Bu yaxınlarda Rusiyada təşkil edilən “Moskva kino həftəsi”ndə Azərbaycan da təmsil olunub. Bu ölkənin Yaradıcı Sənayelər Agentliyinin təşkilatçılığı ilə reallaşan “Kino həftəsi”nə ABŞ, Türkiyə, Hindistan, Çin, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələr də qoşulublar.
Beynəlxalq tədbirdə iştirak edən Mədəniyyət Nazirliyinin yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov XQ-yə təəssüratlarını belə ifadə etdi:
– Bu layihə beynəlxalq peşəkar kino ictimaiyyəti ilə Rusiya kino sənayesinin liderləri arasında qarşılıqlı əlaqələrin yaradılması üçün əlverişli platforma rolunu oynayır. İlk dəfə gerçəkləşən “Moskva kino həftəsi” çərçivəsində iştirakçılar yaradıcı sənaye sahəsi üzrə müxtəlif ölkələrin aparıcı layihələri ilə tanış olmaq imkanı da əldə ediblər. Burada 25 ölkədən beynəlxalq kino komissiyalarının nümayəndələri, kino sənayesinin rəhbər şəxsləri və ekspertləri iştirak edirdi. Həftə ərzində bir çox panel müzakirələr təşkil olundu. “Yaradıcı iqtisadiyyat” mövzusunda keçirilən panel müzakirələrə biz də qatıldıq. Müzakirələrdə Azərbaycanda Mədəni və Yaradıcı Sənayelərin (MYS) qrantlar və təhsil proqramları vasitəsilə strateji inkişafına xüsusi diqqət ayrılması barədə danışdıq. Bundan başqa, müxtəlif ölkələrin yaradıcı sənaye nümayəndələri ilə görüşlərimiz oldu. Görüşlərdə qrant və təhsil proqramları, gənc startapçılara dəstək göstərən Yaradıcı Mərkəzin fəaliyyəti, ölkənin MYS sektorunu gücləndirmək və qlobal səviyyədə əməkdaşlıqlar müzakirə edildi.
Nazirlik rəsmisi Rusiya kino mütəxəssilərinin ölkəmizdə film və serial çəkilişləri sahəsinə marağından danışaraq söylədi ki, bu ölkənin şirkətləri Azərbaycana film və serial çəkmək üçün gəlirlər:
– Hər zamankı kimi əməkdaşlığa hazırıq. Ölkəmizdə yaşayan rusdilli əhali arasında çox populyar olan köhnə filmlərin üzərində yenidən işlənilə bilər. Rusiyanın animasiya filmləri azərbaycanlı tamaşaçılar arasında populyardır.
Müsahibimiz əlavə etdi ki, zəngin proqramı olan “Kino həftəsi” 6 gün ərzində iştirakçı ölkələrin müvafiq mövzuda təcrübə mübadiləsi aparması baxımından böyük əhəmiyyət kəsb edib:
– Bu gün yaradıcı mədəniyyət sahəsi dünyada dinamik inkişaf edir. Kino, teatr, musiqi, incəsənət, ədəbiyyat və digər bu kimi sahələrdən ibarət yaradıcı sahələrin həm də biznes imkanları var. Ölkəmizdə də bu yöndə əsas məsələlər diqqətdə saxlanılır və lazım olan bütün addımlar atılır. “Kino həftəsi” və digər bu kimi beynəlxalq platformalar iştirakçı ölkələrin aparıcı layihələrindən məlumatlı olmaq imkanı verir.
Ceyhun BALABƏY
XQ