Qəbələdə 3 günəş stansiyası qurulub işə salındı

post-img

Son illər ərzində Azərbaycanda uğurla həyata keçirilən “yaşıl” enerji layihələrinin sənaye müəssisələrində, eləcə də fərdi evlərdə tətbiqinə başlanılıb. Artıq hər bir elektrik enerjisi istehlakçısının bərpaolunan enerji mənbələri hesabına 150 kVt gücünə qədər şəxsi elektrik stansiyası qurmasına imkan yaratmaq qərara alınıb. Bununla bağlı Nazirlər Kabinetində 2023-cü il 28 sentyabr tarixli 346 saylı qərar imzalanıb. 

Beləliklə, fəaliyyət növündən asılı ol­mayaraq hər bir müəssisə və fərdi ev sa­hibi quraşdırdığı stansiyadan aldığı elekt­rik enerjisi hesabına həm daxili tələbatını ödəyə, həm də artıq istehsal etdiyi elektrik enerjisini dövlətə satmaqla əlavə gəlir əldə edə bilər. Ölkə ərazisində bərpaolunan enerji mənbələrindən istifadənin genişlən­dirilməsi, Azərbaycan dövlətinin apardığı “yaşıl” enerji siyasəti və bu il Bakı şəhərin­də keçiriləcək BMT-nin İqlim Dəyişmələ­ri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının iqlim də­yişikliklərinin tənzimlənməsi istiqamətin­də atılan bir addımdır. Qəbələ rayonunun Savalan kəndi ərazisində hər birinin gücü 150 kVt olmaqla, 3 ədəd günəş elektrik stansiyasının istifadəyə verilməsi də bunun bariz ifadəsidir. 

Stansiyanın tikintisi Azərbaycanın “SEES” MMC şirkəti tərəfindən yerinə yetirilib. Şirkət ölkə ərazisində həm səna­ye müəssisələrində, həm də fərdi evlərdə günəş elektrik stansiyalarının quraşdırıl­ması üzrə ixtisaslaşmış və son bir ildə bu cür layihələrin həyata keçirilməsində sifa­rişçilər üçün etibarlı tərəfdaşa çevrilib.

Təqdimatda çıxış edən “SEES” MMC-nin baş direktoru Vüqar Şahmuradovun sözlərinə görə, quraşdırılan avadanlıqlar dünya üzrə ən aparıcı istehsalçılardan alı­nır: “Günəş panellərinə zavod tərəfindən 15 il, panellərin istehsal gücünə isə 30 il zəmanət verilir. Azərbaycanda indiyədək olan mövcud tariflər üzrə hesablamalara əsasən, quraşdırılacaq hər bir günəş elek-trik stansiyası sərf ediləcək vəsaiti 3-5 il ərzində geri ödəyəcək və növbəti illərdə stansiya müəssisəyə və ya fərdi ev sahiblə­rinə əlavə qazanc mənbəyi kimi işləyəcək. 

Nazirlər Kabinetinin 28 sentyabr 2023-cü il tarixli 346 saylı qərarı Azərbaycan vətəndaşları üçün əlavə gəlir imkanları ilə yanaşı, ekologiyanın yaxşılaşdırılması və paylayıcı şəbəkənin artıq yüklənməsinin qarşısını alır. Belə ki, böyük günəş elek-trik stansiyalarından fərqli olaraq quru­lan kiçik stansiyalar yerli transformator məntəqələri vasitəsilə paylanılır və payla­yıcı şəbəkədən ötürüləcək gücləri qismən əvəzləyir. Ekoloji göstəricilərə gəldikdə isə Qəbələ rayonunun Savalan ərazisində qurulan ümumi gücü 450 kVt olan günəş elektrik stansiyaları 1 ay ərzində 55 min kVt/saat “yaşıl” elektrik enerjisi istehsal edib ki, bu da atmosferə atılan 45 ton kar­bon emissiyasının azaldılması və ya 3 min­dən çox ağacın əkilməsi deməkdir.

Yeri gəlmişkən, Energetika Nazirli­yinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Qəbələ rayonunda “Sa­valan” şərab zavodunun ərazisində istifa­dəyə verilən hər birinin gücü 150 kVt/saat olmaqla, 3 ədəd “Savalan” Günəş Elektrik Stansiyasının təqdimat mərasimində bil­dirib ki, Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə bir­gə bir neçə layihə həyata keçirilir: “Artıq bir neçə günəş enerji layihələri istifadəyə verilib. Yaxın perspektivdə isə yeni külək enerji stansiyası istismara veriləcək. Artıq bu stansiyanın turbinləri Bakıya gətirilib”.

C. Abdullayevin sözlərinə görə, qarşı­dakı illərdə bir sıra böyük meqalayihələ­rin icrasına başlanılacağı nəzərdə tutu­lub. Eyni zamanda, sevindirici haldır ki, bütün bu təşəbbüslərin reallaşması üçün dövlət tərəfindən vəsait ayrılmayacağı və layihələrin yalnız özəl investisiya he­sabına həyata keçiriləcəyi planlaşdırılıb. Adıçəkilən agentliyin direktoru bunu “ya­şıl” enerjiyə keçid prosesində özəl sektora önəm verilməsi kimi dəyərləndirib.



Ekologiya