Şəfa qaynaqlarımızın gəl-gəl deyən vədəsidir

post-img

Söhbət termal turizmin imkanlarından gedir

Bir çox ölkənin iqtisadiyyatında böyük paya sahib olan gəlir sahələrindən biri də turizm sənayesidir. Turizm bu gün dünyada makro və mikro səviyyələrdə gəlirlərin mənbəyi kimi çıxış edir. Təsadüfi deyil ki, bu  sənayeni “yaşlanan dünyanın təzə çiçəyi” adlandırırlar. Bu sektor məşğulluğa təsir baxımından da mühüm vasitə olaraq dəyərləndirilir. Dünya iqtisadiyyatında turizmin gəlir payı 2 trilyon dollardan çox qiymətləndirilir. 

Son illər sürətə inkişaf edən sahələrdən biri də müalicə-sağlamlıq turizmidir. Milyonlarla insan sağlamlığının bərpası məqsədilə hər il müxtəlif ölkələrə səyahət edir. Azərbaycan da bu turizm növünün inkişafı üçün hərtərəfli şəraitə malik relyefdə yerləşir. Bu gün hidromineral ehtiyatlarla zəngin olan ölkəmizdə sanatoriya-kurort sahəsinin inkişafını dünya standartları səviyyəsinə qaldırmaq üçün əlverişli mühit mövcuddur. Bu da milli iqtisadiyyatımıza sanballı töhfə verə bilər.    

Müalicə və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, ekspert Ruslan Quliyev ölkəmizdə sağlamlıq turizminin hazırkı vəziyyəti ilə əlaqədar suala münasibət bildirərək söylədi:  

– Bu gün sağlamlıq turizminə müxtəlif yanaşmalar var. Bəzi ölkələr bunu prioritet hesab etsələr də, bir neçə ölkə  başqa yanaşma ilə təqdim edir. 2017-ci ildən Azərbaycanın da təmsil olunduğu Qlobal Sağlamlıq Turizmi Təşkilatında rotasiya üzrə rəhbərlik ölkəmizə keçmişdi. Deklorasiya qəbul edildikdən sonra sağlamlıq turizminin 8 seqmenti müəyyən olundu. Azərbaycanda hələ sovet dövründən  sağlamlıq turizmi mövcud olub. Müasir dövrdə Qarabağ bölgəsində və Şərqi Zəngəzurda da sağlamlıq və tibbi turizmin inkişafı üçün böyük perspektivlər var. Xüsusilə, orada velnes və spa turizminin, eləcə də kulinariya, stomatoloji reabilitasiya, idman və sosial turizmin inkişaf perspektivləri mövcuddur. 

Ölkəmizdə sağlamlıq turizmi sahəsində mövcud olan hər bir məhsul unikaldır. Naxçıvanda Duzdağ, Naftalandakı müalicəvi neft, Qalaaltı və Lənkərandakı mineral bulaqlar sağlamlıq turizminin müxtəlif seqmentlərini təmsil edir. Qalaaltı və Lənkəranın suyu Avropa keyfiyyət sertifikatını alıb. Sağlamlıq turizmini inkişaf etdirmək məqsədilə dövlətimiz beynəlxalq platformalarda uğurla təmsil olunur. Naftalan şəhərinin bir neçə istirahət zonası “Eurospa” siyahısına daxil edilib. Bütün bunlar xarici turistləri qəbul edərkən inamı artırır və bu, xidmətlərin keyfiyyət göstəricisidir. 

Ekspertin sözlərinə görə, ölkəmiz hələ ki, əcnəbiləri cəlb etmək potensialından tam istifadə etmir. Turistlərin ümumi sayının 2 faizdən az hissəsi müalicə üçün Azərbaycana gəlir ki, bu da digər ölkələrin göstəricilərindən xeyli aşağıdır. Ona görə də Azərbaycanda sağlamlıq turizmi hələ formalaşma mərhələsindədir.

Digər ekspert – Ceyhun Aşurov isə bildirdi ki, ökəmizdə turizm imkanlarını nəzərə alsaq, bu sahənin də inkişaf istiqamətləri üçün yeni layihələrin işlənilməsinə ehtiyac duyulur. Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi sağlamlıq və tibbi turizm xidmətləri yüksək rentabelliyi ilə seçilir. 

– Ölkəyə müalicə məqsədilə gələn əcnəbilər ənənəvi səfər edən turistlərdən daha çox pul xərcləyirlər. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, gəlir əldə etmək üçün turizmin bu sahəsi daha əlverişlidir. Ənənəvi turizmdə gəlir orta hesabla adambaşına 1000–1500 dollar ətrafındadırsa, sağlamlıq turizmi üçün gələnlərin xərcləri bundan 6–7 dəfə çoxdur. Yəni 6000–10000 dollararası dəyişir. Burada həkimlərin də bir növ təbliğatına ehtiyac var. Əcnəbilər ölkəyə fərqli həkimlərin reklamı sayəsində gəlirlər. Bizdə sağlamlıq turizmi sahəsindəki xidmətlər keyfiyyətcə heç də geri qalmır, üstəlik, qiymətlər digər ölkələrdən 30-40 faiz daha əlverişlidir. Bəzi yerli klinikalarda ABŞ-ın “JCI” sertifikatı var ki, bu da xarici xəstələr üçün vacibdir. Azərbaycanda müasir avadanlıqlarla təchiz edilmiş çox sayda klinikalar fəaliyyət göstərir. Mövcud vəziyyəti təhlil edərkən bu sahədə uyğunlaşdırılmış işin olmadığını qeyd etmək olar. Lakin hələlik heç bir klinika əcnəbi xəstələrin qəbulu üzrə ixtisaslaşmış mərkəz kimi özünü tam şəkildə göstərə bilmir. Düşünürəm ki, bu sahənin ölkəmizdə daha da dirçəldilməsi üçün beynəlxalq səviyyədə təbliğata ehtiyac vardır.

Ekspert rəylərindən də aydın olur ki, müalicə-sağlamlıq turizminin inkişafı üçün ölkəmizin mövcud potensialından yetərincə istifadə edilmir. Axı, Azərbaycanın əksər guşələrində özünün müalicəvi əhəmiyyəti ilə seçilən çox sayda təbii müalicə ehtiyatları, mineral sular var. Onların bir çoxu hətta dünyada analoqsuz hesab edilir. Buna görə də ümid edirik ki, ölkəmizdəki mineral sulardan müalicə-sağlamlıq məqsədilə daha geniş istifadə edilməsi üçün zəruri tədbirlər görüləcək. 

Ceyhun ALIŞLI 
XQ

 

Mədəniyyət