Tunelin sonunda işıq – “Ümidlə gəl”

post-img

Nizami Kino Mərkəzində təşkil olunan “Ümidlə gəl” xeyriyyə layihəsinin növbəti təqdimatı bir qadının hekayəsindən bəhs edirdi.

Məşhur sənət adamları və cəmiyyətin tanınmış nümayəndələrinin qatıldığı toplantıdan öncə qonaqlar mərkəzin foyesində təşkil edilmiş rəsm sərgisinə baxdılar. Sonra  layihə çərçivəsində son illər həyata keçirilən xeyriyyə tədbirlərindən bəhs edən videoçarx nümayiş olundu.

Layihə rəhbəri Hacı Quliyev görülən işlərin əhəmiyyətindən danışdı, xeyriyyə aksiyaları çərçivəsində atılan addımlar barədə bilgi verdi. 

O qeyd etdi ki, bir xanımın hekayəsi əsasında çəkiləcək “Tunelin sonunda işıq” adlı sənədli filmin mövzusu kədərli başlamağına baxmayaraq, sonu sevinclə bitir.  Hazırkı mərasim ömrünün çox hissəsini məşəqqətlər içində sürən Yeganə adlı xanımın hekayəsindən bəhs edir. Onun gözünün ağı-qarası Alagöz adlı bir qızı var. Ana əvvəlcə öz həyat yoldaşını faciəvi şəkildə itirir. Bir müddət sonra Şəki şəhərindəki evləri zəlzələ nəticəsində qəzalı vəziyyətə düşür. Bu olaylardan  sonra ailə Bakıya qazanc dalınca gəlir. İş elə gətirir ki, Alagöz xanım ikinci mərtəbədən yıxılır və qabırğası 8 yerdən qırılır. Həkimlər bildirirlər ki, əməliyyat olunmasa, ananın əziz övladı iflic olacaq. 

Çıxılmaz vəziyyətdə qalan ana dənizdə intihar etmək barədə düşünür.  Bu zaman qızı anasına zəng edərək, ağrılara dözə bilmədiyini söyləyir. O, fikrindən daşınır və qızına dərman alıb, geri dönür. Evə daxil olan ana bu zaman telekanalların birində psixoloji söhbət aparıldığını, xeyirxahlıqdan danışıldığını görür. Ekranda eşitdiyi bir ifadə onun həyatını xilas edir: "Hər hansı bir köməyə ehtiyacınız olarsa, mütləq bizə müraciət edin". Ailə həmin komandaya müraciət etdikdən sonra bütün ehtiyacları qarşılanır, qız sağalır, xoş günlərə qovuşurlar”.

 Efirdə danışan bu adam tanınmış xeyriyyəçi, müxtəlif xeyriyyə layihələrinin müəllifi Hacı Quliyev idi. Bu gün Alagöz xanım Hacı Quliyevin mənəvi övladı hesab olunur. Bu hadisə haqqında film çəkilişləri də nəzərdə tutulur. Təqdimatda həmin həyat hekayəsindən bəhs edən fraqmentlər göstərildi. 

“Tunelin sonunda işıq” sənədli filminin çəkilişlərinin başlanılması qarşıdakı günlərdə nəzərdə tutulur. 

Mərasim musiqili-əyləncəli konsert proqramı ilə davam etdi.

Ceyhun BALABƏY
XQ

 



Mədəniyyət