişafını görüm.

– Bəs Azərbaycan Kinematoqrafçılar İttifaqı bu sahədə hansı işləri görür?

– Bizim İdarə Heyətimiz, katibliyimiz var. Biz birbaşa film sifarişçisi deyilik. Amma Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə tövsiyə xarakterli təkliflər edə bilərik və edirik. Bax, bizim aramızda belə bir ümumi işbirliyi var. Gənc və istedadlı rejissorlar üçün şərait yaradılmasına çalışırıq ki, onlar özlərini göstərə bilsinlər, bununla da yeni və tamaşaçını razı salan sanballı filmlər çəkilsin. Təhsil alan hər bir rejissora özünü ifadə edə bilməsi üçün meydan lazımdır ki, o, öz imkanlarını realizə edə bilsin. İttifaqın nizamnaməsi var və biz də o nizamnaməyə uyğun olaraq fəaliyyət göstəririk.

– Bugünlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı kinonun inkişafı üçün Dövlət proqramının qəbul edilməsi ilə bağlı bəyanat yaydı. Bu bəyanat aidiyyəti qurumlara ünvanlanmışdı və onları bu sahədə işbirliyinə çağırırdı. Reaksiyalar oldumu?

– Bilirsiniz, sovet dönəmində rejissor filmi təhvil verdikdən sonra maaşından əlavə 7 min rubl qonorar alırdı. Sovetlər ölkəsinin böyük kino prokatı vardı. Ən zəif film belə maliyyə xərcini çıxara bilirdi. İndi bu sistem də işlək deyil. Bu gün rejissora çox cüzi miqdarda qonorar verilir ki, bu da onu heç cür qane edə bilməz. Təkcə maliyyə məsələsi deyil, bir sıra problemlər var ki, aradan qalxmalıdır, kino mexanizmi bu günün tələblərinə cavab verməlidir. Elə etmək lazımdır ki, nə ssenaristin, nə rejissorun, nə operatorun, nə də bu sahədə çalışan hansısa bir işçinin hüquqları tapdanmasın. Onlar normal qonorar müqabilində çalışmalıdırlar ki, ortaya keyfiyyətli iş qoya bilsinlər. Çox xoşdur ki, dövlətimiz kinoya xüsusi diqqət ayırır. Mən inanıram ki, bu diqqət və qayğı sayəsində yeni gələn nəsil Azərbaycan kinosunun dirçəlməsinə və inkişafına nail olacaq.

– Rasim müəllim, son dövrlər bəzi filmlər ortaya çıxdı ki, həmin filmlərdəki aşırı dərəcədə açıq-saçıqlıq, vulqarizm nümunələri müəyyən narazılıq doğurdu. Siz də etirazınızı bildirmişdiniz. Necə düşünürsünüz, bu üsul kino estetikasına nə dərəcədə uyğundur?

– Sizə bir məsələni deyim. Sovet dövründə bir senzura vardı, bəzən biz o senzuradan şikayət edirdik. Amma bu gün elə hallarla rastlaşırıq ki, mən düşünürəm, yox, senzura olsun. Milli mentalitetimizə uyğun olmayan nələrinsə ekrana gətirilməsi yolverilməzdir. Ümumiyyətlə, sənət bir ibrət məktəbidir. Yazıçı elə əsər yazmalıdır ki, oxucu o əsəri oxuyub mənən zənginləşsin, eləcə də teatr, kino insanın mənəviyyatına xidmət etməlidir. Bəs insan necə formalaşır? Oxuduğu kitablar, baxdığı filmlər onu yetişdirir, şəxsiyyətə çevirir.

Seriallarımıza baxırsan, 300–400 seriya davam edir, amma bilmirsən məqsəd nədir, ideya nədir. Bu adam bu serialı çəkməklə nə demək istəyir? Bu, aydın deyil. Mən bunun səbəblərini özüm üçün aydınlaşdırmışam. Onlar düşünür ki, necə edək, reytinq qazanaq. Bilirsiniz, reytinq xatirinə tamaşaçıların zövqünü korlamaq olmaz. Heç olmasa, o serialları yayımlayan telekanallarda bədii şura olsun, onlar baxsınlar ki, nəyi efirə vermək olar, nəyi olmaz. Əks halda o seriallar, yaxud filmlər gənclərin tərbiyəsinə mənfi təsir göstərəcək.

– Son illərdə yaxşı mənada diqqətinizi çəkən hansısa film olubmu?

