Azərbaycan Mətbuat Şurasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində növbəti konfrans keçirilib. Toplantıda media və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Məclisi giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid icra olunan layihənin mahiyyəti barədə məlumat verib və Şuranın təşəbbüsünü dəstəklədiyi üçün QHT Agentliyinə təşəkkürünü bildirib.
AMŞ Katibliyinin əməkdaşı İlqar Tağıyev toplantı iştirakçılarını Şuranın “Presscouncil.az” saytında yaradılmış “Azərbaycanın media landşaftı” kateqoriyasında həyata keçirilmiş son yeniliklər haqqında məlumatlandırıb. AMŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli layihə çərçivəsində aparılan tədqiqatlar barədə danışıb. O, məlumat bazasında yerləşdirilən bir çox mövzuların Azərbaycanda ilk dəfə tədqiqata cəlb edildiyini diqqətə çatdırıb.
ATV prezidentinin informasiya yayımı üzrə müşaviri Səadət Məmmədova, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Olaylar” Media Qrupunun rəhbəri Yunus Oğuz, “Modern.az” xəbər portalının baş redaktoru Elşad Eyvazlı, CASCFEN sədri Nadir Azəri və digər konfrans iştirakçıları mövzu ilə bağlı fikirlərini çatdırıblar.
Müzakirələrdə vurğulanıb ki, Azərbaycan mediasının dinamik inkişafı onun mənzərəsini sürətlə dəyişir. “Azərbaycan media landşaftı üzrə məlumat bazası” həm mövcud durum, həm də yeniliklər barədə aydın təsəvvür formalaşdırır. Hazırlanan məlumat bazasında ölkəmizdə informasiya dövriyyəsini tənzimləyən qanunların mətni və internet keçid linkləri, etik standartları müəyyən edən milli və beynəlxalq sənədlərin mətni və keçid linkləri, fəaliyyətdə olan media subyektlərinin adları və keçid linkləri, həmçinin media məkanında gender balansının durumu barədə statistik göstəricilər və sair bu kimi məlumatlar toplanılır.
Elşən AĞALAR
XQ