Azərbaycanın tanınmış incəsənət ustaları hər il müxtəlif sənət məclislərinə qatılır, sözügedən sahədə təcrübə mübadiləsi aparırlar. Bu dəfə də onların üz tutacağı beynəlxalq festival zəngin mədəni proqramı ilə maraq doğurur.
“Xəzər mövsümləri” Beynəlxalq Klassik İncəsənət Festivalı adı altında təşkil olunacaq tədbirə Rusiyanın Həştərxan şəhəri evsahibliyi edəcək. Ölkəmizin də təmsil olunacağı tədbirdə Rusiya, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Belarus və İranının tanınmış sənət adamları qatılacaqlar.
Təmsilçilərimiz bu festival çərçivəsində 2 konsert proqramında iştirak edəcəklər. Bu barədə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimli XQ-nin sorğusuna cavab olaraq bildirdi: “Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığa önəm verən ölkəmiz bu sferada əlaqələrin genişlənməsini daim diqqətdə saxlayır. Bir çox ölkələrin təşkil etdiyi festivallarda təmsil olunmağımız həmin məqsədə xidmət edən işlər sırasındadır. Belə festivalların təşkili ölkələrarası mədəni yaxınlaşmanı daha da sürətləndirir. Ənənəvi olaraq keçirilən bu festivalda hər dəfə ölkəmizin fərqli sənət adamları iştirak edirlər. Bu il Azərbaycan Dövlət Opera və Balet Teatrının Simfonik Orkestrinin üzvü olan 4 nəfər ifaçı Xəzəryanı Dövlətlərin Simfonik Orkestrinin tərkibində çıxış edəcək. Bundan başa, festival çərçivəsində Azərbaycan gününün təşkili nəzərdə tutulur. Burada da milli mahnılarımızdan ibarət konsert proqramı planlaşdırılır”.
Müsahibimizin dediklərinə əlavə olaraq bildiririk ki, “Mədəniyyət” milli layihəsi çərçivəsində gerçəkləşəcək festivalın rəsmi açılış mərasimi Həştərxan Kremlinin Kilsə meydanında nəzərdə tutulur. Proqrama uyğun olaraq əvvəlcə, avqustun 18-dən 20-dək Xəzəryanı dövlətlərin solistləri, musiqiçiləri və balet artistlərinin iştirakı ilə vokal, balet və orkestr üzrə ustad dərsləri keçiriləcək. Avqustun 18-də Qu gölünün sahilində Xəzəryanı dövlətlərin orkestrinin nəzdindəki “Brass” ansamblının üzvləri çıxış edəcəklər. Festivalın sonunadək açıq qalacaq diyarşünaslıq muzeyindəki “Rusiya - Xəzər dənizi” fotosərgisinin təşkili də proqramda əks olunub. Sərgi çərçivəsində festivalda iştirak edən etnik qrupların və solistlərin iştirakı ilə konsert proqramı qonaqlara əsl zövq yaşadacaq.
Ertəsi gün Həştərxan Filarmoniyasında vokal və orkestr akademiyasının üzvləri və Xəzəryanı Dövlətlərin Simfonik Orkestrinin gənc artistləri hesabat konserti verəcəklər. Klassik əsərlərin yaratdığı auradan zövq alacaq tamaşaçılar musiqi tarixinin məşhur nümunələrini dinləmək imkanı qazanacaqlar. Habelə gənclərin simfonik orkestri rəngarəng kompazisiyalarla avqustun 22-də Volqa sahilində qonaqların zövqünü oxşayacaq. Həmçinin avqustun 23-dən 28-dək isə Həştərxan Filarmoniyasında iştirakçı ölkələrin birgə solo konsertləri də gözlənilir.
Nəhayət, avqustun 30-da və 31-də Həştərxan Kremlinin Kilsə meydanında Həştərxan Opera və Balet Teatrının təqdimatında A.S.Darqomıjskinin “Rusalka” operasının premyerası olacaq. Sentyabrın 1-də isə “Xəzər fəsilləri”nin final mərhələsində reallaşacaq konsert zamanı Rusiyanın Xalq artisti, Bolşoy Teatrın və Milanın La Skala Teatrının prima balerinası Svetlana Zaxarovanın çıxışı nəzərdə tutulur.
Qeyd edək ki, avqustun 17-dən sentyabrın 1-dək təşkil olunacaq festival Həştərxan Vilayəti Hökumətinin dəstəyi ilə gerçəkləşəcək.
C.ALIŞLI
XQ