İsmayıl Hacıbəyov – 75
Onun haqqında düşündükcə, nədənsə, atası Soltan Hacıbəyovun “Karvan” simfonik lövhələri gözlərim önündə canlandı. Düz 18 il əvvəl “Dünya duracaq yer deyil”, – deyərək harasa tələsən karvan ünlü sənətkarlar nəslinin son yadigarını da aparıb, əbədiyyətə qovuşdurub. Amma zaman və sənət karvanının ötdüyü yerlərdə cəmi 57 il yaşamış bəstəkar, Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun da silinməz izləri qalıb.
Mayası musiqi ilə yoğrulmuş yeniyetmə İsmayılın sənət yanğısı onu Azərbaycan Dövlət Konservatoriyasına gətirib. Orada professor Qara Qarayevin tələbəsi olub, az müddətdə peşəkarcasına yazdığı musiqiləri ilə nəslinin şöhrət çələnginə solmaz güllər taxıb. Dahi Üzeyir bəyin qardaşı nəvəsi olan İsmayıl Hacıbəyov ömrü boyu konservatoriyada çalışıb. Hətta ötən əsrin təbəddülatlarla dolu olan son dövr-lərində, klassik musiqi sənətinin bir növ qiymətdən düşdüyü vaxtda o, əmisinin, atasının nəfəsi ilə qızınmış doğma ocağını – konservatoriyanı tərk etməyib.
Bəstəkar kimi formalaşmasında Soltan Hacıbəyovun, Qara Qarayevin böyük zəhməti olduğunu daim vurğulayan İsmayılın yaradıcılığı çoxşaxəli idi. Hələ tələbə olarkən müxtəlif janrlı əsərlər yaradıb. Onun simfonik və kamera əsərləri, piano üçün yazdığı musiqilər diqqət çəkib. İsmayıl Hacıbəyov böyük Üzeyir bəydən gələn ənənəni özünəməxsus şəkildə davam və inkişaf etdirib. Mütəxəssislər onun yaradıcılığı mədəniyyət tariximizdə bir hadisə hesab ediblər. Neçə-neçə əsərini Azərbaycan musiqisinin incisi kimi dəyərləndiriblər.
Gəlin, haqqında söylənilənləri unudulmaz bəstəkarın doğum günündə bir daha xatırlayaq.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Xalq artisti, bəstəkar Arif Məlikov: “Bütöv bir əsrdir ki, Hacıbəyov familiyası musiqinin, musiqi mədəniyyətinin, incəsənətin, xalq məhəbbətinin, ölməzliyin, keçmişin, bugünün və gələcəyin rəmzi kimi səslənir. Həqiqətən də, adlara fikir verəndə bu soyadın məna yükü daha da artır: dahi Üzeyir bəy, Zülfüqar, Niyazi, Çingiz, Soltan, İsmayıl... O, 1949-cu ildə Üzeyir Hacıbəylinin ölümündən bir il sonra (əgər belə demək olarsa) dünyaya gəlib. Qəribədir ki, atası Soltan Hacıbəyov dünyasını dəyişməmişdən bir neçə saat əvvəl mənə öz kabinetində belə dedi: "Gözün İsmayılın üstündə olsun". Mən çox fərəhlənirdim ki, bu tanınmış və məşhur nəslin belə istedadlı nümayəndəsi ilə uzun illər dostluq etdim”.
Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova: “İsmayıl çox təmiz adam olub. Sənətdən başqa ayrı düşüncəsi yox idi. Bir devizi var idi – “Əsər o zaman ölməzlik qazanır ki, böyük mübarizələrin nəticəsində yaransın”. O, təkcə tələbələrinə yox, həmkarlarına da nümunə və örnək idi. Hələ də İsmayılı soruşanlar, axtaranlar var. Heç kim onun vəfat etdiyinə inanmır. Bu da görkəmli bəstəkarımızın əbədiyaşarlığına bir mesajdır”.
Bəstəkar Xəyyam Mirzəzadə: “İntellektuallığı ilə seçilən sənətkarların əsərlərinin müqəddəratı həmişə qəribə olur. İsmayılın isə elə əsərləri var ki, hələ üzə çıxmayıb. O, həmişə iş prosesində idi. Hətta bir müddət filarmoniyada musiqi rəhbəri işləyib, amma heç zaman bu fürsətdən bəhrələnməyib. Bir dəfə də olsun bu böyük səhnədə öz əsərini ifa etdirməyib. Bu da təvazökarlığına bir misaldır”.
Musiqişünas Vəfa Abbasova: “İsmayıl Hacıbəyovun “Memorial” kantatası bəstəkarın böyük yaradıcılıq tapıntısı olan texniki vasitələrin kompleksli istifadəsi, onların musiqi obrazları və əsərin dramaturgiyasının tərkib hissələri kimi çıxış etməsi və nəticədə, hüdudsuz musiqi sferası effektinin yaranması, maraqlı tembr tapıntıları və təzadları, emosional baxımdan çox səmimi, insani ümumbəşər xeyir və şər anlamları üzərində düşünməyə vadar edir. “Memorial”kantatası Azərbaycan musiqi sənətinin ən dəyərli nümunələrindən biridir”.
Bu isə onun həyat və sənət yoldaşı, pianoçu və bəstəkar, Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyovanın xatirəsidir: “İsmayılın təkcə həmkarlarının, dostlarının, yaxınlarının deyil, tələbələrinin də qəlbində böyük məhəbbəti, sevgisi olub. Bu hörməti, bu etibarı hər kəs qazana bilmir. İsmayıl bütün ömrü boyu Hacıbəylilər nəslinin övladı olduğunu və bu doğma ocaqda işləməyin məsuliyyətini heç vaxt unutmayıb. Xüsusilə də soyadı üçün çox həyəcan keçirirdi. Haradasa bir afişada, qəzet məqaləsində, kitabda öz familiyalarını oxuyanda çox sevinirdi. Mən onu başa düşürdüm. Üzərində dahi Üzeyirin, atası Soltanın, maestro Niyazinin məsuliyyəti var idi”.
İsmayıl Hacıbəyovun simfonik orkestr üçün bəstələdiyi "Naxışlar" fantaziyası xüsusilə cəlbedicidir. Digər əsərləri – “Albomdan səhifələr” süitası, piano üçün “Üç idilliya”, fleyta və simli orkestr üçün “Konsertştük”, libretto müəllifi olduğu “Füruzə” operası, fleyta, klarnet və piano üçün “İstəklər”, nəfəs alətləri üçün kvintet və sairə onun adının musiqi mədəniyyəti tariximizə düşməsini təmin edib.
Maraqlıdır ki, o həm musiqi ladları ilə gözəl əsərlər yaradan rəssam, həm də fırça və rənglərlə dəyərli portretlər cızan rəssam olub. Böyük ustalıqla Üzeyir bəyin, Qara Qarayevin, atası Soltan Hacıbəyovun, Dmitri Şostakoviçin, həyat yoldaşı Ülviyyə xanımın, eləcə də özünün avtoportretini çəkib, obrazları yağlı boya ilə kətan üzərinə köçürüb. Qəribədir ki, həmin gözoxşayan əsərlərə baxanda adamın qulağına sanki onun könüloxşayan musiqisinin səsi gəlir. Təbiət mənzərələri, natürmortları da eyni hisslər yaradır.
İsmayıl Hacıbəyov 57 illik ömrünün hər gününü mənalı keçirib, sənətə xidmət edib. Buna görə də ürəklərdə özünə taxt qura bilib. Ruhu şad olsun.
Ə.ƏLİYEV
XQ