Gürcüstan parlament seçkilərinə hazırlaşır

post-img

Gürcüstanda parlament seçkiləri yaxınlaşdıqca partiyalar arasında mübarizə də kəskinləşir. Seçkilər oktyabrın 26-da 5 faizlik baryerlə proporsional qaydada keçiriləcək. Rəsmi seçki kampaniyası isə avqustun sonunda başlayacaq.

 Son sorğulara görə, ən pis halda 2, ən yaxşı halda isə 5 partiyanın parlamentə düşmək şansı var. Ehtimal olunur ki, “Gürcü Arzusu” böyük fərqlə liderliyini qoruyub saxlayacaq, “Vahid Milli Hərəkat” isə ikinci yerdə qərarlaşacaq.

Parlament seçkiləri qarşıdakı 4 il ərzində hansı partiyanın hökuməti qurmaq və ölkəni idarə etmək hüququna malik olacağını müəyyənləşdirəcək. Hazırda seçkiqabağı proses qanun pozuntuları ilə gedir. Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib: “Təəssüf ki, seçki prosesi qanun pozuntuları fonunda baş verir, o cümlədən seçki prosesinə xarici müdaxilələr də özünü büruzə verir”.

Onun sözlərinə görə, seçkiqabağı prosesdə neytrallıq prinsipinin pozulur. Belə ki, “Beynəlxalq Şəffaflıq-Gürcüstan” QHT-nin təşkil etdiyi görüşlərdə hakim partiyaya qarşı fəal təbliğat aparılıb”. 

Parlamentin sədri ATƏT/ DTİHB (ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) missiyasının baş verənlərə müvafiq qiymət verəcəyinə ümid etdiyini bildirib: “Ümid edirəm ki, hazırda prosesləri uzaqdan izləyən ATƏT/DTİHB missiyası, eləcə də digər beynəlxalq müşahidə missiyaları bunu öz hesabatlarında əks etdirəcəklər”.

“Xalqın Gücü” partiyasının deputatı Quram Maçaraşvili isə deyib ki, parlament seçkiləri ərəfəsində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” və “Xalqın Gücü” partiyaları müxalifətlə deyil, xarici qüvvələrlə rəqabət aparır. 

 Xatırladaq ki, hakim “Gürcü Arzusu” və “Xalq Gücü” partiyalarının liderləri ən böyük müxalifət partiyalarını və onların tərəfdaşlarını “radikal müxalifət”, “müharibə partiyası” və xarici qüvvələrin agentləri adlandırırlar. 

Maçaraşvili daha sonra bildirib: “Seçkiqabağı dövrdə biz faktiki olaraq xarici qüvvə ilə rəqabət aparırıq, çünki müxalifət bizimlə rəqabət apara bilmir, müxalifətin bizimlə rəqabət apardığı gündəmə və məsələlərə baxın, hamı bizim narrativlərə üz tutub”. 

Gürcüstanda seçki məntəqələrinin 90 faizində elektron səsvermə sistemindən istifadə ediləcək. Seçicilər seçki məntəqələrində əvvəlki qaydada səs versələr də, yeni bülletenlərdən istifadə olunacaq və nəticələr xüsusi sayma maşını ilə hesablanacaq. Əvvəllər elektron səsvermə sistemi seçki məntəqələrinin yalnız kiçik bir hissəsini əhatə edirdi və pilot rejimdə həyata keçirilirdi.

Bu il həm də parlament seçkiləri ilk dəfə Gürcüstanda tam proporsional sistemlə keçiriləcək. Parlamentdəki 150 yerin sahibləri partiya siyahıları əsasında müəyyən olunacaq. Bununla belə hər bir partiya yalnız ən azı 5 faiz səs toplayacağı təqdirdə parlamentə daxil ola biləcək. 

PÜNHAN 
XQ

 

Dünya