AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Səbuhi İbrahimovun “Azərbaycan mətnşünaslığı və Naxçıvan əlyazmaları” monoqrafiyası Almaniyada işıq üzü görüb.
“LAP LAMBERT” akademik beynəlxalq şirkətinin “GlobeEdit” nəşriyyatında buraxılmış monoqrafiyada Naxçıvana dair milli-mənəvi dəyərlərimizdən olan əlyazma mətnlərinin tədqiqi öz əksini tapıb. Əsərdə həmin mətnlər filoloji istiqamətdə araşdırılır və başlıca amilləri geniş işıqlandırılır. Həmçinin əlyazma nümunələrinin yaradıcıları olmuş xəttatları, miniatürçü rəssamları, nəqqaş-müzəhhibləri və bədii cild ustalarının fəaliyyətləri, həmin dövrlərin tarixi həqiqətləri barədə bilgilər verilib ki, bu da Azərbaycan mətnşünaslıq elminin inkişafı üçün mühüm önəm daşıyır.
Kitab AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurasının 16 may 2024-cü il tarixli protokoluna əsasən nəşrə tövsiyə olunmuşdur. Əsərin baş məsləhətçisi AMEA-nın həqiqi üzvü, professor Teymur Kərimli, elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva, rəyçiləri isə filologiya elmləri doktoru, professor Sənan İbrahimov, fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilova və filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfzadədir.
Klassiklərin Naxçıvana dair əlyazma abidələrinin, ayrı-ayrı yüzilliklərdə yaratmış olduqları əsərlərin düzgün elmi mətnlərini tərtib etmək və onları öz müəlliflərinə mənsub etmək, hər şeydən əvvəl ədəbiyyat və mədəniyyət tarixinin düzgün öyrənilməsi deməkdir.
Kübra VƏLİYEVA,
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi