Həyatın axarı çox dəyişsə də, xalqımız musiqimizin zənginləşməsində böyük payı olan aşıq sənətini qoruyur və inkişaf etdirir. Bu gün də gözəl ifası ilə sevilən aşıqlarımız az deyil. Azərbaycan televiziyasının sazlı-sözlü verilişlərinə maraqla baxıram. Aşıqlarımızın ifa etdikləri saz havalarını, mahnıları, deyişmələri dinlədikcə xəyal məni uzaq illərə – unudulmaz uşaqlığa aparır. O çağlara ki, bizim üçün onda dünya daha işıqlı, ümidlərimiz daha bol, pərvaz idi...
O illərdə kənd toylarının çoxunu aşıqlar aparardı. Toya aşıqla yanaşı, xanəndələr də gələrdi. Xalça və palazdan düzəldilmiş geniş toyxanada (mağarda), gündüzlər, adətən, oyun havaları çalınar, şıdırğı rəqslər bir-birini əvəz edərdi. Xanəndə çox zaman sifarişlə xalq və aşıq mahnılarını ifa edərdi.
Hər toyda el-obanın hörmət etdiyi, əhali arasında sözü keçən qoluna qırmızı dəsmal, lent bağlanmış şəxs aparıcılıq edir, sakitlik yaradardı. Şabaş yağışını yerdən toplamağa uşaqlar da kömək edərdilər. Gəlin oğlan evinin qapısında maşından düşəndə konfet, noğul səpilərdi. O anları fürsət bilən uşaqlar o şirniyyatdan ciblərini doldurar, sakitcə aradan çıxardılar...
Axşamlar isə meydan aşığa verilərdi. Aşıq, adətən, ya ötən axşamdan yarımçıq qalmış dastanın davamını, ya da çoxluğun istəyi ilə yenisini başlardı...
Hər toy məclisi bizim uşaq yaddaşımıza (elə böyüklərin də) yazılar, xatirəyə çevrilərdi. O vaxtlar kəndlərimizdəki toylara, adətən, Şirvan aşıq məktəbinin çox istedadlı nümayəndələri Şakir Hacıyev, Bəylər Qədirov, Məmmədağa Babayev, Əhməd Əhmədov, Barat Əhmədoğlu, Xanış Zaidov, Əzizxan Bəndəliyev və başqaları gələrdi.
Mənim Vətənimə söylə tay hanı?!
Hüsnü məftun edib bütün dünyanı.
Məmmədağa, atıb eli-obanı,
Dünyadan yarımçıq köçsən günahdı!
Yəqin ki, söhbətin kimdən gedəcəyini anladınız. Bəli, istəyirəm sizlərə indi az adamın xatırladığı, məşhur aşıq Məmmədağa Babayevdən söhbət açım.
Yuxarıda oxuduğunuz misralar neçə illərdi yaddaşımdadı. O misraları hər dəfə dilimə gətirəndə gözlərim önündə onun gülümsər çöhrəsi, səmimi, şux hərəkətləri canlanır. Elə bilirəm ki, geniş toy məclisindəyəm. Yenə çalıb-oxuyan, nağılı dastana calayan odur. Onun səsi saz havası ilə eyni ahəngdə çağlayır. Ürəkləri ovudan qoşa səs sanki illərin həsrətlilərini qovuşdurur, onların taleyinə yeni naxış vurur.
Arabir də öz qəlbindən qopan sözləri söyləyir:
Məmmədağa çoşur yenə ilhamım,
Vətənimdir hər ümidim, hər kamım.
Mizrab vurub, qoy elləri dolanım,
Hələ neçə oymaqlarda gözüm var!
Son misralar məni diksindirir. Bu vaxt toy məclisi qeybə çəkilir. Onu sonu görünməyən yol əvəz edir. O, bu yolun yolçusudur...
