“Məşədi İbad” qocaman komediyanın yeni təqdimatı

post-img

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni mvsümə “Üzeyir Hacıbəyli Həftəsi” layihəsi çərçivəsində “ O olmasın, bu olsun” tamaşasının 1-cü nümayişi ilə başladı. Yaddaşımıza Hüseyn Seyidzadənin çəkdiyi unudulmaz filmdən həkk olunmuş Məşədi İbad əhvalatının səhnə təcəssümünü təsəvvür etməkdə çətinlik çəkirdim. Məşədi İbadı ilk dəfə səhnədə görkəmli aktyorumuz Mirzağa Əliyev canlandırıb. O, bu rolu iki yüz dəfədən artıq oynayıb və hər dəfə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Ondan sonra əsərin ekran variantında əvəzolunmaz sənətkarımız Əliağa Ağayev bu obraza yeni can bəxş edib. 

Akademik Musiqili Teatrda isə tamaşaçılar Məşədi İbad qiyafəsində unudulmaz gülüş ustası Hacıbaba Bağırovu və Ramiz Məmmədovu görüblər. Hər ikisi bu məsuliyyətli rolun öhdəsindən layiqincə gəlib. Bu dəfə isə Məşədi İbadı səhnədə Əməkdar artist Şövqü Hüseynov canlandırırdı. Xalq artisti Cənnət Səlimovanın quruluşunda bu klassik tamaşa yeni estetikada təqdim olunur. Əsərin bədii məzmunu hər kəsə bəllidir, bu haqda uzun-uzadı danışmağa hacət yoxdur. Diqqəti Cənnət Səlimovanın rejissor tapıntılarına yönəltmək istəyirəm. Xatırlayıram ki, hələ uzun illər bundan öncə Cənnət xanımın Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi Cəfər Cabbarlının “Aydın” tamaşası haqqında geniş yazı yazmışdım. Bir dəfə teatrın qarşısından keçəndə öz yazımı afişa yerində görüb nə qədər məmnun olmuşdum. Cənnət xanımın rejissor yanaşması, hazırladığı tamaşaya tamamilə fərqli rakursdan baxması “Aydın”a yeni nəfəs bəxş etmişdi.

“O olmasın, bu olsun” tamaşasına məni çəkib gətirən də məhz Cənnət Səlimova imzası idi. Cəsarətli aktyor ifaları, rejissor fikrinin yeni estetik konseptuallıqla həllindən əlavə, əsərin səhnəqrafiya həlli və geyimlərin xarakterik əlvanlığı göz oxşayırdı. Şövqü Hüseynov geniş amlualı aktyordur, onu bir çox fərqli obrazlarda görmüşəm. Onun Məşədi İbadı da mənə son dərəcə yeni göründü. Korifey sənətkarlarımızdan sonra bu obrazı təqdim etmək olduqca çətindir.

Şövqü Məşədi İbada yeni ştrixlər əlavə edir və tamaşaçı alqışları da göstərdi ki, öz istəyinə nail olub. Aktyor bu rolu coşqunluqla, həvəs və ehtirasla oynayırdı. Görkəmli rejissorumuz, Xalq artisti Mərahim Fərzəlibəyov mənə dedi ki, sənin teatral yazı tərzin maraqlıdır, bu tamaşa haqqında bir məqalə yazsan, pis olmaz. 

“O olmasın, bu olsun” haqqında, bəlkə, yüzlərlə yazı yazılıb. Bu haqda təzə söz demək çox çətindir. Feodal-patriarxal dövrün amansız qanunları Məşədi İbad tipli insanlar yetişdirmişdi və onlar qadına əşya, kölə kimi baxırdılar. Mirzə Ələkbər Sabir bu situasiyanı mükəmməl şəkildə ifadə edib: “Tacirlərimiz Sonyalara bənd olacaqmış, bədbəxt Tükəzbanları neylərdin, İlahi?” Belə bir cəmiyyətdə tərbiyə alıb böyümüş Gülnaz Sərvərin sevgisinə sığındıqca onların pak sevgilərinə qarşı sipər olan despot ata – Rüstəm bəy tərksilah olur. Xalq artisti, bir çox yaddaqalan obrazların ifaçısı Pərviz Məmmədrzayevin Rüstəm bəyi fərqli çalarlarla diqqəti çəkir. Aktyorun səhnə plastikası obrazın mahiyyətini bütün yönlərilə açıb göstərə bilir. 

Vacib cəhətlərdən biri də budur ki, tamaşada bitkin aktyor ansamblı vardı. Tamaşada ideyanın, rejissor fikrinin əsas daşıyıcısı kimi ağırlıq təbii ki, Şövqü Hüseynovun (Məşədi İbad), Nahidə Orucovanın (Sənəm), Pərviz Məmmədrzayevin (Rüstəm bəy) çiyinlərinə düşürdü. “İntelligent Həsən” çətin obrazdır. Əkbər Əlizadə bu obrazı tamamilə yeni interpretasiyada təqdim edir. Tipajın xarakterik xüsusiyyətlərinə xas olan bədən hərəkətləri, doğrudan da, bir tapıntıdır. Bu baxımdan Əkbər bəyin “İntelligent Həsən”i tamaşaçını güldürməklə yanaşı, onun yaddaşında dərin iz buraxır. Ümumiyyətlə, tamaşada daim rejissorun istiqamət verən, hərəkətə gətirən fikrinin izlərinə rast gəlirsən. Hətta kiçik, epizodik rolların ifaçıları belə, cansız şahid kimi qalmır, hadisələrin dinamik iştirakçısına çevrilirlər. Əlbəttə, bu, rejissorun uğurudur. Əzizağa Əzizovun Qoçu Əsgəri də tamaşaçılar tərəfindən maraqla qarşılandı. Təbiilik, səmimi reallıq, ifadəlilik tamaşanın əsas səciyyələridir. Zala diqqət yetirdim, tamaşaçıların əksəriyyəti gənc nəslin nümayəndələri idi. Çox sevindirici haldır ki, gənc nəsil yeni “Məşədi İbad”ı seyr etmək imkanı qazanmışdı. Bu tamaşa onların yaddaşından ömür boyu silinməyəcək. Tamaşanın sonunda bitmək bilməyən alqışlar göstərdi ki, yaradıcı kollektiv bu çətin və məsuliyyətli işin öhdəsindən uğurla gəlib.

Bu fakt həm də onu göstərir ki, Üzeyir bəyin dühası bütün zamanlara işıq tutmaq iqtidarındadır. Onun opera və operettaları hələ çox nəsillərin zövqünü oxşayacaq, öz tamaşaçılarına ali duyğular bəxş edəcək.

Mən tamaşadan zəngin təəssüratla ayrıldım və sakit payız axşamında yol boyu düşündüm ki, mütləq bu tamaşa haqqında yazmalıyam.

Kənan HACI

Yazıçı-publisist

Mədəniyyət