– Bu suala da cavab verməyə çətinlik çəkirəm. Məni qane edən, sözün əsl mənasında hadisəyə çevrilən bir filmə rast gəlməmişəm. Əvvəllər Azərbaycanda tamaşaçılar kinoteatrlara üz tutardı. Gərək elə kino ərsəyə gətirəsən ki, tamaşaçı məcbur olub kinoteatra getsin. İndi hamı oturub evdə, filmlərə telefon vasitəsilə baxır. Siz bir filmə telefonda baxın, bir də böyük ekranda baxın, yerlə göy qədər fərq görəcəksiniz. Zalda işıqlar sönür və sən özünü bilavasitə ekrandakı hadisələrin içində hiss edirsən. Telefon isə o effekti vermir.

Mən xatırlayıram, müstəqilliyimizin ilk illərində biz Avropaya film festivalına getmişdik, baxırdım ki, insanlar axın-axın kinoteatrlara gəlir. Bizdə bu ənənə sovet dövründə var idi, bu gün yoxdur. Təəssüf ki, Azərbaycan kinosu haqda yanlış fikir formalaşıb. Bəziləri düşünürlər ki, bunlar nə çəkəcək, çəkdiklərini görürük də. Bütün bunlar sizin dediyiniz o sənətdən, kino estetikasından uzaq, söyüş üzərində qurulan filmlərin sayəsində yaranıb. Kinonun nüfuzunu özünə qaytarmaq lazımdır. Buna da zaman lazımdır. Bunlar 1 günə, 2 günə həll olunan məsələlər deyil. Mən çox nikbinəm, inanıram ki, yaxın gələcəkdə biz sizinlə kinomuzun uğurları haqqında danışa biləcəyik.

– Tamaşaçılar sizi Nəsimi, Babək, Beyrək obrazları ilə sevdi. Bu obrazlar sizin sənət pasportunuza çevrildi. Sonralar Azərbaycan kinosunda müxtəlif xarakterli obrazlar yaratdınız. Son dönəm iki tarixi şəxsiyyətin obrazlarını canlandırdınız. “Sübhün səfiri” filmində Mirzə Fətəli Axundzadəni, “Cavid ömrü” filmində isə Hüseyn Cavidi. Bu obrazlar bir aktyor kimi sizi qane etdimi? Tamaşaçı reaksiyaları necə oldu?

– Keçmiş dövrlə indiki dövr arasında böyük fərqlər var. Bu gün dediyiniz filmlər kinoteatrda nümayiş olunmadığı üçün mən fikir bildirməyə çətinlik çəkirəm. Çünki tamaşaçı münasibəti kinoteatrda görünür. Bilirsiniz ki, hər iki filmin ssenarisini Xalq yazıçısı Anar yazıb. Onun çəkdiyi “Üzeyir ömrü”, “Qəm pəncərəsi” filmləri bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılır. Bunlar maarifləndirici filmlərdir, tamaşaçını, xüsusən gənc nəsli maarifləndirmək baxımından son dərəcə əvəzsizdir. “Sübhün səfiri” və “Cavid ömrü” filmi də bu səpkili filmlərdir. Bu da fərqli bir yanaşmadır. Bildiyimə görə, Anar müəllim böyük dramaturqumuz Cəfər Cabbarlı haqqında da bir ssenari yazıb. İnşallah, o film də çəkilər.

Çox təəssüf ki, bəziləri, xüsusən gənc nəsildən olanlar klassiklərimizi o qədər də yaxşı tanımırlar. Düşünürəm ki, Mirzə Fətəlini, Cavidi dərindən tanımayan adamlar o filmlərə baxıb çox şeyləri öyrənə bilərlər. Mən bir aktyor kimi üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışmışam. Müxtəlif təbəqənin insanları ilə görüşəndə görürəm ki, həmin filmlərə baxanlar öz razılıqlarını bildirirlər. O filmlərdə tərbiyəvi əhəmiyyət daşıyan mesajlar var.

– Yaxın zamanlarda tamaşaçılar sizi yeni filmdə görə biləcəklərmi?

– Bir-iki təklif var. Amma mən hələlik razılıq verməmişəm. Elə bir obraz olmalıdır ki, məni qane etsin, düşünüm ki, hə, mən bu rolu məmnuniyyətlə oynayaram. Hələ ki, belə bir obraz yoxdur. Çox istərdim ki, növbəti təkliflərdən hansısa məni qane etsin və mən o filmə çəkilim.

– Rasim müəllim, maraqlı söhbət üçün sizə təşəkkür edirəm.

Söhbətləşdi:
Kənan HACI

Mədəniyyət