İllər əvvəl Məmmədağa Babayevin adı dillər əzbəri idi. Şirvanda çox toy məclisi onun iştirakı ilə keçərdi. Digər el şənliklərinin də fəal iştirakçısı idi. İfa etdiyi mahnıları, havaları radio və televiziyada tez-tez səsləndirərdilər. O, gözəl el aşığı olmaqla yanaşı, çox səmimi bir insan idi. Elə buna görə də onu tanıyanlar, ünsiyyətdə olanlar Aşıq Məmmədağaya heyran olurdular.
Universiteti bitirib, təyinatla Şamaxı rayon qəzetində işləyirdim. Əslində Şamaxıya, belə demək olarsa, öz istəyimlə getmişdim. Çünki Şamaxı haqda kitablarda oxuduqlarım, o torpaqda yetişən məşhur insanlar və təbii fəlakətlərin, neçə-neçə məşhur döyüşlərin qurbanına çevrilmiş bu daim narahat şəhər məni özünə çəkmişdi.
O illərdə Şamaxı yenidən böyüyür, gözəlləşirdi. Ədəbi mühit də qaynar idi. Azərbaycana səfər edən görkəmli qonaqların çoxu Şamaxıya, Pirqulu Astrofizika Rəsədxanasına gələrdi. Redaksiyamızın qonaqları isə çox vaxt sənət adamları olardılar.
Bir gün Aşıq Məmmədağa gəlmişdi. Əməkdaşların çoxu onunla söhbətdə iştirak edir, deyib-gülürdülər. Mən isə aşıqla tanış olmadığımdan, bir qədər aralıda dayanıb, sənətkarın hamı ilə necə ərkyana danışdığına fikir verirdim.
Arada aşıq mənə baxıb dedi:
– Qardaşoğlu, sən niyə uzaqda dayanmısan? Bağışla, səninlə tanış olmadım. Deyəsən, təzə işçisən?
Qısa tanışlıqdan sonra aşıq dedi:
– Sizin tərəflərin toylarında o qədər oxumuşam ki… Subaysan? İnşallah, əmin sənin toyunda bir oxusun ki. Əvəzində həyətinizdən bir yeşik nar yığacam. Sizin torpağın narı, heyvası can dərmanıdı...
Arabir rayonda keçirilən mədəni tədbirlərdə üz-üzə gəlirdik. Zarafatla soruşardı ki, toy haçandı? Nar yetişir, axı. Mən isə deyirdim ki, az qalıb, Məmmədağa əmi...
İki il sonra, payızda toyum oldu. Ancaq aşıq toyda iştirak eləmədi. Çünki qəfil xəstələnmişdi və onu Moskvaya aparmışdılar. Bir müddət sonra eşitdiyim qara xəbər məni sarsıtdı. Aşıq Məmmədağa Babayev 44 yaşında (1933-1977) dünyasını dəyişmişdi...
Hər dəfə Aşıq Məmmədağanın lent yazılarına qulaq asanda bu kiçik xatirə də yadıma düşür. Qəribə də olsa, hərdən mənə elə gəlir ki, aşıq həyətimizin narlarından yesəydi, bəlkə də şəfa tapacaqdı...
Təəssüf ki, yeni nəsil aşıq sənətinə az meyillidir və Aşıq Məmmədağa haqqında çox az məlumatlıdır. O, gənc yaşında sənətsevərlərin ürəyini ovsunlamışdı. İfa etdiyi “Döymə Kərəmi” dillər əzbəri idi. Həm də çoxlu şeirlər müəllifi idi. 1957-ci ildə Ümumdünya Gənclər Festifalının laureatı adını qazanmışdı. “İncə tellər” aşıqlar ansanblına rəhbərlik edirdi...
Amma ölüm ona tez qıydı. Sinəsi telli sazından, qəlbi doğma elindən vaxtsız ayrıldı. Belə olmasaydı, yəqin ki, o, sədəfli sazı sinəsinə basıb, böyük çöşqu ilə bu misraları oxuyacaqdı:
Məmmədağa, başla dastan,
Üzümüzə gələn yazdan.
Sinən o sədəfli sazdan,
Qəlbin eldən ayrılmasın.
Məmmədağa Babayev, həqiqətən, ustad aşıq və gözəl insan idi. Ruhu şad olsun!
Səməd MƏLİKZADƏ