Yaxın Şərqdə od-alovun içində yaşamağa məhkum olan insanlar əzab-əziyyət çəkirlər. Bəşər övladı bilmir ki, bölgədə tüğyan edən zorakılıqlardan özünü və doğmalarını necə qorusun. Raket və dronlar, artilleriya qurğuları isə susmaq bilmir. Bir yandan da terror aktları... Əsl, cəhənnəm səhnəsidir, deyilmi?
...Teleekranlardan bu səhnələri izləyəndə adamın ürəyi ağrıyır. Münaqişə bölgələrindən canlı reportajlar hazırlayan jurnalistlər belə bir ifadəni tez-tez işlədirlər: “Burada adi, sadə, günahsız insanlar həyatlarından beziblər. İnsanların yaşamaq haqqını kim təmin etməlidir? Beynəlxalq qurumlar, böyük dövlətlər, yoxsa yerli hökumətlər? Acı təəssüf ki, onların hər biri sülhdən ancaq sözdə danışır, əməldə, işdə hərə öz xeyrini güdür.
Həqiqətən, hazırda Yaxın Şərqdə ağır zorakılıqlar baş alıb gedir. Ən ağır və dözülməz vəziyyət isə Qəzzada yaranıb. Burada HƏMAS yaraqlıları ilə İsrail Ordusu arasında artıq 10 aydır davam edən ağır döyüşlərin sonu görünmür. Əziyyət çəkən isə yenə də fələstinli yoxsullar, necə deyərlər, fağır-füğəradır. Varlı ailələr çoxdan aradan çıxıblar.
Bəli, Qəzzada, demək olar ki, hər gün, hər saat qan tökülür. “Sinxua” agentliyinin müxbiri yazır ki, avqustun 9-da İsrailin Qəzza şəhərində məktəbə endirdiyi zərbələr nəticəsində azı 40 nəfər ölüb, onlarla insan yaralanıb. İsrail hökuməti bildirir ki, onun hərbçilərinin hədəfində yalnız HƏMAS terrorçularıdır. Amma ölən və yaralananların çoxu dinc, günahsız fələstinlilərdir. Acı reallıq budur!
İsrail təkcə HƏMAS yaraqlıları ilə mücadilə aparmır. Hədəfdə Livanın cənubunda yerləşən “Hizbullah” da var. Dünən yayılan məlumata görə, İsrailin Hərbi Hava Qüvvələri (HHQ) Livanda “Hizbullah”ın reaktiv yaylım atəşi sisteminə və digər hərbi obyektlərinə hücum edib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “Qırıcılar Livanın cənubundakı Hamaam bölgəsindəki obyektlərə zərbələr endiriblər”, - deyə məlumatda bildirilir. Dağıntılar baş verib. Canlı itkilər barədə isə məlumat verilmir.
Bundan əlavə, İsrail HHQ Livanın cənubundakı Ayta əş-Şab, Mehabib, Markaba və Kfar Kila yaşayış məntəqələrindəki hədəflərə də hücum ediblər.
Həmçinin İsrail ərazisinə atılan mərmilərə cavab olaraq Livanın Mays əl-Cəbəl bölgəsinə də zərbələr endirilib.
Nüfuzlu “The New York Times” qəzeti regiondakı etibarlı mənbələrə istinadən məlumat yayıb ki, “Hizbullah” hərəkatı yaxın saatlar ərzində İranın gözlənilən zərbələrindən əvvəl İsrailə ilk hücumu təşkil edə bilər. Eyni zamanda, qəzet kəşfiyyat məlumatlarının “az olduğunu və tez-tez dəyişdiyini” qeyd edir. CNN daha əvvəl “Hizbullah”ın yaxın günlərdə hücuma keçə biləcəyini bildirmişdi.
Yeri gəlmişkən, dünən ABŞ-nin dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla telefonla danışıb. Birləşmiş Ştatların “baş diplomatı” telefon bağlantısı zamanı israilli naziri Qəzza zolağında təcili atəşkəsə nail olmağa çağırıb. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. Miller həmçinin qeyd edib ki, Blinken Qalanta eskalasiyanın heç bir tərəfin maraqlarına cavab vermədiyini deyib.
Hər bir müharibə böyük xərclər deməkdir. Pulsuz-parasız savaş aparmaq mümkün deyil. Ağ evdə bunu yaxşı başa düşürlər. Təsadüfi deyil ki, tezliklə ABŞ hökuməti Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan İsrailə Amerikanın silah və hərbi texnikasını almaq üçün 3,5 milyard dollar verəcək və bu vəsaiti əvvəllər razılaşdırılmış əlavə hərbi yardım paketindən ayıracaq.
Bu barədə CNN telekanalı etibarlı mənbələrə istinadən xəbər verib. Xatırladaq ki, 2024-cü ilin aprelində ABŞ Konqresi İsrailə 20 milyard dollardan çox əlavə hərbi yardımın ayrılmasına səs verib. Bu qəbildən olan xəbərlər müsəlman ölkələrində bir qayda olaraq narazılıqla qarşılanır.
Bir neçə gündür ki, siyasi şərhçilər İranın HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə necə və hansı miqyasda cavab verəcəyi ilə bağlı ehtimallar səsləndirirlər. Hər ağızdan bir avaz gəlir. Hələlik rəsmi Tehran konkret addımlar atmağa, qarşı tərəfi “cəzalandırmağa” tələsmir. Görünür, bunun bədəlinin ağır olacağını düşünür.
Bu arada İranın BMT-dəki daimi nümayəndəliyi jurnalistlər üçün rəsmi açıqlama yayımlayıb. Orada deyilir ki, İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab vaxtında veriləcək və bu, Qəzza zolağında atəşkəslə bağlı danışıqlara təsir etməyəcək. Məlumatda həmçinin vurğulanır ki, İranın prioriteti Qəzzada daimi atəşkəsin əldə olunmasıdır və HƏMAS-ın qəbul etdiyi istənilən razılaşma İran tərəfindən tanınacaq. Hiss olunur ki, Tehran birbaşa münaqişəyə cəlb olunmaq niyyətində deyil. Başqa səbəblər də ola bilər.
Yaxın Şərqin ən güclü dövlətlərindən olan Türkiyə regionda eskalasiyanın güclənməsindən narahatdır. Qardaş ölkənin xarici işlər naziri Hakan Fidan Monteneqrodan olan həmkarı Ervin İbrahimoviç ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib ki, Ankara İsrail-Fələstin gərginliyinin ikidövlətli həlli yolu üçün çalışır: “Biz əlaqələrimizin olduğu bütün regionlarda hər cür toqquşmaların diplomatiya yolu ilə həllinin tərəfdarıyıq”.
Bəli, Türkiyə regionda sülh və sabitlik istəyir və bunun üçün müdrik addımlar atır. Ankara hesab edir ki, hər bir ölkənin, toplumun sülh və əmin-amanlıq şəraitində yaşamaq, yaratmaq haqqı var.
Türkiyənin prinsipial və ədalətli mövqeyi təkcə bölgə deyil, bütövlükdə, dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanır, amma Ankaranın regionda güclü aktora çevrilməsinə mane olmaq istəyənlər az deyil. Gec-tez ilahi ədalət öz yerini tutacaq!
Məsaim ABDULLAYEV
XQ