Bakı hindistanlı turistlərin seçimlərində populyarlıq qazanıb. “Skyscanner” platformasının bu il üzrə yayımladığı səyahət trendləri hesabatında qeyd olunur ki, şəhər bu il axtarışlar siyahısında 3-cü yerdə qərarlaşıb.
Dövlət Turizm Agentliyindən XQ-nin sorğusuna cavab olaraq bildirildi ki, sözügedən platformada Bakı şəhəri üzrə axtarış marağı 438 faiz artıb. Birinci və ikinci sırada isə müvafiq olaraq Vyetnamın Da Nanq, Qazaxıstanın Almatı şəhəri yer alır:
– Hindistandan Bakıya aviareyslərin qiymətlərində də 22 faiz ucuzlaşma qeydə alınıb – deyə Agentlikdən məlumat verdi. Bu da paytaxtımızı hindistanlı turistlər üçün əlçatan istiqamətlərdən birinə çevirir. Platformanın hesabatına görə, hindistanlı səyahətçilərin 86 faizi bu il 2023-cü illə müqayisədə eyni sayda və ya daha çox xaricə səyahət etməyi, 63 faizi səyahətə ötən ildən daha çox büdcə ayırmağı planlaşdırır. Onların 43 faizi destinasiyanın cəlbediciliyini və atmosferini mühüm amil kimi qiymətləndirirlər. Səyahət zamanı ediləcək ən məşhur fəaliyyətlərə gəldikdə isə 49 faiz alış-veriş, 45 faiz tarixi turlar və 38 faiz yerli yeməklərin dadına baxmaq prioritet istiqamətlərdəndir.
Agentlikdən onu da söylədilər ki, bu ilin yanvar–iyul aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 151 faiz artım qeydə alınıb. Qeyd olunan müddət ərzində 139 min 109 nəfər hindistanlı səyahətçi ölkəmizə səfər edib.
Xatırladaq ki, 2023-cü ilin 1-ci yarım-illiyində Hindistandan Azərbaycana 47 min 670 nəfərdən çox ziyarətçi gəlmişdi. Bu ölkənin vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur. Hazırda Delhi–Bakı–Delhi istiqamətində “Azərbaycan Hava Yolları” birbaşa uçuşlar həyata keçirir.
Ceyhun ALIŞLI
XQ